Nuşirəvan Səfərovun şıdırğı biznesi
Tarix: 9-06-2015, 10:07 | Çap et
Nuşirəvan Səfərovun şıdırğı biznesi
Yol polisi bizim cəmiyyətin qınağı ilə daha çox üzləşən dövlət qurumlarındandır. Lakin etiraf etməliyik ki, yaddaşlara acı yumorla hopmuş fəaliyyəti ilə bəzən qan qaraldan "qai"lərimiz yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin əsas təminatçısıdır. Bu qurumu təmsil edənlərlə gündəlik təmaslarda qazandığımız emosiyaların bir müddət təsiri altından çıxa bilmirik.

Əlbəttə, arada bir narazılıqlar da olur. Qayda-qanuna isə riayət etmək hamımızın borcudur. Onu da deyək ki, yol polisinin fəaliyyətindən edilən şikayətlərin spektri müxtəlifdir. Bura sürücülər üçün yaradılan süni maneələri daxil etmək olar. Cərimələrin ödəniş forması da qaranlıqdır. Əslində ödənişlərin bank vasitəsilə aparılmalı olduğu halda, qeyri vasitələrə də əl atılır. Yol polisi şöbələrində bu məsələni inhisarda saxlayan əməkdaşlar var. Bu əməkdaşların seçilmiş obrazında BDYPİ rəhbərliyinin diqqət mərkəzində dayanması təbii ki, bir sıra məntiqi ehtimallara yol açır. Dislokasiya qaydalarına bilə-bilə heç nəyə məhəl qoymayaraq yol hərəkəti qaydalarının daha çox pozulduğu müşahidə olunan ərazilərdən kənara çıxan əməkdaşlar da az deyil. Onları şəhərin gözdən uzaq hansısa bir nöqtəsində pusquda görmək olar. Paytaxtın mərkəzində uzun tıxacların yaranmasına səbəb olan amillər bu cür biganəliklərin məhsulu deyilmi? Bildiyimiz kimi, I Avropa Oyunları ərəfəsində paytaxtın bir sıra əsas küçələrində "Oyunlar zolağı" salınıb. Bu zolağa düşənləri cərimə gözləyir. Məlumata görə indiyədək 8 minə yaxın sürücü necə deyərlər, "zolağın" güdazına gedib. Başa düşürük, dünyanın hər yerindən ölkəmizə təşrif buyuracaq qonaqların xoş təəssüratlarla qayıtmaları hər bir azərbaycanlı üçün vacib bir məsələdir. Yol hərəkətinin əsas iştirakçısı olan sürücülərimiz bunu nəzərə almalı, pozuntulara nədən ola biləcək hərəkətlərə yol verməməlidirlər. Eyni tələblər paytaxtımızın yol polisi əməkdaşlarına da aiddir. "Oyunlar zolağının" tətbiq edilməsindən çox-çox öncə gərəkli maarifləndirmə işləri aparılmalıydı. Sürücülərə bu zolağın əhəmiyyəti barədə məlumatlar verilməli, adaptasiya prosesi üçün müəyyən vaxt ayrılmalı idi. Lakin bu istiqamətdə yeni qaydaların bir göz qırpımında tətbiq edilməsi avtomobil sahiblərini xeyli çaşdırıb. Nəticədə "Oyunlar zolağı"nda oyuna düşən sürücülərin sayı həndəsi silsilə üzrə günbəgün artmaqdadır. İş o yerə çatıb ki, qaydaları pozan bir sürücü 5, 10, hətta 15 dəfə zolağın cəriməsini ödəməli olacaq. Belə getsə, cərimələrin ödənilməsi problemi üzə çıxa bilər. Bu sayaq təhdidlərlə yol hərəkətində qayda-qanun yaratmaq mümkün olmayacaq. Qanunla, yol patrul xidməti avtomaşınlarının restoranların ərazisinə daxil olması ümumiyyətlə qadağandır. Buna baxmayaraq Nuşirəvan müəllimin yol polislərini gündüzlər, özü də iş vaxtı restoran-kafelərdə görmək olar. Son zamanlar narahatlıq doğuran hallardan biri də nəzərdə tutulmayan yerlərdə saxlanmış nəqliyyat vasitələrinin evakuatorlar vasitəsilə cərimə meydançalarına daşınmasının az qala kütləviləşməsidir. Bu məsələnin artıq yol polisi əməkdaşlarının müəyyən hissəsinin biznes marağına daxil olmasına yəqin ki, çoxları etiraz etməz. Paytaxtın müxtəlif rayonlarında sıralanan cərimə meydançalarının günbəgün sərgilənən say artımı deməyə əsas verir ki, nəqliyyat vüsitələrinin evakuatorla "əkişdirilməsi" əməlli başlı biznesə çevrilib. Bəs bu şıdırğı biznesdən dövlətimizin büdcəsinə konkret nə qədər vəsait ödənilir? İnanın, rəqəmlər açıqlansa, maxinasiyaların miqyası da üzə çıxa bilər. Özünüz fikirləşin, əgər avtomobilinizi nəzərdə tutulmayan yerdə saxlayib, deyək ki, yaxınlıqdakı marketə azi 5 dəqiqəlik baş çəkmək fikrini reallaşdırsanız, xərcə düşmək zorunda qala bilərsiniz. Sizin nəsə vermək fikrində olmadığınızı görüb məsələni rəsmiyyətə salsalar, banka yüngül ödənişlə canınızı qurtara bilərsiniz. Lakin nəzərə almaq lazımdır ki, yalnız qanun işləyəndə bank yada düşür. Qalan bütün hallarda isə hamımız bilirik ki, ortada qeyri-rəsmi anlaşma var. Yəni qazancın əsas hissəsi evakuator "əkişdirmələrini” reallaşdıranların payına düşür. DYP tərəfindən formal mühafizə olunan cərimə meydançalarının əksəriyyətində maraqlı "halallıq kompleksi" gerçəkləşib. Burada cərimə ödənişi prosesi kameraların yaddaşına köçürülür.Cərimə qəbulu "məntəqə"lərindəki bütün proseslərin lentə alınması ola bilsin, məbləğin bölüşdürülməsi zamanı "yuxarıdakı" söz sahibləri arasında halallığa təminat verir. Nəzərə alsaq ki, Bakı kimi böyük şəhərdə gün ərzində minlərlə maşın evokuatorların "qəzəbinə" düçar olur, bu biznesdə əməlli-başlı işlək mexanizmin ustalıqla qurulduğunu asanlıqla yəqin etmək mümkündür. Hələ indiyə kimi evakuatorların gətirdiyi külli miqdarda gəlirlərin "xırıd" edilməsi də sirr olaraq qalır. Bu məsələ ilə məşğul olan özəl şirkətləri vergi hesabatları nədənsə ciddi yoxlanılmır. Digər tərəfdən, paytaxtımızda aparılan evakuasiya "əməliyyatlarının" effekti də gözə dəymir. Bu gün şəhərimizin istənilən yerində avtomobillərin qanunsuz park edilməsi hallarına rast gəlinir. Sürücülərin maşını piyadalar üçün nəzərdə tutulmuş səkilərdə saxlaması isə az qala kütləviləşib. Bunun qarşısının alınması DYP üçün doğrudanmı belə çətindi? Bakı Şəhər DYP rəhbərliyinin, şəxsən paytaxtın baş yol polisi Nuşirəvan müəllimin diqqətindən xəbərsiz baş verdiyini oxucular qarşısında iddia etmək bizcə, gülünc olardı. Odur ki, ilkin müşahidə materialı kimi bu yazıda yer alan qeydləri korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparan dövlət orqanlarının diqqətinə bağışlayırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net