Azərbaycan Texnologiya Universitetində dərəbəylik
Tarix: 13-05-2015, 09:09 | Çap et
Azərbaycan Texnologiya Universitetində dərəbəylik
Ölkəmizin təhsilli və savadlı gənclərə ehtiyacı var. Sirr deyil ki, son zamanlar təhsil sisteminin təkmilləşdirilməsi məqsədilə dövlət səviyyəsində müxtəlif layihələr həyata keçirilib və bu sahədə rüşvət meyllərinin aradan qaldırılması istiqamətində lazımi addımlar atılıb. Ali məktəblər sözsüz ki, təhsilimizin bel sütunu sayılmalıdır. Amma bu gün ali təhsil qurumlarının yetərli hissəsində müxtəlif neqativ hallar nəzərə çarpmaqdadır.

Düzdür, Təhsil Nazirliyinin və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları mütəmadi olaraq təhsil müəssisələrində yoxlama aparır, qanun pozuntularının qarşısını alırlar. Bununla belə, bəzi universitetlərdə özbaşınalıq baş alıb gedir. Ötən saylarımızda Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universitetində (ATU) hökm sürən problemlərə toxunmuş və rektor Akif Süleymanovun işinin öhdəsindən layiqincə gələ bilməməsini yazmışdıq. Universitet rəhbəri hələ ki, yazdığımız tənqidlərdən heç bir nəticə çıxarmayıb. Nə də ki, yazılanlara münasibətini bildirib. Etibarlı mənbələrdən aldığımız məlumatlara görə, təhsil müəssisəsində vəziyyət stabilləşmək əvəzinə, hər keçən gün bir az da pisləşir: "Texnologiya Universiteti bir vaxtlar Azərbaycanın ən qabaqcıl təhsil müəssisələrindən hesab edilirdi. Burda ölkə elminə bənzərsiz töhfələr bəxş edən neçə-neçə dəyərli şəxsiyyətlər yetişib. Lakin son illər universitet əvvəlki əzəmətini itirib. Bunun səbəbkarı isə rektor, ətrafında olan bəzi dekan və müəllimlərdir. Akif müəllim 2013-cü ilin mart ayında bu vəzifəyə təyin edilib. Aradan keçən iki il ərzində universitetdə yaxşılığa doğru heç bir dəyişiklik baş verməyib. Belə ki, yenə də köhnə problemlər öz aktuallığını qoruyub saxlayır. Keçmiş rəhbərliyin dövründə tələbələrin dərsə davamiyyəti çox aşağı idi. Hətta bəzi tələbələr dekanlara ayda müəyyən miqdarda hörmət edərək dərsə gəlmirdilər. Digər tərəfdən, imtahan sessiyaları zamanı dəhşətli qanunsuzluqlar qeydə alınırdı. Tələbələrin bilik və bacarığı nəyinsə qarşılığında qiymətləndirilirdi. Rektor dəyişəndə tələbələr, eləcə də bir sıra müəllimlər problemlərin həll ediləcəyini gözləyirdi. Təəssüf ki, universitet rəhbəri illərdən bəri yığılıb qalan xoşagəlməz işlərin aradan qaldırılması üçün cəhd belə göstərmədi. Bir neçə gündən sonra yay imtahan semestri start götürəcək. Artıq indidən əksər tələbələr qayğılı görünür. Onları qınamıram, çünki deyilənə görə, bu imtahan sessiyasında qiymətlərə ciddi dəyişiklik edilib. Yəni ötən semestrdə 60-a görülən iş, indi 80-ə qalxıb. Bu "tariflər" tələbələrin büdcəsi ilə heç cür uyğun gəlmir. Tələbə bilmir əyninə paltar alsın, kirayə pulunu ödəsin, yemək yesin, yoxsa imtahanların, qaiblərin haqqını çatdırsın. Bu adam Azərbaycan Texnologiya Universitetində elə "qaydalar" müəyyənləşdirib ki, buna tab gətirmək hər tələbənin işi deyil. Məsələn, dərsə yarım dəqiqə gecikən tələbəyə dərhal qaib yazılır. Dekanlara və müəllimlərə dərsə gecikən tələbələrə güzəşt etməmələri tapşırılıb. Təbii ki, rektor bunu təhsilin səviyyəsini yaxşılaşdırmaq üçün yox, öz maraqlarını təmin etməkdən ötrü həyata keçirir. Belə ki, sözügedən ali məktəbdə qaibə görə də tələbələrdən nəysə umulur. Kimsə limiti keçsə, məsələ rektorluq səviyyəsinə qədər qaldırılır. Bundan istifadə edən prorektorlar, eləcə də Akif müəllimin özü həmin tələbəni ali məktəbdən kənarlaşdıracağı ilə hədələyir. Belə olan təqdirdə tələbələr dekanlarının vasitəçiliyi ilə universitet rəhbərliyinin hədəfindən yayınmağı bacarırlar. Bu proses onlara elə də asan başa gəlmir". Rektorun, həmçinin bəzi dekanların törətdiyi qanunsuz əməllərdən xəbərdar olduğunu deyən mənbənin iddiasına əsasən, standartlaşdırma və texnoloji maşınlar, qida məhsullarının texnologiyası və turizm, iqtisadiyyat və idarəetmə, istehlak mallarının texnologiyası və ekspertiza fakültələrində keyfiyyətli təhsil anlayışı keçmiş zamanda qalıb: "Burda öz savadı ilə imtahan verən tələbə tapmaq müşkül məsələdir. Rektorluğun yersiz tələbləri tələbələri ruhdan salıb. Onlar oxusalar da, oxumasalar da, imtahan vaxtı hamı kimi "rüsum" verməlidir. Yoxsa imtahandan kəsilib kəsrə qala bilərlər. Kəsir imtahanları isə baha başa gəlir. Belə çətin vəziyyətə düşməmək üçün tələbələr istəniləni verib təhlükədən sovuşurlar. Universitetdə qayda-qanun, nizam-intizam yox dərəcəsindədir. Akif müəllim rektor vəzifəsinə keçəndən sonra təcrübəli işçilərin bir neçəsini təhsil ocağından kənarlaşdırıb. Hazırda universitetin fəaliyyəti, ümumi təhsil səviyyəsinin göstəriciləri çox zəifdir. Fakültələr üzərində nəzarət yoxdur, tələbələrin davamiyyətinə diqqət yetirilmir". Deyilənləri araşdırmaq üçün ATU-nun rektoru ilə əlaqə yaratmaq istəsək də, cəhdlərimiz bir nəticə vermədi. Yaxın günlərdə Akif Süleymanov və komandasının törətdiyi fəsadlar haqda böyük araşdırma yazısı dərc edəcəyik. Bizi izləməyi unutmayın.
Vertikal.az





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net