Lənkəran Humanitar Kollecində nələr baş verir?
Tarix: 1-02-2016, 08:58 | Çap et
Lənkəran Humanitar Kollecində nələr baş verir?
Ötən günlərdə Lənkəran Dövlət Humanitar Kollecində (LDHK) baş verənlərlə bağlı məlumat vermişdik. Rayon ziyalılarından birinin ünvanladığı məktuba əsasən hazırlanmış yazıda bir sıra mətləblərdən bəhs olunurdu. Əsasən də kollecin direktoru Ruslan Həmidovun fəaliyyətindəki qüsurlardan danışılırdı.

Bu gün Vertikal.az-a sözügedən kolleclə bağlı daha bir məktub daxil olub. Nizami Axundov adlı şəxs yazır ki, LDHK-nin direktoru Ruslan Həmidov pul yığılması üçün yeni mexanizmlər yaradıb. Onun sözlərinə görə, yeni mexanizmə əsasən tələbələr kəsrdə saxlanılır, sonra isə onlardan pul alınaraq qiymətləri yazılır. «Kəsrdə saxlanılmış tələbələrin qiymət almaları üçün 50 manat istənilir. Bu işləri isə kollecin musiqi şöbəsindən Günay İsgəndərova, Xuraman Ələkbərova və müavin Aysel Mehdiyeva həyata keçirirlər».

Nizami Axundov qeyd edir ki, kollecdə fəaliyyət göstərən bufet antisanitariya şəraitində işləyir. O bildirir ki, Ruslan Həmidov bufetin varlığını vergi işçilərindən gizlətməklə yanaşı, onu başqalarına icarəyə verib. «Heç bir yerdə qeydiyyatda olmayan bufet aylıq 300 manata Ağa adlı şəxsə icarəyə verilib».

Vertikal.az-a yazan şəxs vurğulayır ki, LDHK-da büdcə vəsaitləri də təyinatı üzrə bölünməyib. Onun iddiasına görə, vəsaitlər kiminsə cibinə xidmət edir. «Ruslan Həmidov bu günlərdə bir günə 12 min manatlıq dəftərxana ləvazimatları aldığını bildirsə də, ondan kimsənin faydalandığı qeydə alınmayıb. Ruslan musiqi şöbəsinin müdiri Fikrətlə birləşərək 86 min manatı, guya, şöbənin təmirinə sərf edib. Əslində isə o, bu pulu işə götürdüyü meyxanaçı Natiqin əliylə xərcləyib. Natiq isə hazırda Rusiyadadır».

Nizami Axundov yazır ki, hazırda kollecdə tələbələrin təqaüdləri, müəllimlərin maaşları düzgün hesablanmır. Bu səbəbdən də narazılıq yaranıb. «Kollecin ingils dili müəllimi Aysel Mehdiyeva heç bir rəhbərlik təcrübəsi olmadan kollecə birbaşa tədris hissə müdiri vəzifəsinə təyin edilib. Bunun səbəi də odur ki, Mehdiyeva Həmidovla əlbir olaraq kollecə bərpa olunan tələbələrin qeydiyyatını aparmaqdan ötrü pul yığmağa vasitəçilik edir. Tələbələrə diplomlar 100 manata verilir».

Şikayətçi daha sonra vurğulayır: «Kollecin qiyabi şöbəsinin müdiri Xuraman Ələkbərova bir tələbədən semestr imtahanı üçün 150-200 manat, kurs işi üçün 30 manat, yoxlama yazı işi üçün 20 manat, sonuncu kurs tələbələrindən dövlət imtahanları üçün 300-400 manat yığır. Xuraman xüsusi dəftər ayıraraq, pul aldığı tələbələrin adlarını oraya yazır və həmişə çantasında daşıyır».

Nizami Axundov digər iddialar da irəli sürüb. Məsələn, o iddia edir ki, kollecin musiqi şöbəsinin müdiri Fikrət Kərimli semestr imtahanı üçün bir tələbədən 150-200 manat, son kurs tələbələrindən dövlət imtahanı üçün 250-300 manatdan pul yığır. «Ona bu işdə kömək edən isə Günay İsgəndərovadır».

Lənkəran Humanitar Kollecində nələr baş verir?

Vertikal.az-a məktub göndərən sözügedən şəxs onu da bildirir ki, kollecin Pedoqoji Təcrübə rəhbəri diplomqabağı pedoqoji təcrübədə iştirak edən tələbələrin qiymətlərini şişirtməklə məşğuldur. «Bunun üçün 100 manat istənilir. Əlavə olaraq, təcrübədən yayınmaq üçün 200 manat əlavə tələb olunur. Kollecin bədən tərbiyyəsi müəllimi Fəriz Salayev və baş laborant komissiya üzvü təyin edilərək, kəsr imtahanlarına görə hər bir tələbədən 50 manat alırlar».

Maraqlı hallardan biri də odur ki, kollecin psixoloqu və tərbiyyə hissə müdiri Ruslan Həmidovun təlimatı əsasında tələbələri aylığa buraxırlar. Nizami Axundov iddia edir ki, hazırda 1 günlük icazənin qiyməti 10 manat, ir həftə üçün 40 manat, yarım aylıq 100 manat, 1 aylıq isə 200 manatdır. «Aylarla dərsə gəlməyib, Bakıda və ya Rusiyada yaşayan tələbələr var ki, onlardan hər ay 300 manat alınır».

Vertikal.az-a müraciət edən şəxs sonda Lənkəran Dövlət Humanitar Kollecində bir sıra neqativ halların olduğunu da bildirir. Onun iddiasına görə, kollecdə qanunsuz tələbə köçürmələri, tələbə qəbulları, maliyyə vəsaitlərinin mənimsənilməsi, tələbələrə qarşı hüquqazidd hərəkətlərin edilməsi, kadrların qeyri-şəffaf yerləşdirilməsi kimi işlər adi hala çevrilib. «Kollecdə bəzi dərslər ümiumiyyətlə tədris olunmur. Qiyabi şöbədə dərslər tədris proqramına görə tərtib edilməyib. Təhsil sənədlərinin alınması, paylanılması və uçotunun aparılmaması da bu qəbildəndir».

Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net