Lənkəran Dövlət Universitetinin müəllimi kükrədi: “Sizə nifrət edirəm” - “Mən Azərbaycan KİV-lərini izləmirəm”
Tarix: 15-02-2018, 06:21 |
Çap et
Hurriyyet.org-un Lənkəran Dövlət Universitetində nələr baş verir?
(http://hurriyyet.org/xeber/lenkeran_dovlet_uniuversitetinde_neler_bas_verir) yazısı böyük ajiotaj doğurub. Yazının dərcindən sonra redaksiyamıza zənglər daxil olub. Yazıdakı məqamlara razılıq bildirilib və hətta LDU-dan paytaxt universitetlərinə tələbə köçürülmələriylə bağlı əlavə məlumatlar da verilib. Redaksiyaya daxil olan bu və ya digər informasiyalarla bağlı hazırda araşdırma aparırıq. Bu məlumatların nə qədər həqiqətə uyğun olub-olmamasıyla əlaqədar Təhsil Nazirliyinə etdiyimiz müraciətə cavab verildikdən sonra mövzuya yenidən qayıdacağıq.
Mövzuyla əlaqədar oxucularımıza təqdim etdiyimiz bu yazı isə özünü Lənkəran Dövlət Universitetini yaradanlardan biri kimi təqdm edən Ənvər Şahqubadbəylinin mövqeyidir. Əlbəttə tənqidə qarşı dözümsüz müəllifin qərəz və kinlə dolu bu yazısını bir ziyalı adına yaraşdırmırıq. Çünki LDU haqqında sözügedən yazını bu şəxsin sonadək diqqətlə oxumadığı açıq-aydın görünür.
Hurriyyet.org etika daxilində, “KİV haqqında” qanunun tələblərinə uyğun olaraq redaksiyaya verilən məlumatlar əsasında və LDU-nun mövqeyinə yer ayırmaqla, heç bir qərəzə yol vermədən bir ali təhsil müəssisəsi barədə yazı verib. Şübhəsiz iş olan yerdə nöqsan da olur. “Mətbuat cəmiyyətin güzgüsüdür” prinsipinə uyğun olaraq hurriyyet.org hər zaman bu nöqsanların aradan qaldırılmasına tərəfdardır.
Öz peşəmizə olan sayğımızdan iradları həzm etməyən LDU əməkdaşının mövqeyni nöqtə-vergülünə toxunmadan dərc edirik: “Mən 1993-cü ildən Lənkəran Dövlət Universitetində çalışıram. Biz bu universiteti, necə deyərlər, heçdən yaradanlarıq, onun tarixinin canlı şahidləriyik. Ona görə də onun haqqında deyilən xoş söz də, bəd söz də bizim üçün təsirsiz keçmir. Məhz bu səbəbdən, sizin yazıda yer almış bəzi fikirlərinizə münasibət bildirməyi vacib saydım.
Bu başdan deyim ki, mən Azərbaycan KİV-lərini (elektron da daxil olmaqla) demək olar ki, izləmirəm. Səbəb aydındır. Sizin yazını isə oxumağı mənə bizim mətbuat xidmətinin rəhbəri məsləhət bildi. Oxudum, və bu başdan deyim ki, qəzetinizə də, sizə də sadəcə nifrət etdim. İndi də bu cavabı yazmaqla itirdiyim vaxtı, sizin kimilərə halal eləmirəm.
Ən əvvəl yazınızın girişi ilə bağlı: Keçmiş rektor işdən Respublika Prezidentinin fərmanı ilə azad olundu. Onun işdən azad olunması ilə fərmanda sizin dediyiniz kimi “universitetdə baş verən neqativ hallar və özəlliklə rüşvət faktoruna görə” sözləri deyil, “elmdə və təhsildə göstərdiyi xidmətlərə və qazandığı nailiyyətlərə görə Şöhrət ordeni ilə təltif edilsin” sözləri yazılmışdı. İlk cümlənizdən artıq yazınızın başdan-başa qərəzli, sifarişli olacağı görünürdü və göründü də...
Formal şəffaflıq yeniliyi ilə bağlı: Nəyə görə formal adlandırırsınız? Nə məlumatlar sızıb sizin mətbuata? Məgər universitetlərə qəbul zamanı ixtisaslar üzrə keçid ballarını universitetlər müəyyənləşdirir? Budurmu sizin mətbuatınıza sızan məlumat? Kül o mətbuatın başına ki, bunu SIZAN MƏLUMAT adlandırır. Orta məktəb uşağı da bilir ki, keçid ballarını DİM müəyyənləşdirir və bu barədə məlumat internet vasitəsilə bütün dünyaya elan olunur. Siz bunamı sızan məlumat deyirsiz? Gülüncdü, vallah. Bəli, universitetdə İctimai Şura yaradılıb. Və o, çox aktiv də fəaliyyət göstərir. Bu şura, siz dediyiniz kimi, tələbələrin bilik səviyyəsinin yüksəldilməsi üçün yaradılmayıb. Bilik səviyyəsinin yüksəldilməsi üçün görülən tədbirlərin öz adı var (istəsəniz, bu məqsədlə LDU-da gedən proseslər və görülən işlər barədə sizə məlumat da verə bilərəm). İctimai Şuranın statusu da, missiyası da, tamam başqadı. Əlbəttə, onun fəaliyyəti tədrisin keyfiyyətinə də müsbət təsirini göstərir və bunu sübut etmək üçün son 3 semestrin nəticələrini qarşıya qoyub analiz etmək kifayət edər. Sizə müraciət edən tələbələr və onların valideynləri isə bilməlidirlər ki, tədris proqramlarını universitet sərbəst müəyyənləşdirmir. Tədris proqramlarının müəyyənləşdirilməsi üçün vahid dövlət standartı var və bütün ali təhsil müəssisələri öz fəaliyyətində bu standartları əsas tutur. Əgər sizə müraciət edən tələbələr həmin standartlara cavab verə bilmirlərsə, onda onların yeri universitetlər, eləcə də bizim universitet deyil və universitetlərə heç kəsi məcbur gətirmədikləri kimi, heç kəsi də burada məcbur saxlamırlar.
Keçid balları ilə imtahan sualları tərs mütənasibdir deyirsiz: Maraqlıdı. Harda universitet sessiya üzrə imtahan suallarını keçid ballarına uyğunlaşdırır? Belə bir qaydanı harda oxumusuz? Universitetlərdə tədris ora daxil olan tələbənin ballarına uyğun qurulmur. Sizin deməyinizdən belə çıxır ki, 150 balla universitetə qəbul olunmuş tələbəyə universitetdə təzədən 11 illik orta məktəb təhsili verilməlidi? Xeyir, universitetə qəbul olunmuş tələbə sənədlərini təqdim edib qeydiyyatdan keçərkən, topladığı baldan aslı olmayaraq, universitetlə müqavilə bağlayır. Həmin müqaviləyə əsasən universitet üzərinə ona, təhsil səviyyəsinə uyğun deyil, ali məktəb proqramına uyğun dərs keçəcəyini bildirir. Əgər qane etmirsə, tələbə həmin müqavilədən zamanında imtina etməli və onu imzalamamalıdı. Əgər imzaladısa, tədris müddətində proqramı qavraya bilmirsə, könüllü şəkildə universiteti tərk etməli, bacardığı işlə məşqul olmalıdı. Bu aksiomadı və bütün dünyada belədi. İmtahan sualları çətin və mürəkkəbdi deyirsiz. 1-cisi, imtahan sualı o vaxt çətin olur ki, tələbə onu öyrənmir, yəni bilmir. 2-cisi imtahan suallarının çətinliyi barədə dərs zamanı danışmaq lazımdı, imtahandan kəsiləndən sonra yox. LDU-da dərs deyən müəllimlər, dərs cədvəlindən aslı olmayaraq, günün 8 saatı həmişə kafedralardadırlar. Bu, rektorun tələbidir. Bir tələbənin sualı cavabsız saxlanılmamalıdı. Hər iki tədris korpusunda Elmi kitabxananın oxu zalları fəaliyyət göstərir. Çox maraqlıdı, o hansı tələbədi ki, müəllimə sualla müraciət edib cavabsız qalıb? Əgər belə bir fakt varsa, o, niyə sizdən kömək gözləyir? Siz məgər təhsil ekspertisinizmi? Mən sizi əmin edirəm ki, tələbənin fənnlə bağlı sualını cavablandırmaqdan imtina etmiş müəllimin bizim universitetdə yeri yoxdur. Bundan yazın, boş-boş, şər böhtan yazmaqla nə qazanmaq istəyirsiz? Universitetin E-LSU səhifəsində getmiş məlumatları guya analiz edib nəticə çıxarırsınız. Axtarın-baxın, hansı universitetdə akademik qrupların elektron jurnalı, imtahana giriş və imtahandan toplanılmış balları bu qədər şəffaf, bütün ictimaiyyət üçün açıq şəkildə verilir? Sizcə bu şəffaflıq deyilmi? Məgər siz bizm sizlər üçün yaratdığımız o şəffaf mühitdən istifadə edib bizi tənqid etmirsinizmi? Mövqeyiniz gülüncdür, xanım, inanın ki, ağıllı, bir qədər də məntiqi olan hər bir kəs yazınızı oxumaqla sizə sadəcə yazığı gələr. Çünki, bu yazının hətta stilindən də hiss olunur ki, sifarişlidir. Yazıqlar sizə və o sifarişi verənlərə!
“8 tələbənin 6-sına “2”” yazılmasında, yuxarıda göstərdiyim səbəblər üzündən qeyri-adi heç nə yoxdur. Bu hal bütün tədris qruplarında təkrarlanmır ki? Bəli, dekanlıqlardan, “əksər tələbələr qeyri-kafi qiymət alıb deyə imtahanın cavabı açıqlanmır, rəhbərliyin qərarı gözlənilir” deyə bilərlər. Bu, o demək deyil ki, rəhbərlik həmin yazıları qabağına qoyub qiymət dəyişdirir. Həmin yazılar, təkrar-təkrar yoxlamalardan keçirilir. Bəzən bu işə tamam başqa universitetdən, mütəxəssis cəlb olunur. Əgər müəllimin birinci yoxlaması ilə sonrakı yoxlamalardan alınan nəticələr üst-üstə düşürsə, cavablar dərhal internetdə hamının görə biləcəyi qədər (hətta, sizin də) açıq şəkildə yerləşdirilir. Üst-üstə düşmürsə, araşdırmanın davam etdirilməsinə ehtiyac yaranır, belə imtahanların nəticələri ləğv olunur, tələbələr tam yenidən imtahana buraxılır. Hər bir halda, birinci növbədə tələbələrin maraqlarının qorunmasına üstünlük verilir. Bu, ağ yalandır ki, apellyasiya şikayəti vermək istəyən tələbənin müraciəti, “müddət bitib” deyə qəbul olunmur. Göstərin həmin tələbəni! - Bəli, var belə tələbələr, yatır-yatır, apellyasiya vermək üçün ayrılmış müddət bitdikdən sonra buyurub gəlir ki, “mən apellyasiya vermək istəyirəm”. Eləsinə, “apellyasiya vermək müddəti bitib” deyilir! Çünki, imtahan sessiyasının təşkili və keçirilməsi ilə bağlı LDU üzrə verilmiş müvafiq əmrdə “Apellyasiya şikayəti haqqında” xüsusi bənd var. O bəndin tələbinə görə, apellyasiya şikayəti vermək istəyən tələbə imtahan nəticəsi elan olunduqdan 24 saat ərzində bunu edə bilər. Əks halda onun müraciətinə baxılmır. Yoxsa, tələbə imtahanı verib nəticəni gözləmədən evinə (əsasən uzaq rayonlardan olanlar) qaçırsa və nəticə elan olunduqdan sonra vaxtında gəlib müraciət etmirsə, universitet ona başqa nə şərait yaratmalıdır ki? Deyim ki, göstərilən əmrin tam məzmunu, LDU saytında yerləşdirilib. O şəkilləri internet səhifədən götürüb yazınıza yerləşdirəndə, səhifədə verilmiş, dediyim həmin məlumatlarla da bir tanış olardız gərək. Ayıbdı axı! Bu qədər bəsit düşünməkmi olar? Siz heç fərqində deyilsiz ki, bu tipli, sonadək araşdırılmamış çiy yazılar yazıb, onu ictimailəşdirməklə, həm də jurnalist adına bir ləkə gətirirsiniz!!!
Auditoriyalarda dərs keçilmir, deyirsiz: Siz bilirsinizmi ki, Avropada, Boloniya sisteminə qoşulmuş aparıcı ali məktəblərdə mühazirə dərslərinə davamiyyət könüllüdü? Əsil həqiqətdə, tələbə semestrin əvvəlində dərs üzrə materialları götürməlidi və onları öyrənməli, imtahanla tamamlamalıdı. Əslində tələbə növbəti mövzunu artıq dərs keçilməmiş öyrənib gəlməlidir. Dünyanın ən tanınmış ali məktəblərində distant təhsil deyilən bir təhsil növü var. Orda tələbənin dərslərdə sinxron olaraq iştirakı heç vacib deyil. Müasir təhsil sistemində, auditoriya məvhumu şərti xarakter daşıyır. Tələbə üçün də gündəlik 8 saat, müəllim üçün də gündəlik 8 saat iş-dərs vaxtı ayrılır. Sizə şikayət edən tələbəyə deyin ki, auditoriyada dərs keşilmirsə, o müəllimin təhkim olunduğu kafedra var, dekanlıq var, universitet rəhbərliyi var və s. Niyə bu barədə vaxtında “həyəcan təbili çalmırdı”? Niyə gedib aşağı qiymət alandan sonra bu yadına düşdü? Dedinizmi? – Yox, demədiniz!...
Meşəçi fizikanı necə bilməlidir, sualına yəqin ki, bu sahə üzrə mütəxəssislər daha yaxşı cavab verər və verəcəklər də... Amma bir şey dəqiqdir: meşəçi fizikanı həkimdən az bilməməlidir. Bununla yanaşı, mən bir məsələni də mütləq vurğulamaq istəyirəm ki, imtahan suallarının sayı, semestr boyunca tədris olunan materialın kredit sayından bir başa aslıdır. Dərs saatları çoxdursa, imtahan sualları da çox olacaqdır. Azdırsa, az olacaqdır. Sualların məzmunu ilə bağl isə artıq danışıldı.
Deyirsiz ki, tələbələr bildirirlər ki, onlar imtahan prosesində imtahan proqramı ilə təmin olunmurlar? İmtahan proqramı dedikdə, yəqin ki, söhbət imtahan suallarından gedir. Deyim ki, LDU-da imtahan sualları ilə zənginləşdirilmiş fənn sillabusları artıq tələbə dərsə başlayanda, yeni semestrin ilk günündə ona verilir. Kim götürmürsə, bu onun öz günahıdı. Yenə təkrar edirəm, LDU-da bir müəllim fənn sillabusu olmadan dərsə girə bilməz. Sizi məlumatlandıran tələbələr, əgər müəllimlərinin arasında beləsi varsa, adını çəksinlər. Məlumatları təsdiqlənərsə, həmin müəllimlə əmək müqaviləsinə o andaca xitam verilər.
Nə isə, yazınızı oxudum və gördüm ki, qalan sullarınızla bağlı universitetin mətbuat xidmətinin rəhbəri sizə aydın cavablar verib. Əgər bütün bunlar sizə çatmırsa, onda təhsildən yazmayın! Bilin ki, təhsildən, tədrisdən yazmaq sizlik deyil.
Hələlik bu qədər”.
P.S. Mövzunun davamı olacaq