Azərbaycan uğrunda geosiyasi savaş yeni mərhələdə
Tarix: 13-07-2015, 09:46 |
Çap et
“Qoşulmamaq hərəkatı”nın üzvü olan Azərbaycan ötən həftə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) qoşulmaqla (tərəfdaş statusunda) xarici siyasətində maraqlı bir yeniliyə imza atdı. ABŞ-la Bakının gərgin münasibətləri fonunda və həssas bir dönəmdə reallaşan bu addım siyasi təhlilçilərdə dərhal sual yaratdı ki, doğrudanmı, Bakı balanslı siyasətdə balansı Qərbin deyil, Şərqin - Rusiyanın, Çinin xeyrinə dəyişmək istəyir?
Sual həm də ona görə aktualdır ki, xarici siyasət kursunda kardinal dəyişiklik Azərbaycanın sığındığı təhlükəsizlik çətirinin də dəyişməsi deməkdir. İstənilən halda, “Şanxay gedişi” Rusiyanın, konkret olaraq isə Putinin Azərbaycan uğrunda Qərblə, ABŞ-la rəqabətdə taktiki uğuru sayıla, onun aktivinə yazıla bilər.
***
Məhz “Şanxay demarşı”nın ertəsi günü ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi, Rusiyanın “Türk axını” layihəsini əngəlləyən əsas fiqur kimi tanınmış Amos Hokstaynın Bakıya səfər etməsi, səfər çərçivəsində prezident İlham Əliyevlə görüşməsi, görüşdən sonra keçirdiyi brifinqdə isə “ABŞ-ı Azərbaycanla təkcə neft-qaz məsələsi birləşdirmir” söyləməsi maraq doğurur və diqqət çəkir; eyni zamanda, özündə Moskvaya və Bakıya ünvanlı müəyyən çatdırışlar daşıyır.
O da diqqətçəkicidir ki, son olay və gəlişmələr yüksək çinli amerikalı generalların ABŞ-ın milli təhlükəsizliyinə ən böyük təhlükənin məhz Rusiyadan qaynaqlandığı barədə verdikləri bəyanatlar, Moskvanın “1 nömrəli düşmən” elan edilməsi fonunda yaşanır. Məsələn, belə bəyanatla ötən həftə ABŞ-ın Baş Qərargah rəisi vəzifəsinə əsas namizəd, dəniz piyadaları generalı Cozef Danford çıxış edib.
“Əgər siz ABŞ-a real təhlükə kəsb edən ölkədən danışmaq istəyirsinizsə, mən Rusiyanı qeyd eləməliyəm. Əgər siz Moskvanın davranışına nəzər salsanız, bu, narahatlıq doğurur. Rusiya bizim milli təhlükəsizliyimizə ən böyük təhlükədir”, - deyə general ABŞ Senatında namizədliyi müzakirə olunarkən qeyd edib.
2-ci təhlükəli ölkə kimi o, Çinin (ŞƏT-in ikinci əsas dövləti), sonra Şimali Koreyanın və İŞİD-in adını çəkib. General həmçinin, Ukraynaya ölümcül silahların verilməsini vacib sayıb. Onun sözlərinə görə, belə hərbi kömək olmadan Ukrayna özünü Rusiya işğalından qoruya bilməz. Ondan az əvvəl isə ABŞ Hərbi-Hava Qüvvələrinin naziri, general Debora Ceyms Rusiya təhlükəsi haqda eyni fikri səsləndirmişdi.
“Rusiyaya qarşı sanksiyalar həmişəlik qala bilər”. Bu fikri isə Rusiya rəsmilərindən biri keçən həftə Moskvanın Qərblə münasibətlərinin yaxın perspektivindən danışarkən deyib. Yəni Rusiya Krımı qaytarmayacaq, sanksiyalar rejimi də qalacaq. Bu da o anlama gəlir ki, Rusiya və ABŞ-ın təsir dairəsində olan kiçik ölkələrə, o cümlədən Azərbaycana tərəflərdən birinin münasibətində gərginlik də saxlanacaq, bu ölkələr gec-tez düşərgə seçimi ilə üzləşəcək.
Bu qəbildən açıqlamalar, sözsüz ki, iki fövqəlgücün münasibətlərindəki mövcud atmosferi yaxşı xarakterizə edir...
***
Bu arada Azərbaycanın da daxil olduğu Güney Qafqaz uğrunda Rusiya-Qərb savaşına dəxli olan, lakin ilk baxışda kiçik görünə biləcək daha bir faktı vurğulamaq yerinə düşər. Söhbət iki gün öncə Cənubi Osetiyadakı rus hərbçilərinin Bakı-Supsa kəmərinin bir hissəsini ələ keçirməsindən gedir. Belə ki, Gürcüstanın Tsxinvali bölgəsində Rusiya hərbçiləri işğal xəttini daha 1 kilometr qabağa çəkərək bilavasitə bp-nin boru xəttinə yaxınlaşdırıblar. İndi bu xətt strateji Bakı-Supsa kəmərinin cəmi 50 metrliyindən keçir.
Nəzərə alanda ki, Cənubi Osetiyadakı Rusiya qüvvələri işğal xəttində qoyulmuş baryerin 100 metrlik radiusunu “neytral zona” elan ediblər, demək, strateji kəmərin bir hissəsi artıq işğal altında sayıla bilər.
Bu, əslində Bakıya da, Qərbə də xəbərdarlıq mesajıdır ki, fors-major vəziyyətlərdə Moskva istəsə, həm bu kəmərə, həm də Bakı-Tiflis-Ceyhan neft xəttinə, bütövlükdə Qərbin regiondakı strateji maraqlarına və tərəfdaşlarına böyük təhlükə yarada bilər - necə ki, 2008-ci ilin avqustunda Gürcüstana qarşı “5 günlük müharibə” zamanı bunu əyani nümayiş etdirmişdi. Onu da vurğulamağın yeri var ki, vaxtaşırı erməni işğalçı qüvvələrinin komandirləri də boru xətlərinə analoji hədələr səsləndirirlər. Ermənilərsə, adətləri üzrə, öz “dilləri” ilə danışmırlar...
***
Sadalananlara nəzərən, Azərbaycan uğrunda Qərb-Rusiya rəqabəti növbəti, daha sərt mərhələyə adlamış kimi görünür. Bu mərhələnin necə bitəcəyi həm də Bakıdan və onun çevik addımlarından asılı olacaq. ABŞ-Rusiya rəqabətinin sonucu (nəticəsi), söz yox ki, Dağlıq Qarabağ probleminin həll perspektivində də, işğal altındakı digər ərazilərimizin taleyində də ciddi iz buraxa bilər.
Azərbaycanı “nifaq alması” kimi qiymətli edən, qlobal güclərin rəqabətinə sanbal qatan həm də bu məsələdir. Çin-Rusiya geosiyasi cütlüyü, yoxsa ABŞ-Avropa tandemi Qarabağa daha ədalətli tale, daha real və cəlbedici həll modeli vəd elə bilər? Hazırkı mərhələnin ən mühüm özəlliklərindən biri elə budur...
Azərbaycan üçün seçim elə də uzaqda deyil. Bizdən ötrü bu dilemma, qeyd olunduğu kimi, ən əvvəl Qarabağ məsələsinə görə önəm kəsb edir. Yəqin ki, rəsmi Bakı xarici siyasət oriyentirlərinə yerli və xarici amillərin diktəsi ilə düzəlişlər edərkən sonuncu faktoru da ciddiyə alır.
Bu mənada Azərbaycanın ŞƏT-ə qoşulmaq planı ilk növbədə Qarabağ məsələsində Bakının ədalət umduğu, fəqət görmədiyi Qərbə bir siqnaldır ki, öz mövqeyinə yenidən baxsın. Ola bilsin, yeni mərhələdə Rusiya və Çinə bağlanan ümidlər də özünü doğrultmasın, ancaq bu - siyasətdir və siyasətdə vaxtaşırı mümkün olmayan da reallaşır.
Analitik xidmət