Şamaxı Telekommunikasiya Qovşağının rəisinə ilginc ittihamlar
Tarix: 10-07-2015, 13:17 |
Çap et
“Faiq Hümbətov neçə ildir ki, Şamaxı TKQ-nın rəisi işləyir. İşlədiyi bütün illər ərzində demək olar ki, idarəyə öz şəxsi şirkəti kimi baxıb. İdarədə korrupsiya baş alıb gedir”. JAM.AZ xəbər verir ki, bu sözlər “Aztelekom” İB-nin Şamaxı TKQ-nın kollektivinin dövlət başçısına ünvanladığı müraciətdəndir.
Onlar yazırlar ki, idərənin daxilində işçilərin maaşı iki istiqamətdə verilir. “Belə ki, işçilərin əksəriyyəti maaşı sovet dövründə olduğu kimi daxili kassadan verilir. Cüzi sayda işçilərin maaşı isə kartla buraxılır. Həmin daxili kassada olan pullar isə işçilərə maaş kimi hissə-hissə verilir. F.Hümbətovun oğlanları həmin kassadan istədikləri vaxt pul götürüb xərcləyirlər və sonradan həmin pulu yerinə qoymurlar. Bu isə işçilərin maaş almalarında çətinliklər yaradır. İşçilər maaşlarını 2 aydan, 4 aydan bir alırlar, onu da hissə-hissə”.
“Aztelekom” İB-nin Şamaxı TKQ-nın kollektivi bildirir ki, F.Hümbətov açıq-aşkar RYTN-nin aparat rəhbəri Vidadi Zeynalova arxayın olaraq bu işləri gördüyünü deyir. “Bu həmin V.Zeynalovdur ki, onun Şamaxının Məlhəm və Çuxuryurd kəndləri arasında böyük bir istirahət mərkəzi fəaliyyət göstərir və buraya da F.Hümbətov və oğlanları nəzarət edir. Onun böyük oğlu Famil Hümbətov narkotik maddələrin istifadəçisi olması səbəbindən polis sistemindən qovulub, kriminal aləmdə “ad” qazanıb. Famil Hümbətov Şamaxı TKQ-nın Az 56 AA 076 nömrəli xidməti avtomobilini öz şəxsi avtomobili kimi istifadə edir və dəfələrlə qəza törədərək onu yararsız hala salıb”.
İşçilər iddia edirlər ki, Faiq Hümbətov həmişə içkili vəziyyətdə olur. “Abunəçilərlə və tabeliyində olan işçilərlə nalayiq söyüşlərlə danışır. Əhalinin gözündən pərdə asmaq üçün öz tabeliyində olan “Diri Baba” şirkətini ləğv edib, amma pullar yenə dədolayı yolla onun cibinə axır. İşçilər isə telefon və internet pulları yığılndan-yığılana maaş alırlar. Bir sözlə, F.Hümbətov heç kimi saymır. Hətta camaatı aldadaraq, 24 yerlik interneti 48 yerə paylayır ki, bu da əksər istifadəçilərin internetin sürətinin az olması narazıçılığına gətirib çıxarır”.
Qarşı tərəfi də dinləməyə hazırıq.