Əbülfəs Qarayev Ağdamda çarəsiz duruma düşüb?
Tarix: 9-07-2015, 09:49 |
Çap et
Danılmaz həqiqətdir ki, son illər ölkənin şəhər və rayonlarında fəaliyyət göstərən mədəni-maarif müəssisələrin sayı xeyli artıb, onların işlərində isə böyük canlanma müşahidə olunmaqdadır. Bununla belə ayrı-ayrılıqda götürülmüş bəzi mədəniyyət və turizm şöbələrinin fəaliyyəti yerli ictimaiyyət tərəfindən hələ də məqbul qiymətləndirilmir. Artıq xəbər verildiyi kimi, iyul ayının 7-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclası keçirilib.Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, kollegiyada bir neçə rayon (şəhər) Mədəniyyət və Turizm şöbələrinin rəhbər işçiləri yol verdikləri nöqsanlar səbəbindən cəzalandırılmışlar. O cümlədən, kollegiyanın qərarı ilə Ağdam Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Şahin Qasımova töhmət elan olunub. Lakin bu qərarı çətin ki, şöbə müdiri üçün cəza hesab etmək olar. Əksinə, rayon ictimaiyyətinin Şahin Qasımovun vəzifədən alınacağı və hətta bəlkə də məsuliyyətə cəlb ediləcəyinə dair gözləntilərdə olduğu bir məqamda, şöbə müdiri sanki bir “qulaq çəkmə” olaraq, töhmətlə canını qurtarır. Bununla da Şahin Qasımov karyerasını davam edə bilmək üçün aşkar ikinci şans əldə etmiş olur. Qeyd etmək istərdik ki, qəzetimizin ötən saylarında biz dəfələrlə Ağdam rayon Mədəniyyət və Turizm Şobəsinin fəaliyyətində müşahidə olunan müxtəlif qanun pozuntularına dair yerli mənbələrdən aldığımız məlumatlar əsasında hazırlanmış tənqidi materiallar dərc etmişik. Həmin materiallarda vurğulanmışdı ki, Ağdam rayon Mədəniyyət və Turizm Şobəsinin yarıtmaz işi qurumun nəzdində fəaliyyət göstərən musiqi məktəblərində, klublarda və digər analoji müəssisələrdə də çoxsaylı neqativ halların yer almasına səbəb olur. Bu gün Şahin Qasımovun rəhbərlik etdiyi şöbənin tabeliyində 16 mədəniyyət evi, 14 klub, 51 kitabxana, 3 muzey və 11 uşaq musiqi məktəbində 781 nəfər ixtisaslı mütəxəssis çalışır. Əldə etdiyimiz açıqlamalarda isə bildirilir ki, rayonda fəaliyyət göstərən bütün mədəniyyət ocaqları və turizm müəssisələri hər ay Şahin Qasımov tərəfindən müəyyən olunmuş məbləğdə “haqq” ödəməlidirlər. Əks halda isə şöbə müdiri tərəfindən ödənişdən boyun qaçıran müəssisənin rəhbəri üçün ciddi problemlər yaradılır. Təbii ki, yaranmış vəziyyət həmin müəssisə rəhbərlərini də adekvat addımlar atmağa sövq edir. Buna görə də hazırda bu müəssisələrin bəzilərində ştat cədvəlinə salınmış “ölü canlar”ın sayı real işçilərin sayından daha çoxdur. Mədəniyyət və Turizm Şobəsinin nəzrində fəaliyyət göstərən obyekt və müəssisələrin demək olar ki, heç birində ştat cədvəlində əməkdaşların göstərilən sayı ilə burada işləyən insanların sayı düz gəlmir. Aradakı fərq isə təbii ki, ayrılan əmək haqlarının mənimsənilməsi üçün qəsdən yaradılmışdır. Həmçinin məlumatlarda qeyd olunur ki, bölgədə turizmin və mədəniyyətin inkişafı məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfinən ayrılmış büdcə vəsaitləri də təyinatı üzrə istifadə olunmur. Bu vəsaitin böyük bir hissəsi qeyri-qanuni maxinasiyalar, şişirdilmiş smetalar, müxtəlif silinmələr yolu ilə Şahin Qasımov tərəfindən mənimsənilir. Bu məqsədlərlə şöbə müdiri təmir-bərpa idarəsi adı altında qeydiyyatdan keçmiş, əslində isə heç bir maddi-texniki bazası olmayan müəyyən şirkətlərlə iş birliyinə girərək, nağdlaşma üsulu ilə dövlət vəsaitlərinin mənimsənilməsinə yol açır. Digər tərəfdən də iddia olunur ki, Ağdamın bir hissəsinin işğal altında olmasına baxmayaraq, Ş.Qasımov rayonda az-çox fəaliyyət göstərən turizm obyektlərinin də sırf şəxsi məqsədləri naminə istismarı ilə məşğuldur. Bəzi mənbələr isə rayonda fəaliyyət göstərən bir neçə musiqi məktəblərinin və digər müəssisələrin yalnız sənəd üzərində mövcud olduğunu iddia edərək, buna görə məhz Şahin Qasımovun məsuliyyətə cəlb olunması tələbini də irəli sürmüşdülər.Bütün bunlarla yanaşı, biz Ağdamdan aldığımız məlumatlara əsaslanaraq belə bir məqamı da vurğulamışdıq ki, indiyədək ölkənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qanun pozuntularına yol vermiş şöbə müdirinin cəzalandırılmaması yerli ictimaiyyəti ciddi narahat edir. Çünki, yuxarı instansiyaların problemə belə yanaşma tərzi bir tərəfdən vətəndaşların hüquqlarının pozulmasına, digər tərəfdən də dövlət vəsaitlərini külli miqdarda mənimsənilməsi hallarına getdikcə daha da çoxalmasına rəvac verir. Lakin Mədəniyyət və Turizm Nazirliyinin son kollegiya iclasında qəbul olunmuş qərarlar, artıq bu sahədə də ciddi islahatlara start veriləcəyindən xəbər verir.