Avropa İlham Əliyevdən kömək istəyir – ŞƏRH
Tarix: 5-02-2022, 15:03 | Çap et
Avropa İlham Əliyevdən kömək istəyir – ŞƏRH

Fevralın 4-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı keçirilib.

Ukrayna böhranının dərinləşdiyi bir zamanda Avropanın öz bazarlarında Azərbaycan qazını şaxələndirmək üçün səylər göstərməsi başa düşüləndir.


Bu tədbiri həm də Azərbaycandan yardım istəmək kimi də xarakterizə edə bilərik, çünki enerji resurslarına görə Qərbin tərəzisində Bakının çəkisi artır.

Prezident İlham Əliyev tədbirdə çıxış edərkən bildirib ki, Cənub Qaz Dəhlizi layihəsinin dəyəri 33 milyard dollardır.

Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasından sonra Azərbaycan beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixracı artıra bilib.

“Keçən il Azərbaycan 19 milyard kubmetr təbii qaz ixrac edib - Türkiyəyə 8,5 milyard, İtaliyaya demək olar ki, 7 milyard kubmetr. Yerdə qalan həcm komandanın başqa üzv ölkələrinə - Gürcüstana, Yunanıstana və Bolqarıstana ixrac olunub. Əminəm ki, komandamızın üzvü olan Albaniyada öz qazpaylayıcı şəbəkəsini tamamlayan kimi Azərbaycan qazını əldə edəcək”, - deyə Prezident bildirib.

İclasda ötən illə müqayisədə daha çox ölkə və şirkətlərin iştirak etməsi yeni bazarlarda Azərbaycan qazına olan ehtiyacın göstəricisidir.

Azərbaycan isə öz qazını şaxələndirməyə və yeni enerji xəritəsində ən etibarlı təchizatçı statusunu qorumağa hazırdır. Azərbaycan bu etibarı uğurlu neft strategiyası ilə qazanıb.
“Biz neft ixracatına 2006-cı ildən başlamışıq, artıq uzun illərdir. Təchizatda heç bir fasilə olmamışdır, müqavilə şərtləri pozulmamışdır, enerji siyasəti arxasında heç bir siyasi gündəm yox idi. Bizim enerji siyasətimiz həmişə çox açıq, şəffaf, biznes və nəticələrə hesablanmış olub, əməkdaşlığa və qarşılıqlı dəstəyə gətirib çıxarıb. İndi isə mən qaz alan ölkələrin bazarlarında Azərbaycan qazının payı ilə əlaqədar son məlumatlara baxanda görürəm ki, bu ölkələrin bəziləri qaz istehlakının 80 faizini, digərləri isə 15-20 faizini Azərbaycandan alırlar və bu göstəricilər artır. Çünki biz hasilatı artırmağı planlaşdırırıq. Bu il biz keçən illə müqayisədə daha çox ixrac edəcəyik - böyük potensial var, xüsusilə indi, qaz bazarındakı vəziyyətin sabit olmamasını nəzərə alaraq. Həmçinin qiymətlər də çox dəyişkəndir”, - deyə İlham Əliyev söyləyib.

Prezident təklif edib ki, yeni nəticələrin necə əldə olunması üçün biz gələcəyimizi koordinasiya və xoşməramlı şəkildə birlikdə planlaşdırmalıyıq.

Ən böyük qaz kondensatı yataqlarından biri olan “Abşeron”da tezliklə hasilata başlanılması gözlənilir ki, bu da qaz nəqlinin həcmini artıracaq.

“Abşeron”da birinci mərhələdə 1,5 milyard kubmetr qaz hasil olunacaq. Bu, böyük bir həcm deyil. Lakin düşünürəm ki, bəzi ölkələr üçün əhəmiyyətli göstəricidir. Bu, bizim də artan tələbatımızı qarşılaya bilər və həmçinin ixrac imkanlarını da təmin edə bilər”, - İlham Əliyev belə deyib.

Yaxşı nəticə verəcəyinə ümid bəslənilən digər böyük bir yataq “Babək”dir. Onun təxmin olunan qaz ehtiyatı 400 milyard kubmetrdir.

Prezident deyib: “Ümid” yatağının qaz ehtiyatı ən azından 200 milyard kubmetrdir.

Əlbəttə ki, bizim çoxdan istismarda olan neft-qaz yataqlarımızdan biri – “Azəri-Çıraq-Günəşli”dən böyük gözləntilərimiz var. Onun tezliklə istismara veriləcəyinə ümid etdiyim dərin qaz hissəsində yüz milyardlarla kubmetr qaz olacaq və düşünürəm ki, qısa zamanda hasil edilə biləcək. Beləliklə, bu, bizim bugünkü potensialımızdır. Bizi 4 ölkə, 4 qonşumuzla birləşdirən şaxələndirilmiş qaz nəqli şəbəkəsinə malik olmaqla, əsas ixrac marşrutu - Cənub Qaz Dəhlizi tamamlanandan sonra, düşünürəm ki, bizim planlarımız həyata keçiriləcək. Lakin əlbəttə ki, biz bu komanda işini davam etdirməliyik. Cənub Qaz Dəhlizi layihəsi başa çatıb, bizim işimiz isə davam edir. Əminəm ki, biz yeni nəticələr əldə edəcəyik”.

İclasdan gələ biləcəyimiz nəticə belədir ki, Azərbaycan qazı Avropa bazarlarında mövqelərini bərkidəcək və bu bazarlara nəql olunan qazın həcmi artacaq.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net