“Bakcell” müştərilərindən oğurluq edir – ŞİKAYƏT
Tarix: 9-10-2018, 06:42 |
Çap et
Ölkənin tanınmış şəxsləri “Bakcell”i cibgirlikdə ittiham etdikdən və bu məsələ bəzi KİV-lərdə işıqlandırıldıqdan sonra adıçəkilən şirkətin PR menecerləri ittihamlardan yaxa qurtarmağın “orijinal üsul”una əl atıblar. Mobil operatorun əməkdaşları müştərilərə qarşı qanunsuzluğun qarşısını almaq əvəzinə redaksiyalarla əlaqə yaradıb, onların əməkdaşlarının “Bakcell” nömrəsi işlədib-işlətmədiyi ilə maraqlanırlar.
Bu barədə bir neçə saytin rəhbər şəxsləri sosial şəbəkələrdə məlumat paylaşıblar.
Saytların əməkdaşları qeyd ediblər ki, hazırda “Bakcell”in nümayəndələri ictimai rəyə az-çox təsir edən, əsasən də ucuz reklam əməkdaşlığı qurduqları redaksiyalarla təmasa keçiblər:
“Onlar əsasən, reklam adı ilə hər ay 70-100 manat pul və ya bu məbləğ civarında kontur verdikləri saytlarla əlaqə yaradıb, əməkdaşları arasında bu şirkətin abunəçilərinin olub-olmaması ilə maraqlanır, onların telefon nömrələrini götürürlər. Səbəb isə son həftələr jurnalistlərin “Bakcell”in oğurluğunu ictimailəşdirib, etiraz etmələridir”.
Saytlardan birinin redaktoru isə deyib ki, mobil operatorun əməkdaşları azvision.az saytının baş redaktoru Vüsal Məmmədovun “Bakcell”in fırıldaqları haqda sosial şəbəkədə yazdığı statusdan sonra onlarla da əlaqə yaradıblar:
“Bu şirkətin PR menecerləri bizimlə də əlaqə yaradıb, işçilərimiz arasında “Bakçell”in xidmətindən istifadə edənlərin nömrəsini istədilər. Bu, onu göstərir ki, “Bakcell” son vaxtlar həqiqətən də jurnalistlərin etirazından narahat olub və ehtimal olunan növbəti etirazların ictimailəşməsinin qarşısını almaq istəyir. Düzü, mənə də maraqlıdır ki, jurnalistlərin nömrələrini nəzarətə götürüb, onların “ağzını yumduqdan” sonra nə olacaq? Belə çıxır ki, jurnalistlərin daha cibinə girilməyəcək. O halda, bəs, milyonlarla sadə abunəçilər necə olacaq, onlarla necə davranacaqlar? Yəni onların da nömrəsi avtomatik olaraq fırıldaqçı şirkətlərin şəbəkəsinə qoşulmayacaq, yoxsa, jurnalistlərin ağzını 70-100 manatlıq “reklam”la qapatdıqdan sonra tribuna tapmayan minlərlə abunəçinin “yüklənməsi” yenə davam edəcək?”.
Qeyd edək ki, “Bakçell”in nömrələri avtomatik olaraq fırıldaqçı şirkətlərin sisteminə qoşulmaqla, balansları abunəçilərdən xəbərisz boşaldılır.
Bununla bağlı ilk etirazı “APA Holding”in əməkdaşı Nizam Rzayev dilə gətirib. Həmin vaxt mia.az sosial şəbəkədə yazılan bu etirazı ictimailəşdirdi. Şirkət isə məsələyə rəsmi izahat vermək əvəzinə, sayta zəng edib, yazının çıxarılmasını istəyib…
Bunun ardınca isə jurnalist Taleh Şahsuvarlı “Bakcell”in balans oğurluğuna etiraz etdi.
Bundan sonra bir neşə jurnalist də etirazlarını dilə gətirdilər.
Daha sonra isə “Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədov “Feysbuk”da etirazını bildirərək yazdı:
“Telefona 10 manat yüklədim, heç nə danışmadığım halda, 3 günə qurtardı. Birinci dəfə dedim, yəqin nəsə texniki səhv olub. İkinci dəfə dedim, içinə zəhər, indi nə məsələdir görəsən? Üçüncü 10 manat da üç günə qutarandan sonra getdim “Bakcell”in müştəri xidmətlərinə”.
Onun sözlərinə görə, müştəri xidmətində ona izah ediblər ki, guya hansısa kənar şirkətlərin servislərinə qoşulub: “Vialink”, “Simtoday”, “Navigator”, sizin it bizim örkəni apardı… Hamısının da adını birinci dəfə idi eşidirdim. Nə qədər and-aman elədim ki, mən belə zir-zibilə qoşulmamışam, xeyri olmadı. Bir siyahı verdilər ki, həmin şirkətlərə bir-bir zəng vurub, xidmətlərini ləğv etdirim.
Heç vaxt qoşulmadığım “xidmət”ləri ləğv etdirmək üçün durub itə-qurda zəng vururam…
Özü də “xidmət” sözü heç yerinə düşmür, xidmətin insana hansısa faydası olar, bu isə açıq-aşkar cibgirlikdir. Sadəcə, cibgirliyin yüksək texnoloji formasıdır”.
Baş redaktor yazıb: “Bakcell”, 10 ildən çoxdur sizin müştəriyəm, sizə şirkət olaraq həmişə hörmətlə yanaşmışam, amma bu, nə deməkdir? Bu fırıldaqçılara niyə meydan vermisiniz? Çəkin bunların əlini camaatın cibindən!..”.
Onu da qeyd edək ki, bir müddət əvvəl millət vəkili Fazil Mustafa da “Baksell”i oğurluqda ittiham etmişdi. Çünki “Baksell” onun da hesabına “əl uzatmışdı”.