Səfər Mehdiyev Aydın Əliyevi “vurdu” - ONUN DÖVRÜNDƏ...
Tarix: 28-12-2021, 12:37 |
Çap et
“Son dörd ildə Gömrük Komitəsinə mənim rəhbərlik etdiyim dövrdə mal idxalının həcmi 42 milyard dollar olub. Əvvəlki rəhbərliyin dövründə 11 il ərzində idxal dövriyyəsi 91 milyard dollar təşkil edib. Mənim sədr təyin olunmağımdan əvvəlki 11 ildə büdcəyə 15 milyard manat daxil olub. Mənim rəhbər olduğum 4 ildə isə büdcəyə daxil olan məbləğ 16 milyard [manat] təşkil edib. İndi müqayisə edin – 11 ildə 15 milyard və 4 ildə 16 milyard. Yəni, biz 4 il ərzində vergi və rüsumlardan büdcəyə əvvəlki 11 ildə olduğu qədər vəsaitin daxil olmasını təmin etmişik!”.
Vertikal.Az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev “virtualaz.org” saytına açıqlamasında belə deyib.
“Fakt Yoxla” Mehdiyevin komitə sədri olduğu 4 ildə əvvəlki 11 ilə nəzərən daha çox gömrük rüsumu toplanması ilə bağlı iddiasının doğru olub-olmadığını araşdırıb.
Səfər Mehdiyev DGK-nin sədri vəzifəsinə 2018-ci ilin aprelində təyin olunub. Ondan əvvəl bu quruma 2007-2017-ci illərdə Aydın Əliyev rəhbərlik edib. Keçmiş və hazırkı komitə sədrlərinin rəhbərliyi dövründə idxalın və gömrük daxilolmalarının həcmi aşağıdakı cədvəldəki kimi olub.
Səfər Mehdiyev öz dövrü üçün gömrük daxilolmalarının həcminin 16 mlrd. manat olduğunu deyib. Amma təqdim edilən rəsmi məlumatlara görə, 2021-ci ilin 10 ayının nəticələri nəzərə alınmaqla həmin göstərici 15.3 mlrd. manat təşkil edib. Güman ki, komitə sədri orta illik daxilolma göstəricisini (356 mln. manat) nəzərə alaraq ilin sonuna büdcəyə gömrük orqanları tərfindən əlavə 650-700 mln. manat da daxil olacağına əsaslanaraq belə bir açıqlama verib.
Amma bu halda Mehdiyev onun sədrliyi dövründə idxalın həcminin 42 mlrd. dollar yox, təxminən 47 mlrd. dollara yaxın olduğunu qeyd etməliydi. Çünki geridə qalan 10 ayın nəticəsi nəzərə alınmaqla son 4 il üzrə faktiki idxal 45 mlrd. dollar təşkil edib. Cari il üzrə orta aylıq idxal göstəricisinin təxminən 950 mln. dollar olduğu nəzərə alınsa, 2021-ci ilin sonuna ölkəyə əlavə 2 mlrd. dollara yaxın idxal gözlənilir. Bunu nəzərə alanda 2018-2021-ci illər üzrə orta illik idxal həcmi 11.7 mlrd. dollar təşkil etmiş olacaq.
Əvvəlki komitə sədrinin rəhbərlik etdiyi 11 il ərzində idxal dövriyyəsi 91.4 mlrd. dollar, orta illik idxal göstərici isə 8.3 mlrd. dollar təşkil edib. Səfər Mehdiyevin iddiası statistik məlumat olaraq doğrudur. Amma nəzərə almaq lazımdır ki, 2015-2016-cı illərdə Azərbaycan manatı kəskin şəkildə dəyər itirib. 2007-2014-cü illərdə manatın ABŞ dolları qarşısında orta illik məzənnəsi 0.78-0.85 manat intervalında dəyişib, 2015-ci ildə 1.03 manat, 2016-cı ildə, 1.59 manat, 2017-ci ildə 1.72 manat olub. 2018-2021-ci illərdə manatın məzənnəsi sabit qalaraq 1.7 manata bərabər olub. Buna görə, ölkəyə idxal edilən malların da manat ifadəsində dəyəri, deməli həm də vergi tutulan dövriyyənin həcmi 2 dəfə artmış olub.
Gömrük rüsumları da manatla hesablandığı üçün manatın iki dəfə ucuzlaşması toplanan gömrük rüsumlarının da məbləğini eyni dərəcədə artırıb. 2018-ci ildən sonra idxalın manat qarşılığı 77 mlrd. manat civarında olub. Əvvəlki 11 ildə bu göstərici 89.5 mlrd. manat təşkil edib. Gömrük yığımlarının məbləği isə 2007-2017-ci illərdə 15.7 mlrd. manat, 2018-2021-ci illərdə 16 mlrd. manat təşkil edib.
İdxal vergi və rüsumlarından büdcəyə daxilolmaların həcminin idxalın dəyərinə nisbətində də ciddi artım baş verməyib. Belə ki, son 4 ildə bu göstərici 20%, müqayisə bazası kimi götürülən əvvəlki 11 ildə 17.5% təşkil edib. Digər tərəfdən, son illərdə bəzi idxal rüsum və vergilərinə edilən artımı da nəzərə almaq lazımdır. Xüsusilə, tütün məmulatları ilə bağlı aksiz vergilərində ciddi artımlar qeydə alınıb. Bu amil də öz növbəsində gömrük orqanlarının topladığı vəsaitin artımına səbəb olub.
Dövlət Vergi Xidmətinin rəsmisi bu ilin əvvəlində bildirmişdi ki, tütün məmulatlarının istehsalı və idxalı ilə məşğul olan vergi ödəyicilərinin ödənişləri 2017-ci il üzrə 87.9 mln. manat idisə, 2020-ci ilin yanvar-noyabr ayları üzrə bu göstərici 473.6 mln. manat təşkil edib. Gömrük Komitəsinin statistik bülletenlərindən də görünür ki, 2017-ci ildə ölkədə 94 mln. manat aksiz vergisi toplanmışdısa, 2020-ci ildə bu rəqəm 144 mln. manata yüksəlib.
Bəzi məhsul növlərinin timsalında idxala tətbiq olunan aksizlərin artım tempinə diqqət yetirmək kifayətdir. 2018-ci ilədək Azərbaycanda ölkəyə idxal edilən siqaretlərin hər 1000 ədədinə tətbiq edilən aksiz vergisi 4 manat olub, hazırda isə 43 manat təşkil edir. Daha bir nümunə. 2019-cu ildə içməli spirtin hər litrinə görə idxal aksizi 2 manatdan 3.2 manata yüksəldildi. 2018-ci ildə avtomobil idxalı üçün aksizlərdə orta hesabla 50% artım baş verdi. Məsələn, 2018-ci ildə Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, hər kubsantimetr üçün aksiz mühərrikin həcmi 2000 kubsantimetrədək olduqda 0.2 manatdan 0.3 manata, mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda 40 manatdan 70 manata yüksəldilir.
Beləliklə, yeni sədrin istinad etdiyi 11 illik zaman intervalı ilə müqayisədə son 4 il üzrə idxal hesabına dövlət büdcəsinə cəlb olunan vəsaitlər təxminən eynidir. Lakin hər iki dövrü müqayisə etdikdə idxalın dollarla dəyəri arasında fərq 2 dəfəyə yaxın olsa da, vergiyə cəlb olunan həcmi arasında fərq cəmi 16% təşkil edir.
Manat və dollar ifadəsində idxal dövriyyəsi arasında yaranan fərq isə 2015-2016-cı illərdə manatın dollar qarşısında dəyər itirməsilə bağlıdır. Aksiz vergisinin timsalında son 4 ildə gömrük və vergi yükünün ağırlaşmasını da nəzərə alanda məlum olur ki, hər iki sədrin dövründə idxalın vergi tutma bazası arasında fərq o qədər də çox olmayıb.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Səfər Mehdiyevin iddiası faktlarla manipulyasiyadır.