Putin devrilərsə, Azərbaycanı nə gözləyir?
Tarix: 10-02-2016, 09:30 |
Çap et
Hazırda dünya liderləri arasında bəlkə də ən çox gündəmdə olan şəxs Rusiya prezidenti Vladimir Putindir. Zaman-zaman Rusiya prezidentinin Qərb tərəfindən postundan uzaqlaşdırılacağı barədə dünya mətbuatında xəbərlər dolaşıb. Son günlərdə belə iddiaların sayı çoxalıb. Xüsusilə Türkiyə ilə münasibətlərin gərginləşməsi, Qərbin qardaş ölkəyə verdiyi açıq dəstək Putin hakimiyyətinin yaxın zamanlarda bitəcəyi barədə iddiaların çoxalmasına səbəb olub.
Ölkəmizdə də gedən proseslər narahatlıqla izlənilir. Rusiya kimi ölkəmizə təsir imkanları yüksək olan ikinci bir dövlətin olmadığı məlumdur. Orada gedən proseslərin Azərbaycana birbaşa təsiri qaçılmazdır.
Politoloq Şahin Cəfərli Qərbin Rusiyada qarşıdan gələn 2018-ci il prezident seçkilərinə ciddi hazırlaşdığını bildirdi: “Putinin xalq inqilabı və ya saraydaxili çevriliş yolu ilə hakimiyyətdən uzaqlaşdırılması ehtimalı çox azdır. Lakin onun dinc və qanuni yolla iqtidardan uzaqlaşdırılması mümkün ola bilər. Bunun yolu seçkilərdən keçir. 2018-ci ilin martında Rusiyada növbəti prezident seçkiləri keçiriləcək. Putin hələ də bu seçkidə iştirak edib-etməyəcəyini açıqlamayıb. Vaxt yaxınlaşır və biz artıq Rusiyanın özündən əvvəl Qərb dünyasının bu seçkilərə hazırlıq istiqamətində ilk addımlarını izləyirik. Putinin Britaniya məhkəməsi tərəfindən Litvinenkonun zəhərlənilməsində, ABŞ hökuməti tərəfindən isə korrupsiyada ittiham olunması, bu hazırlığın tərkib hissəsidir.
Rusiya prezidentinin Londonun mərkəzində təhlükəli radioaktiv maddədən istifadə etməklə terror törətməkdə və ilk dəfə olaraq Vaşinqton tərəfindən rəsmən korrupsiyada suçlanması məqsədyönlü siyasətdən xəbər verir. Qərbdə ilk dəfədir səslənən bu təzyiq xarakterli ittihamlar Putini modern dünyadan təcrid edərək, onu seçkidə iştirakdan imtinaya vadar etmək məqsədi güdür. Qərb paytaxtları açıq şəkildə Putinin hakimiyyətdə qalmasını istəmədiklərini və Ukrayna, Suriya istiqamətləri istisna olmaqla, onunla hazırda məcburən dialoq qurduqlarını nümayiş etdirirlər. Putinin Qərbdən gələn bu mesaja cavabı beynəlxalq geosiyasi proseslərə, o cümlədən bölgəmizə ciddi təsir göstərəcək. Rusiya prezidentinin şəxsi xarakteri nəzərə alınarsa, onun basqılara boyun əyməmək yolunu seçəcəyini söyləmək olar. Çünki indiyədək Putin müqavimətə üstünlük verib. Ukrayna məsələsində hələ də ciddi güzəştlərə getmir. Məhz bu siyasət və neoimperial iddialar Qərblə ”yeni soyuq müharibə" kimi dəyərləndirilən konfrontasiyanın yaranmasına gətirib çıxarıb".
Ş.Cəfərli Putinin yenidən prezident seçiləcəyi təqdirdə, baş verə biləcək proseslərə də toxundu: “Putinin yenidən prezident seçilməsi və mövcud kursun davam etdirilməsi münasibətlərdə gərginliyi daha da artıracaq. Bu da öz növbəsində Qərb-Rusiya rəqabətinin yaşandığı bütün istiqamətlərə, o cümlədən postsovet məkanına öz təsirini göstərəcək. Hazırda az ehtimal edilən variant kimi görünsə də, Putinin namizədliyini verməyərək kənara çəkilməsi də mümkündür. Bu variantın reallaşması dünyada yeni geosiyasi mənzərə yaradacaq. Əlbəttə ki, bu halda Putinin xələfinin kimliyi və onun fərqli siyasi kurs seçib-seçməyəcəyi həlledici əhəmiyyətə malik olacaq. Həm Putinin kursunu davam etdirən bir varisin, həm də tam əksinə, Qərblə münasibətləri yumşaltmağa çalışacaq qismən liberal fiqurun gəlməsi ehtimal daxilindədir. Eyni zamanda Putinin xalqdan bir daha mandat alaraq Qərblə münasibətlərdə yeni siyasi kurs elan etməsi və Rusiya iri biznesinin arzuladığı yumşalmanın onun özü tərəfindən həyata keçirilməsi variantını da tam istisna etmək olmaz. Hər halda, Putinin qeyri-standart addımlarını çox görmüşük və bu da mümkündür”.
Politoloq Rusiyada baş verən istənilən dəyişikliyin ölkəmizə təsirsiz ötüşməyəcəyini də qeyd etdi: “Bütün hallarda Rusiyadakı hər hansı dəyişiklik konkret Azərbaycana təsirsiz ötüşməyəcək. Kremlin hazırda yeritdiyi siyasət və Rusiya-Qərb münasibətlərində yaranmış vəziyyət Azərbaycanı çətin vəziyyətdə qoyur. Rusiya Azərbaycanın avroatlantik inteqrasiya xəttini davam etdirməsində və bu yöndə qəti strateji seçim etməsində maraqlı deyil. Etiraf edək ki, Ukraynada baş verənlər Azərbaycan da daxil olmaqla, bütün postsovet regionunda real qorxu yaradıb. Putinin siyasəti Azərbaycanın demokratik inkişafına əngəl törədən faktorlardan birinə çevrilib. Azərbaycanın Avropaya inteqrasiyasını və demokratik inkişafını ləngidən bu amilin aradan qalxması maraqlarımıza uyğun olardı. Lakin Qarabağ məsələsi ilə bağlı Rusiyanın mövqeyində kardinal dəyişiklik gözləmirəm. Hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Rusiyanın bu bölgədəki maraqları Ermənistanla müttəfiqlik tələb edir. Əlbəttə ki, Rusiya mövcud geosiyasi konsepsiyasını dəyişərək Qərblə anlaşma yolunu seçərsə, bu çərçivədə Qarabağ məsələsinin sülh yolu ilə həlli ehtimalı da yüksələ bilər. Bu halda bizim maraqlarımıza cavab verən siyasi həllə nail olmaq üçün Azərbaycan diplomatiyasının üzərinə ciddi məsuliyyət düşəcək”.