Lənkəranda bələdiyyə maxinasiyaları...
Tarix: 15-09-2015, 11:11 |
Çap et
Lənkəran rayonunun dörd kəndini – Kərgəlan, Lüvəsər, Darquba və Səbir kəndlərini əhatə edən Kərgəlan bələdiyyəsinin fəaliyyətində müşahidə olunan ciddi nöqsanlara dair bir neçə tənqidi materialı diqqətinizə təqdim etmişdik. Bu xüsusda yerli mənbələrdən aldığımız çoxsaylı məlumatlarda bildirilir ki, 67 yaşlı bələdiyyə sədri Rəşid Bayramov, əslində elə təqaüdçülərə xas olan bir həyat tərzi keçirməklə, öz vəzifə səlahiyyətlərinin icrasına tam məsuliyyətsizliklə yanaşır. Belə ki, gününü daha çox çayxanalarda keçirən, nərd və domino oyunları ilə başını qatan bələdiyyə sədrini iş yerində tapmaq demək olar ki, mümkün deyil. Bununla belə açıqlamalarda bu da vurğulanır ki, bələdiyyənin ərazisində torpaq sahəsi almaq istəyən pullu müştəri ortaya çıxdığı zaman Rəşid Bayramov da, bələdiyyənin digər bir üzvü, 71 yaşlı Mərdan Nəsirov da öz yaşlarına uyğun olmayan işgüzarlıq və çeviklik nümayiş etdirirlər. Aldığımız açıqlamalrda bu iki “bələdiyyə veteranı”nın birgə həyata keçirdikləri torpaq maxinasiyaları haqda iddialar irəli sürülür. Bildirilir ki, yerli sakinlər pay torpaqların alınması zamanı çox ciddi çətinliklərlə üzləşdikləri halda, kənar şəxslərin bu ərazilərdə torpaq sahələri almağı heç bir problemlə müşayət olunmur. Təbii ki, tələb olunan məbləği ödəmək şərti ilə. Nəticədə isə, bu gün artıq Lənkərançayın Lüvəsar kəndi ərazisindən keçən hissəsinin sahilində, eləcə də bələdiyyənin digər ərazilərində demək olar ki, boş torpaq sahələri qalmamışdır. Artıq vəziyyət elə bir həddə çatıb ki, bələdiyyə sədri və onun müavini hətta sakinlərin pay torpaqlarını da satmaqdan belə çəkinmirlər. Bundan başqa isə, aldığımız məlumatlarda bələdiyyə rəhbərliyinin davamlı olaraq ərazidə təmir bərpa işlərinin, abadlaşdırmanın aparılması, sosial-məişət problemlərinin həlli üçün lazımi vəsaitin olmadığından şikayətlənmələri fonunda, həmin məmurların elə sakinlərin gözü qarşısındaca gündən-günə varlandıqları vurğulanır. Xüsusi olaraq qeyd olunur ki, Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş kərgəlanlıların xatirəsinə inşa edilmiş kompleks bu gün baxımsızlıqdan çox bərbad hala düşmüşdür. Bələdiyyə rəhbərləri isə, yalnız öz maddi maraqları baxımından onları təmin edə biləcək məsələlərə diqqət edirlər. Biz artıq yazılarımızda dəfələrlə belə bir fikri vurğulamışıq ki, bu gün bir çox bələdiyyələr, təəssüflər olsun ki, hələ də Rayon İcra Hakimiyyəti orqanlarının bir strukturu kimi fəaliyyət göstərirlər. Təbii ki, bələdiyyələrin hüquqi baxımdan müstəqil, seçkili orqan olduqları halda İH-dən bu qədər asılı olmaları prinsipial olaraq qəbuledilməzdir. Real həyatda isə bu asılılığı izah edən, bəzi hallarda onu hətta doğruldan, kifayət qədər əsaslı arqumentlər vardır. Məsələ bundadır ki, bu qurumların böyük əksəriyyətinin hələ də öz funksiyalarını effektiv şəkildə icra edə bilməmələri yerlərdə bəzən ciddi narazılıqların yaranmasına yol açır. Vəziyyətdən çıxış yolunu, problemin həllini isə yenə də müvafiq RİH-dən tələb edirlər. Nəzərə almaq lazımdır ki, bu tələbi təkcə yuxarı hakimiyyət orqanları deyil, həm də əhali özü irəli sürür. Digər tərəfdən isə bu və ya digər dərəcədə səlahiyyət və sərbəstliklərə nail olmuş əksəriyyət bələdiyyə strukturları da imkanlarını əməli iş üçün deyil, digər instansiyalarla çəkişmələr üçün səfərbər edirlər. Kərgəlan bələdiyyəsinin fəaliyyətinə dair aldığımız məlumatlar da bu fikirləri bir daha təsdiq etmiş olurlar.Aldığımız məlumatlarda isə, belə bir məqam da vurğulanır ki, Rəşid Bayramovun hazırda əsil qazanc mənbəyinə çevirdiyi məqamlardan biri də vətəndaşlara müxtəlif arayışların verilməsilə bağlıdır. Həmçinin qeyd etməliyik ki, redaksiyamıza Kərgəlan bələdiyyəsi tərəfindən saxta arayışların verilməsinə dair də bəzi dəlillər təqdim edilib. Həmin dəlillər ətrafında apardığımız araşdırma sona yetdikdən sonra, növbəti sayımızda sizə bu barədə ətraflı məlumat təqdim edəcəyik.
Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.