Ramiz Həsənov «Halal» standartla Konstitusiyanı necə pozur?
Tarix: 1-04-2015, 11:44 |
Çap et
Kolbasa və sosislərin, ət və broyler məhsullarının «Halal» adı ilə satılmasının biznes maraqlarına çevrilməsini geniş şərh etməyə ehtiyac yoxdur. Əhalisinin böyük əksəriyyəti müsəlman olan respublikamızda halal qidaya tələbatın kifayət qədər yüksək olduğu hər kəsə bəllidir. Elə bu tələbatdan istifadə edən işbazlar da istehsal etdikləri məhsulları «Halal» adı altında markalayaraq, satışa çıxarırlar. Uzun müddətli müzakirələrdən sonra Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi xüsusi fəallıqla məsələyə müdaxilə etdi. 2012-ci ildən Komitə tərəfindən «Halal qida» standartlarının qəbul edilməsinə baxmayaraq, məhsulun halallığı məsələsi yenə də öz həllini tapmadı. Dövlət və qeyri-dövlət təşkilatlarının isə bazarda (məhz bazarda!!!) «nüfuz davası» sonunda məhsulun halallığına zəmanətlə nəticələnmədi.
Nəticə budur ki, biznes qurumları məhsulun üzərinə «Halal sertifikat» yarlığı vurulmasına məcbur edildilər. İctimaiyyətə belə bir mesaj (özü də rəsmi) ötürüldü ki, üzərində adıçəkilən Komitənin «Halal sertifikatı»na uyğunluğa dair yarlıq vurulmayan məhsulu halal saymayın. Ancaq bir sual açıq qalır ki, «Halal» sertifikatlı məhsulun halallığına zəmanət varmı?
Buna uğurlu biznes proyekti kimi alqış da demək olar...
Aparılan tədbirlərin digər nəticəsi isə bu oldu ki, dövlət Komitəsinin nəzdində yaradılmış, onun strukturuna daxil olan «AzSERT» MMC adlı bir müəssisə kolbasa-sosiska, broyler və ət məhsullarına halallıq sertifikatı vermək hüququ qazandı. İndi yaranmış vəziyytət belədir: Komitə «Halal qida» standartlarını qəbul etdi. Ardınca isə bu standartlara müvafiq sertifikat verilməsi səlahiyyətini Komitənin strukturuna daxil olan «AzSERT» MMC qazandı. Buna maraqlı, həm də uğurlu biznes proyekti kimi alqış da demək olar. Dəqiq düşünülmüş mexanizmdir. Belə çıxır ki, respublikada bütün istehsal müəssisələri hara özlərini vursalar da xeyri yoxdur, sonda gəlib Komitənin «xeyir-duası»nı, «halallığını» almaldırlar. Əyani misal var ki, «Səba» nişanı ilə quşçuluq məhsulları istehsal edən broyler müəssisəsi eyni məhsula beynəlxalq təşkilatdan «halal sertifikat» almasına baxmayaraq, yenə də Komitənin «AzSERT» MMC-nin «qapısından keçməli olub».
Yaranmış sualların araşdırılmasına zərurət olduğunu qeyd etmişdik. Komitə tərəfindən təsdiq olunan «Halal qida» standartlarının qanuna uyğunluğu, Komitənin bir dövlət qurumu olaraq halallığın meyarlarnı müəyyənləşdirmək səlahiyyətinə malik olub-olmadığını, sertifikatın məhz və yalnız «AzSERT» MMC tərəfindən verilməsinin özəlliklərinin araşdırılmasının vacibliyini bildirmişdik.
Vertikal.az-ın ilkin araşdırmaları hüquqi sənədlərlə bağlıdır. Bizim araşdırmamız biznes qurumlarının maraqlarından uzaq, yalnız qanunun tələbləri ilə bağlı olduğundan ilk növbədə Komitə tərəfindən qəbul edilmiş «Halal qida» standartlarına rəy verilib. «Hüquqi İslahatlara Yardım Mərkəzi» İctimai Birliyinin hüquqşünaslarının araşdırmasının nəticəsi birmənalıdır: Komitənin qəbul etdiyi «Halal qida» standartları Konstitusiya prinsiplərinə və qanunlara uyğun deyil. Bu barədə Analitik.az-a yazılı rəy də daxil olub.
Araşdırmanın hərtərəfli, bütün maraqlı tərəflərin mövqeləri nəzərə alınmaqla yekunlaşması üçün hüquqi rəyi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri cənab Ramiz Həsənova göndərərək, qoyulan sulallara Komitənin rəsmi mövqeyinin bildirilməsini istədik. Qanunla dövlət orqanının sorğuya cavab verməsi üçün müəyyənləşdirilmiş müddətin keçməsinə baxmayaraq, rəyə R.Həsənovun nə özü, nə də Komitə əməkdaşları tərəfindən heç bir münasibət bildirilməyib. Telefon zənglərinə də Komitə rəsmilərindən cavab almaq mümkünsüzdür.
Müəssisələrdən yüksək məbləğdə vəsait alınır
Bir müddət əvvəl Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da bildimişdi ki, istehlakçıların AİB-ə çoxsaylı müraciətlərini nəzərə alaraq Qafqaz Müsəlmanları İdarəsinin və digər qurumların maraqlı olmasını əsas götürərək, Standartlaşırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə və QMİ-yə məktub yazıb. «Çox keçməd ki, Komitənin təsis etdiyi “AzSERT” MMC-nin rəhbərliyi ilə görüşdük. Görüş zamanı “Halal”sertifikatlaşması işi ilə bağlı cəmiyyətdəki narazılıqlar, istehsal müəssisələrindən yüksək məbləğdə vəsait alınmasını və buna son qoyulması kimi digər məsələləri nəzərə çatdırsam da, təəssüf ki, bu neqativ hallar aradan qaldırılmaqdansa, əksinə, daha da artdı.” – deyə, E.Hüseynov bildirmişdi. AİB sədri “Halal” standartın verilməsinin halallığa xidmət etməsi üçün bir çox təkliflər verdiyini, amma bunun da indiyədək nədənsə cavabsız qaldığını bildirmişdi.
Biz bu sualların nədən cavabsız qalmasının səbəblərini araşdırmırıq. Əslində «Halal qida» standartının qəbulu və tətbiqi prosedurunu, Azərbaycan bazarında halal məhsula tələbatın və bu tələbata uyğun istehsal dövriyyəsinin həcmini təsəvvür etdikdə, Komitənin israrla «halal»lıq vermə səlahiyyətini qazanmasının səbəbini başa düşmək olur. Kifayət qədər böyük bazar və böyük maraqlar var. Allah hamının bazarını bol eləsini! Amma yenə də halallıqla! Özü də kağız üzərində, sertifikatda yazılan «halal» sözü ilə yox, Allahın buyurduğu və şəriətdə müəyyənləşdirilmiş tələblərə uyğun halallıqla!.. Bunu kağız üzərində vermək olarsa, buyursunlar, izah etsinlər…
Cənab R.Həsənovun redaksiyamızın yazılı məktubla göndərdiyi sorğuya cavab verməməsinin səbəbini bilməsək də, Komitənin qəbul etdiyi sənədlərə mütəxəssislərin verdiyi rəylər əsasında bu mövzunu davam etdirmək mümkündür. Xatırladaq ki, R.Həsənovun sədri olduğu Dövlət Komitəsi tərəfindən 2012-ci ildə 3 sənəd qəbul edilib:
“Halal qida” ümumi tələblər (AZS 731-2012); “Halal” ət məhsulları istehsalı, daşınması, saxlanması və satışı üzrə ümumi tələblər (AZS 372/12); “Halal” termininin istifadəsi üzrə ümumi qaydalar (AZS 386-2012).
Bu sənədlərin özündə onların nəşrinin və yayılmasının qadağan (?) edilməsinə baxmayaraq, hər üç sənəd araşdırma predmeti olub. Məzmununu tam açıqlamaq istəsək, bir yazıya sığışmaz...
Ramiz Həsənov Konstitusiyanı necə pozur?
Dövlət standartı adı ilə Dövlət Komitəsinin qəbul etdiyi hüquqi sənəddən bir parçaya nəzər salaq.
(AZS 731-2012) dövlət standartının 3.1-ci bəndində: İslam qaydaları Mənbəyi Qurani-Kərimdən və Məhəmməd Peyğəmbərin (s.ə.s) tətbiqlərindən (sünnə) olan və Allahın (s.s) müsəlmanlar üçün əmr etdiyi bütün qaydalardır.
“Halal qida” adlanan 3.2-ci bənddən: “İslam qaydaları çərçivəsində istehsalına icazə verilən və bu standartda verilən qaydalara uyğun olan qida və içkilər” halal qidalardır.
Standartıq digər müddəlarından: “heyvanın kəsimi zamanı qəssab “Allahın adı ilə” mənasını verən “BİSMİLLAH” kəlməsini deməli və Allahın adından başqa ad deməməlidir, əks təqdirdə kəsim halal sayılmaz” (5.2.6.1.5 a). Sonra hər bir heyvanın kəsimində halal kəsim üçün Allahın adı təkrar edilməlidir. (5.2.6.1.5 v) “Qəssab mexanik bıçağı işlətmədən əvvəl “BİSMİLLAH” kəlməsini deməli və kəsilən sahəsini tərk etməməlidir.
Hüquqi, demokratik, dünyəvi dövlətin təməl prinsipləri və halallıq mövzusu...
Çətin sualdır. 14 əsrlik bir tarixdə İslam alimlərinin daim müzakirə və mübahisə etdiyi halallıq problemini standarta salmaqla R.Həsənovun rəhbərlik etdiyi Komitə, şəri məsələ ilə hüququ «bir araya» necə gətirib? Dinin dövlətdən ayrı olduğunu təsbit edən Konstitusiyanın 7-ci və 18-ci maddələrinin tələbləri bu «arada» necə itirildi?
Yuxarıda qeyd etdiyimiz kimi, «halal məhsul bazarı» çox böyük bazardır və burada nüfuz sahibi olmaq üçün mübarizə aparılmasının səbəbləri də bəllidir. Qəbul olunmuş standartlar çərçivəsində sertifikatın yalnız Komitənin nəzdindəki «AzSERT» MMC tərəfindən verilməsi də "təqdirəlayiqdir". Məhz biznes nöqteyi-nəzərindən, bütün imkanların bir əldə cəmləşdirilməsi baxımından hər işin bir mərkəzdən idarə olunması yaxşıdır. Komitə rəsmisi B.Yaqubov «halal məhsul istehsalı və emalı prosesinin kameralar vasitəsilə izləndiyini» bildirmişdi. Belə çıxır ki, bu kameralar vasitəsilə, hətta, heyvanın kəsən qəssabın İslam qaydalarına uyğun birisi olması və hər dəfə “BİSMİLLAH”deməsini (başqa ad deməməsini!!!) kameralarda fiksə etmək olur?
Komitə bazarı (biznesi və onun bölüşdürülməsini) tənzimləyən sənədlər qəbul edərkən, bunun Konstitusiyaya, qanunlara uyğunluğuna fikir veribmi? Yoxsa, bu Komitənin Konstitusiya və qanunlardan üstün, əlahiddə səlahiyyətləri var? Hüquqi rəyə görə, Komitənin belə bir səlahiyyəti yoxdur və qəbul etdiyi standartlar (yuxarıda adı çəkilən 3 sənəd) Konstitusiya və qanunların tələbinə ziddir.
Mövzunu davam etdirəcəyik. «Halal» məhsul mövzusuna aidiyyəti olan digər qurumların – Qafqaz Müsəlmanları İdarəsinin, Dini İşlər üzrə Dövlət Komitəsinin də mövqeyini öyrənməyə çalışacağıq. Eyni zamanda, R.Həsənovun rəhbərlik etdiyi Komitənin bu standartları ilə bağlı münasibəti olarsa, dərc etməyə hazırıq.