Milli Onkologiya Mərkəzində təyin edilən "qanunlar"
Tarix: 16-06-2015, 12:20 |
Çap et
Bu gün səhiyyə sahəsindəki neqativ halları, baş verən qanunsuzluqları zaman-zaman həm mediadan izləyir, həm də bəzi məlumatlar əldə edirik. Artıq son zamanlar səhiyyəmizdə yaşanan durum, baş verən hadisələr heç kimi təəccübləndirmir desək, yanılmarıq. Bu gün dövlət və özəl xəstəxanalarındakı vəziyyəti hər kəs görür.
Səhiyyə sisteminin inkişafı naminə atılan addımlar, dövlət tərəfindən zaman-zaman ayrılan maliyyə yardımları hələ də səhiyyəmizin vətəndaşlara normal xidmət göstərməsini təmin edə bilmir. Səbəb isə ilk olaraq, həmin maliyyə vəsaitlərinin tam olaraq səhiyyəyə yatırılmamasıdır. Hamıya məlumdur ki, dövlət xəstəxanalarının pulsuz tibbi xidmətə keçilməsi haqqında Qanun qəbul olunmuşdu. Və demək olar ki, bu qanun yalnız kağız üzərində qüvvədədir. Çünki dövlət tərəfindən himayə olunmuş xəstəxanalar əksəriyyəti pullu fəaliyyət göstərir. Ümumiyyətlə, bu gün əksər xəstəxanlara daxil olarkən, saatlarca növbə gözləməli oluruq. Sanki hər kəs xəstədir. Son illər ölkəmizdə onkoloji xəstələrin də sayı artıb. Elə bu gün söhbət açacağımız səhiyyə ocağı da, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi 79 ünvanında yerələşən Milli Onkologiya Mərkəzidir. Bu xəstəxana ilə bağlı daxil olan şikayətlərə əsasən deyə bilərik ki, yolu sözügedən tibb müəssisəsindən düşənlər burada göstərilən xidmətdən, edilən müayinə və müalicələrdən qətiyyən razı qalmırlar. Məlumat üçün qeyd edək ki, sözügedən səhiyyə müəssisəsində ümumi onkologiya, torakal onkologiya, abdominal onkologiya, onkourologiya, onkoginekologiya, neyrocərrahiyyə, baş-boyun cərrahiyyəsi, onko-hematologiya, dayaq-hərəkət aparatının şişləri, şüa terapiyası, radionuklid terapiya, uşaq şüa terapiya, I kimyaterapiya, II kimyaterapiya, anesteziologiya və reanimasiya, həmçinin digər şöbələr fəaliyyət göstərsə də, vətəndaşlar burada ya qiymətlərdən, yaxud da həkimlərin savadsızlığından şikayət edirlər. Əldə etdiyimiz məlumatlarda, daxil olan şikayətlərdə qeyd olunur ki, burada müayinə, həmçinin müalicə olunan xəstələr daha sonra yenidən onkoloji xəstəlikdən əziyyət çəkdikləri üçün imkanları daxilində müxtəlif xarici ölkələrə üz tutmalı olurlar. Bu isə, o deməkdir ki, Milli Onkologiya Mərkəzində alınan müalicələr heç bir effekt vermir. Daxil olan şikayətlərdə o da vurğulanır ki, burada çalışan həkimlərin əksəriyyəti bilərəkdən xəstələri get-gələ salırlar ki, hər dəfə xəstələr onları "görsün". Daha sonra daxil olan şikayətlərdə o da vurğulanır ki, əgər başqa xəstəxanada uzidən keçib, Milli Onkologiya Mərkəzində həkimə göstərirsənsə, burada o cavabları bəyənmədiklərini və həmin UZi-dən yenidən orada keçilməli olduğunu söyləyirlər. Təbii ki, burada da məqsəd bəllidir. Həmçinin sözügedən tibb müəssisəsində əməliyyat olunub, sonradan vəziyyəti pisləşən və həmin əməliyyat edən həkimə müraciət edəndə ki, etdiyiniz əməliyyat uğursuz olub, yenidən ağrılar, həmçinin şiş əmələ gəlib, həkim məsuliyyəti üzərindən atmağa çalışır. Və necə deyərlər, özlərini sudan quru çıxarmağa çalışırlar. Onu da qeyd edək ki, Milli Onkologiya Mərkəzi təmirli olsa da, orada onkoloji ağır xəstələrin əyləşərək növbə gözləməsi mümkün olmur. Çünki hər mərtəbədə cəmi 4-5 oturacaq olur ki, digər bütün ağır xəstələr saatlarla ayaq üstə həkim növbəsi gözləməli olur. Bundan başqa, orada çalışan xadimələr ayaqyolunu bağlı saxlayırlar ki, təmiz qalsın. Və həmin ayaqyolundan yalnız həkimlər, tibb bacıları istifadə edir. Nəzərə alsaq ki, orada ağır onkoloji xəstələrə kimyaterapiya verilir və həmin prosedurdan sonra xəstələr ayaqyoluna getməli olurlar. Bundan yalnız belə bir nəticəyə gəlmək olur ki, xəstəxananın özünəxas qanunları var. Lakin unutmaq olmaz ki, istər özəl olsun, istərsə də dövlət xəstəxanaları vətəndaşlara xidmət etmək üçün fəaliyyət göstərir.
«Gündəlik Bakı»