Etibar Pirverdiyevi zərbə qarşısında qoyan səbəblər...
Tarix: 14-05-2015, 11:10 | Çap et
Etibar Pirverdiyevi zərbə qarşısında qoyan səbəblər...
"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Etibar Pirverdiyev səlahiyyətlərinin əsas hissəsini itirdikdən sonra onun nəzarəti altındakı müəssisələrin bir çoxunda narazılıq halları müşahidə edilməyə başlayıb. Qeyd edək ki, məmurun biznes şəbəkəsinin özəyini təşkil edən müəssisələrdən biri də Sumqayıt Texnologiyalar Parkıdır (STP). Burda çalışan işçilər zaman-zaman iş şəraitinin ağırlığı və əməkhaqlarını vaxtında ala bilməmələrinə etirazlarını kəskin formada bildiriblər.

Buna baxmayaraq, STP rəhbərliyi fəhlələrin hüquqlarını tapdalamaqda davam edir, onlara qarşı haqsız münasibət göstərir. Müəssisədə çalışan və adının gizli qalmasını xahiş edən şəxsin redaksiyamıza verdiyi məlumatda işçilərin hüquqlarının kobud şəkildə pozulduğu bildirilir: "Əksər hallarda əmrlə ümumi zavodu işə cəlb edirlər, amma əlavə iş saatına görə heç bir ödəniş olunmur. Hər insanın xeyir, şər işi düşə bilər. Belə məsələlər üçün icazə alanda aylıq maaşımızdan tuturlar. Əlavə təqdimat yazıb işə çağıranda yalnız oklad (maaş) hissəsindən pul ödəyirlər. Oklad isə 500-600 manat civarındadır. Maaş sistemi düzgün qurulmayıb. Bir işçinin əməkhaqqı okladı 200-300 manat olduğu halda, ona 700-800, hətta 1000 manat "paket" verirlər. Digər işçilərə isə 200 manat "paket" təqdim edirlər. Bir şöbədə eyni işi görən adamlar fərqli-fərqli əməkhaqqı alır. Bunu necə başa düşmək olar? Bu, açıq-aşkar ayrı-seçkilikdir. Axı hər ikisi eyni işi görür, nəyə görə onların arasında fərq qoyulmalıdır? Müəssisə rəhbərliyi işçilərin əməyinə düzgün qiymət vermir, ədalət prinsipləri pozulur. İcraçı direktor Sahib Musayev STP-nin fəaliyyətini bərbad hala salıb. Sumqayıt Texnologiyalar Parkında yaxşı vəzifələrdə işləyən şəxslərin əksəriyyəti Etibar müəllimin, eləcə də icraçı direktorun yaxın adamlarıdır. Onlar maaşlarını artıqlaması ilə alır. Adamı, arxası olmayan fəhlələr isə maaşı gecikmə ilə, yaxud əskik alır. Mövcud qanunlara əməl olunmur. Kim texnopark rəhbərliyinə birbaşa və dolayısı yolla yaxındırsa, onun maaşını qaldırırlar. Burda rəhbər işlərdə çalışan şəxslərin bir çoxunun savadı və iş təcrübəsi yoxdur. Sadəcə, adamı olduğu üçün rəis təyin olunub. Belə ədalətsizliyə son qoymaq lazımdır. Nəyə görə sadə işçilərin haqqı tapdalanmalıdır? Xahis edirəm ki, bu məsələni qəzetinizdə işıqlandırasınız. Yuxarılar burda elə bir sistem yaratsınlar ki, əməkhaqqı hamıda eyni olsun və işçilər arasında ayrıseçkilik salınmasın. Bu faktları dərc edin. Mən daha sonra sizə texnoparkın ümumi əməkhaqqı cədvəlini göndərəcəm. Orda hər şey rəqəmlərlə aydın şəkildə göstərilib. Direktordan tutmuş fəhləyə qədər, kim nə qədər maaş, "paket" alırsa, orda qeyd edilib. Düzdür, bəzi adamların "paketi" ora yazılmır. Zavod rəhbərləri, bəzi şöbə müdirlərinə ayrıca şəkildə "paket" paylanır. Onların "paket" maaşı 15-20 min manat arasında dəyişir".

Məsələ ilə bağlı STP rəhbərliyinin münasibətini öyrənmək istəsək də, cəhdlərimiz nəticəsiz qaldı. Hər halda, iri müəssisə ilə bağlı belə ittihamlar ortaya atılıbsa, əlaqədar dövlət qurumları tərəfindən mütləq araşdırma aparılmalıdır. Zavod rəhbərləri və şöbə müdirlərinin ayda külli miqdarda "paket" alması araşdırılması vacib olan məsələlərdən biridir. Qeyd edək ki, bu sistemin mahiyyəti ondan ibarətdir ki, nazirliklərdə, komitə və şirkətlərdə qeyri-rəsmi gəlirlər bir mərkəzə toplanır və ordan əlavə əməkhaqqı adı ilə bölüşdürülür. Bu zaman vəzifəsindən, gördüyü işin "çəkisindən" asılı olaraq "paket" şəklində verilən vəsaitin həcmi də dəyişir. Yuxarı vəzifədə olanlar daha böyük həcmdə "paket" alırlar. Ki, bu da tam qanunsuzdur.

Bu arada, onu da bildirmək istəyirik ki, bir müddət əvvəl "Azərenerji" ASC-nin sədri Etibar Pirverdiyevin adı yenidən mətbuatın gündəminə gəlib. Belə ki, o milyardlarla vəsaiti təyinatı üzrə xərcləməməkdə ittiham olunur. Hər şey "Azərişıq" ASC-nin sədri Baba Rzayevin "Azərbaycan" qəzetinə yazdığı məqalədən sonra üzə çıxıb. Məqalə "Azərişıq"ın perspektivlərinə həsr olunub. Baba Rzayev yazıb ki, ASC-də yenidənqurma işləri, yeni texnologiyaların şəbəkəyə tətbiqi, yüksək peşə hazırlığına malik kadrların hazırlanması işlərinə başlanılıb. Onun sözlərinə görə, bu işləri həyata keçirmək üçün qısa vaxt ərzində tədbirlər planı hazırlanıb, texniki təchizat bazası yaradılıb: "Artıq ölkəmizin bütün rayon mərkəzlərində, qəsəbə və kəndlərində yararsız, istismar müddəti başa çatmış komplekt transformator məntəqələrinin (KTM) yenilənməsi - müasir tipli avadanlıqlarla təchiz edilməsi prosesinə başlanılıb. Yeni güc mərkəzləri həm görünüş baxımından əvvəlkindən fərqlənir, həm də böyük texniki üstünlüklərə malik olmaqla yeni, müasir KTM-lərdir. Bu işlərlə yanaşı, uzun illər istismar olunan ağac dayaqlar yeni dəmir boru dayaqlarla əvəzlənir. Açıq tipli, uzun müddət istismarda olduğu üçün yararsız vəziyyətə düşüb, heç bir standarta uyğun gəlməyən alüminium naqillər özünüdaşıyan (ÖIN) izolyasiyalı kabellərlə dəyişdirilir". ASC rəhbərinin sözlərinə görə, bu tədbirlər abonentlərin elektrik enerjisinə olan tələbatını yaxşılaşdırmaqla bərabər, normadan artıq texnoloji itkilərin azaldılmasına və uçot sisteminin daha təkmil şəkildə aparılmasına müsbət təsir göstərəcək: "Ölkə ərazisində yeni KTM-lər quraşdırılmazdan əvvəl həmin ərazilərdə abonentlərin sayı tam dəqiqləşdirilir, perspektiv inkişaf istiqamətləri öyrənilir və gələcək tələbata uyğun güc mərkəzləri seçilir. Həmin güc mərkəzlərinin qidalandırılması da yeni texnologiyalara əsaslanır. Yeni güc mərkəzlərini qidalandırmaq üçün hava elektrik verilişi xətlərinin yenilənməsi, aralıq məsafənin qısaldılması sahəsində də lazımi tədbirlər görülür. Hazırda rayonlarda 35 kilovoltluq yarımstansiyaların quraşdırılması işləri gedir". Burdan belə məlum olur ki, indiyə qədər rayonlarda, kənd və qəsəbələrdə yararsız, istismar müddəti başa çatmış transformatorlardan istifadə edilib. Kabellər, ağac dayaqlar yararsız hala düşüb. Əhalinin enerji təminatı lazımi səviyyədə deyil. Bir sözlə, ölkənin enerji təchizatında ciddi problemlər var. Halbuki, "Azərenerji"nin rəhbəri ölkədə enerji təchizatının yüksək səviyyəyə çatdırıldığını iddia edirdi. Hesablamalar isə göstərir ki, bütün mənbələr hesabına son illər "Azərenerji" ASC-yə 4 milyard dollara yaxın investisiya yatırılıb. Lakin bunun müqabilində çox cüzi iş görülüb.

Şirkət istehsal etdiyi məhsulu-enerjini maya dəyərindən ən azı 3 dəfə baha satdığı halda, büdcəyə ödəmələr təmin edilməyib, böyük borcları silinib. Bu isə külli miqdarda vəsaitin mənimsənilməsi qənaətini yaradır. Özəl qaynaqların iddiasına görə, adı böyük maliyyə yeyintilərində hallandırılan ASC sədrinin tutduğu postdan kənarlaşdırılması hər an reallaşa bilər.





Xəbərlər
 
 
07-05-2024 12:18
 
 
 
 
 
07-05-2024 09:57
 
 
 
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net