900 bələdiyyə başçısının ölkədən çıxışına qadağa qoyulub – Deputatdan SƏRT TƏNQİD
Bələdiyyələrin fəaliyyətində səmərəliliyin aşağı səviyyədə olması mətbuatda tez-tez qabardılan problemlərdəndir. Yerli özünüidarəetmə insitutlarının regional layihələrdə və inkişafda aktiv rol ala bilməməsi sosial-iqtisadi məsələlərdə bəzi sıxıntıların həllinin gecikməsinə səbəb olur.
Belə olan halda isə, yerli idarəetmə insitutlarının hər ikisinin vəziyyətinin bu cür olması millət vəkilləri və digər ictimai fiqurlar tərəfindən vaxtaşırı qabardılır.
Sözügedən mövzuda Bizim.Media ilə fikirlərini bölüşən millət vəkili Fazil Mustafa bələdiyyələrin fəaliyyətsizliyini sərt tənqid edib.
Millət vəkili ilk öncə bələdiyyələrin maliyyə resurslarının azlığı məsələsinə toxunub:
“1700 bələdiyyədən, 900-nün başçısının ölkədən çıxışına qadağa qoyulub. Təbii ki, bunun səbəbi hər hansı cinayət əməli törətmələri yox, məhz borc məsələsidir. Ümumilikdə bələdiyyələrin hamısında maliyyə problemləri var. Bələdiyyələrə dövlət büdcəsindən 11 milyon vəsait ayrılır ki, nəticədə onlardan hər birinə çox kiçik məbləğ düşür. Onu isə məcburi sığorta kimi ödəyirlər”.
Deputat maliyyə problemləri səbəbindən bələdiyyə insitutlarını “ölü” quruma çevrilməsinin yaratdığı sıxıntılara diqqət çəkib:
“Bu səbəbdən də bələdiyyələr, cansız, ölü bir qurumdur. Onları dirçəltmək üçün hər hansı tədbirin görülməsi düşünülmür. Halbuki bu diqqətə alınsa, bələdiyyə insitutları xidmət sahəsində insanların işini xeyli yüngülləşdirər. Bu olmadığı üçün onlar fəaliyyətsiz bir qurum kimi qalıblar. Hərəsinin binası, yeri var və onu saxlamaqla məşğuldurlar”.
- Bələdiyyələrin bu vəziyyətdən çıxması üçün bir çözüm yolu varmı?
“Çözüm yolu var. Bələdiyyələrə Konstitusiyada nəzərdə tutulan səlahiyyətlərini vermək və yerli idarəetməni onlara tapşırmaq vacibdir. Bundan əlavə, icra hakimiyyətləri ilə bələdiyyələr arasında səlahiyyət bölgüsünü də dəqiq müəyyənləşdirmək lazımdır. Bundan sonra bələdiyyə niyə fəaliyyət göstərməsin ki?”
Fazil Mustafa bələdiyyə insitutlarının səmərəli fəaliyyətinin regional inkişafa da müsbət təsir edəcəyini sözlərinə əlavə edib:
“Yerlərdə inkişafın yeganə yolu budur. İnkişaf ona görə yoxdur ki, xidmət edən yoxdur. Xidmətsə icra hakimiyyətləri vasitəsilə olur ki, onlar da beşini edəndə, onunu etmirlər. Çünki kiməsə hesabat vermirlər və fəaliyyətsizliklərini büdcə sıxıntıları ilə əlaqələndirirlər. Bələdiyyələr isə fəaliyyət qaydasında görə açıq şəkildə görülən işlərin və büdcədən istifadənin hesabatını verir. Bir sözlə, işlərin görülməsi hesabatla bağlıdır. Hesabat olmadıqda isə, büdcənin necə istifadə olunduğunu və hansı işlərin görüldüyünü müəyyənləşdirmək mümkün olmur”.