Şəhid ailəsinin fəryadı...
Tarix: 8-05-2015, 11:15 |
Çap et
Son illər ölkəmizdə əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Vətəndaşların sosial müdafiəsinin yaxşılaşdırılması ölkədə həyata keçirilən sosialyönümlü siyasətin əsas istiqamətlərindən biridir. Bu istiqamətdə görülmüş tədbirlər sistemində ünvanlılıq prinsipinə əməl olunub, aztəminatlı, ailə başçılarını itirən, eləcə də, şəhid ailələri, xüsusi qayğıya ehtiyacı olanlar dövlətin diqqət və qayğısı ilə əhatə olunublar.
Ümumiyyətlə, ölkədəki davamlı tərəqqi ən çox sosial müdafiəyə ehtiyacı olan təbəqənin zəruri tələbatlarını ödəmək üçün yeni imkanlar yaradır. Bu baxımdan, əlil və şəhid ailələrinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması prezident İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Bu kateqoriyadan olan insanlar üçün müasir tələblərə cavab verən fərdi və çoxmənzilli yaşayış binalarının tikilib istifadəyə verilməsi bunun əyani təsdiqidir. Eyni zamanda, dövlət başçısı tərəfindən imzalanan müvafiq fərman və sərəncamlara əsasən, əlillərə ödənilən pensiya və müavinətlərin məbləği hər il artırılıb. Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı döyüşlərdə fiziki sağlamlığını itirmiş vətəndaşlar, həmçinin Böyük Vətən müharibəsi əlilləri, hərbi xidməti vəzifəsini yerinə yetirərkən əlil olmuş şəxslər, 20 Yanvar və Çernobıl əlillərinin mənzil-məişət şəraitləri günbəgün yaxşılaşdırılır. Bunların hamısı ictimaiyyət tərəfindən müsbət dəyərləndirilir. Amma buna baxmayaraq, yerlərdə bəzi vəzifəli şəxslərin özbaşına əməlləri güzəştli kateqoriyadan olan vətəndaşlara ciddi problemlər yaradır. Təəssüf ki, bəzi məmurlar hətta şəhid ailələrinə qarşı da haqsızlıq edir, onların vətəndaşlıq hüquqlarını kobud surətdə pozurlar. Vətənə bir neçə şəhid vermiş İmişli rayon sakini Babaşova Adilə Novruz qızı da məmur özbaşınalığından əziyyət çəkir. İmişli rayonunda, daha dəqiq desək, Təhsil Şöbəsinin binasında məskunlaşmış Adilə xanım dünən redaksiyamıza müraciət edərək Rayon İcra Hakimiyyətinin (RİH) hüquq şöbəsinin müdiri Rahim Zaidov və aqrar məsələlər üzrə şöbənin baş məsləhətçisi, zootexnik Cavad Musayevin qanuna sığmayan əməllərindən şikayətini bildirdi: "Hələ 1986-cı ildə bir qaynım məlum Çernobıl qəzasının qurbanı olub. Daha sonra dövlətimiz müstəqillik qazandı. Bu da xalqımıza elə belə başa gəlmədi. Bunun üçün nə qədər insan öz canından keçməli oldu. Həmin insanlardan bir neçəsi də bizim ailənin üzvləri idi. Belə ki, 1991-ci ildə elan olunmamış Qarabağ müharibəsi başlayanda həyat yoldaşımla qayınatam hər ikisi eyni gündə qəhrəmancasına şəhid oldular. Vətən sağ olsun. Onların ardınca 1992-93-cü illərdə iki qardaşım könüllü olaraq döyüşlərə atıldı. Onlardan biri şəhid oldu, digəri isə sağlamlığını itirdi. Hazırda 1-ci qrup Qarabağ əlilidir. Daha sonra yenə iki yaxın qohumum könüllü şəkildə müharibəyə yollandı. Onlar da Vətən yolunda canlarından keçdilər". Adilə xanım deyir ki, həyat yoldaşını itirəndən sonra çox böyük çətinliklə 2 oğul böyüdüb: "Böyük oğlum hələ də uşaq ikən ata və babasının ölümünün canlı şahidi olduğundan ağır stress keçirib və əsəb pozğunluğuna düçar olub. Bu günə qədər hələ də mütəmadi olaraq onun müalicəsini davam etdiririk. Ailədə yeganə sağlam olan ikinci oğlumdur ki, o da 2004-cü ildə hərbi xidmət zamanı öz sağlamlığını itirərək hərbi əlil dərəcəsi alıb. Gördüyünüz kimi, ailəmiz çox ağır faciələr yaşayıb. İmişli Rayon Təhsil Şöbəsinin yerləşdiyi binada məskunlaşmışıq. Sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı aidiyyəti orqanlardan kömək istəmişdim. Buna cavab olaraq yaşayış yerimə baxış keçirildi və təmirlə əlaqədar işlərə başlandı. Ancaq yekunda görülən işlərin o dərəcədə keyfiyyətli olmadığı üzə çıxdı. Belə ki, mövcud olan mətbəxin dam örtüyü yaxşı təmir olunmadığından yağan yağışın hamısı içəri daxil olurdu və evin əşyaları tam yararsız hala düşmüşdü. O cümlədən həmin otağın divarları nəm çəkdi və bərbad hala qaldı. Vəziyyətlə bağlı İmişli Rayon İcra Hakimiyyətinin memarına müraciət edərək köməklik göstərmələrini istədim. Onlar da öz növbəsində gəlib evə baxdılar, söz verdilər ki, köməklik olunacaq. Aradan bir neçə ay keçməsinə baxmayaraq, hələ də heç bir kömək edilməyib. Hələ üstəlik, icra hakimiyyətinin əməkdaşları əlaqədar dövlət orqanlarına yaşadığımız mənzilin super şəraitdə təmir olunmasını, istilik sisteminin, sanitar qovşağın çəkilməsini bildiriblər. Bunların heç biri doğru deyil. Aidiyyəti şəxslər buyurub yaşadığımız şəraitlə tanış ola bilər. Görülməyən işlər barədə yuxarılara yalan məlumat çatdırılıb. Vətən yolunda neçə şəhid vermişəm. Axı niyə mənə qarşı belə haqsızlıq edilməlidir? Heç olmasa həmin şəhidlərin ruhuna hörmətlə yanaşsınlar. İcra hakimiyyətinin işçisi Cavad Musayev gəlib yaşadığım yerdə məni təhqir edərək bildirdi ki, səsini çıxarma, heç bir şey demə, neynəyək sən şəhid ailəsisən. Bu adamlar bəlkə də müharibə vaxtı orda-burda gizlənmişdilər. İndi isə mənim kimi insanlara hədə-qorxu gəlirlər. Necə olur Vətənin ağrı-acısını çəkə bilərəm, amma azad, firavan yaşaya bilmərəm? Bir şəhid ailəsi olaraq bu qanunsuzluqlara dözə bilmirəm. Yaranmış problemlə bağlı Ombudsman Aparatına rəsmi şəkildə müraciət etmişəm. Ordan isə cavab gəlib ki, guya mənzil yüksək səviyyədə təmir edilib, lakin bu həqiqət deyil. Daha sonra bildirilir ki, oğlum Alqayıt Babayevə İmişli şəhərinin mərkəzində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün guya 135 kv.m torpaq sahəsi ayrılıb. Həmin torpaq sahəsinin nə vaxt ayrıldığını, ümumiyyətlə hansı tərəfdə olduğunu belə bilmirik. Bu da yalandır. İmişli Rayon İcra Hakimiyyətinin rəsmiləri Rahim Zaidov və Cavad Musayev bizə qarşı qərəzli münasibət sərgiləyir. Qəzet vasitəsilə Azərbaycan xalqının fəxri, vətəndaşların qarantı olan cənab İlham Əliyevdən kömək istəyirəm. Tək ümidim onadır". Adilə Babaşovanın oğlu Habil Babaşov da məmur özbaşınalığının qurbanına çevrilib. Habil müəllim deyir ki, hərbi xidmət zamanı sağlamlığını itirib və əlil olub: "Ölkəmizin başçısı çoğ sağ olsun, əlillərə, şəhid ailələrinə hər cür qayğı göstərir. Biz ondan yerlə göy qədər razıyıq. İmişli Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Rahim Zaidov isə şəhid ailəsinə qarşı hörmətsizlik edir. Rayonda şəhid ailələri və əlillər üçün tikilməkdə olan binalarda mənzil növbəsinə dayanmışdım. Rahim müəllim isə mənim adımı həmin siyahıdan bilərəkdən çıxarıb oğlu Mənsur Zaidovun adını ora yazdırıb. Guya onun oğlu hərbi xidmət zamanı əlil olub. Sadəcə, hansısa yollarla oğluna əlillik dərəcəsi alıb. Bizə qarşı nəyə görə bu cür haqsızlıqların edildiyini başa düşə bilmirəm. İcra başçısı Vilyam Hacıyevlə bir dəfə görüşmüşəm və ona dərdimi demişəm. O da aidiyyəti şəxslərə problemin yoluna qoyulmasını tapşırıb. Buna baxmayaraq, Rahim Zaidov və Cavad Musayev öz bildiklərini edirlər". Şəhid ailələrinə qarşı hörmətsizlik etmək, onları incitmək olmaz. Əgər sözügedən məmurlar bunu edirlərsə, mütləq cəzalarını alacaqlar. Şikayətlə bağlı qarşı tərəflərin münasibətini öyrənməyə çalışdıq, amma cəhdlərimiz bir nəticə vermədi. Deyilənə görə, İmişli RİH-in hüquq şöbəsinin müdiri rayonun ən varlı şəxslərindən biri hesab edilir. Bizdə olan məlumata görə, onun rayonun "kruq"unda, daha dəqiq desək poçtun yaxınlığında iki mərtəbəli marketi, Araz çayının sahilində mağazası, restoranı, bundan başqa Bəcrəvan kəndində dükanları və iri fermaları var. Bu barədə gələn saylarımızda ilginc faktları açıqlayacağıq. Bizi izləyin.