Ötən həftə koronavirus xəstələrinin müalicəsini həyata keçirən “Yeni Klinika”nın direktoru Pərviz Abbasovun və Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Baş İdarəsinin Modul Tipli Xəstəxanasının baş həkimi İmran Ağayevin həbs olunması barədə məlumat vermişdik. Hər iki şəxs Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin həyata keçirdiyi əməliyyat zamanı həbs olunub. Onların qurumun digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olub koronavirus xəstələrindən tibb müəssisələrinə yerləşdirmək müqabilində rüşvət alması faktı rəsmi səviyyədə təsdiqini tapıb.
Xatırladaq ki, “Yeni Klinika” ötən ilin mart, Fövqəladə Hallar Nazirliyinin Tibb Baş İdarəsinin Modul Tipli Xəstəxanası isə ötən ilin may ayında istifadəyə verilib. Hər iki koronavirus xəstəxanasının açılışında Prezident İlham Əliyev iştirak edib.
“Yeni Klinika”nın həbs edilən, 40 yaşlı direktoru Pərviz Abbasov Rusiya, Türkiyə və Almaniyada, FHN Modul Tipli Xəstəxanasının 40 yaşlı baş həkimi İmran Ağayev isə Azərbaycanda təhsil alıb. İ.Ağayev son təyinata qədər “MediStyle Dental”, P.Abbasov isə “Caspian İnternational Hospital”ın baş həkimi işləyib.
İnsanların bir dəqiqəlik nəfəs üçün imdad dilədiyi səhiyyə ocaqlarında onlardan xəstəxanaya yerləşmək üçün külli miqdarda rüşvət tələb edilməsi cəmiyyətdə ciddi etirazla qarşılanıb. Özü də bunun dövlət rəhbərliyinin gənc kadrlar olaraq önə çəkdiyi şəxslər tərəfindən həyata keçirilməsi dərin məyusluq yaradıb.
Milli Məclisin üzvü Ceyhun Məmmədov AYNA-ya açıqlamasında baş verən hadisədən dərin təəssüf hissi keçirdiyini deyib: “Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında bu məsələyə toxunaraq məmurlara xəbərdarlıq edib. Açıq şəkildə bəyan edib ki, vəzifəyə öz dədə-baba mülkü kimi baxan şəxslərə qarşı çox ciddi tədbirlər görüləcək. Bilirsiniz ki, bəzi rayonların rəhbərləri həbs olunduqdan sonra onların yerinə təyin olunan yeni şəxslərlə görüşlər zamanı dövlət başçısı bu məsələni xüsusi vurğulayırdı. Azərbaycan bu gün keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Ölkəboyu islahatlar həyata keçirilir və bu islahatlardan ən vacibi korrupsiyaya qarşı mübarizə tədbirləridir”.
“Son həbslər onu göstərir ki, ortada çox ciddi siyasi iradə var və bəzi məmurlar bu kimi əməllərindən əl çəkməlidirlər. Kim ki bu xəbərdarlıqdan lazımi nəticəni çıxarmır, onlarla bağlı da mərhələli şəkildə hüquqi ölçü götürüləcək. Son baş verən həbslər bunun bariz nümunəsidir”, - deyə deputat bildirib.
Həbs olunan məmurların gənc olmasından danışan C.Məmmədovun sözlərinə görə, adıçəkilən şəxslər onlara göstərilən etimaddan sui-istifadə ediblər: “Bilirsiniz ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da koronavirus geniş şəkildə yayılıb. Hər gün minlərlə yeni yoluxma qeydə alınır. Vəziyyəti ağır, ev şəraitində müalicəsi mümkün olmayan şəxslər həmin müəssisələrə yerləşdirilirlər. Hər iki tibb mərkəzi strateji əhəmiyyətli klinikalar idi və koronavirusa yoluxmuş ağır xəstələri həyata qaytarmaq kimi nəcib və məsuliyyətli missiya daşıyırdılar”.
“Amma biz nəyi gördük? Onlar ağır xəstələri rüşvət qarşılığında xəstəxanaya qəbul etdilər. Çox utancverici hadisədir. Həm də gənc kadrların belə bir iyrənc əməllərə yol verməsi təəssüf doğurur. Bu, həm də çox ciddi mesajdır. Nəzərə alanda ki, biz 44 günlük Vətən müharibəsi zamanı düşmənlə yanaşı, pandemiya ilə də mübarizə apardıq, heç kimin haqqı yoxdur ki, insanların heysiyyatı ilə oynasın”, - deyə həmsöhbətimiz vurğulayıb.
ReAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli hesab edir ki, kadr siyasəti vacib olsa da, əsas məsələ sistemlə bağlıdır. “Əgər oyun qaydaları düzgün aparılmırsa, sistemin özündə ciddi problemlər varsa, bu kimi hallar həmişə olacaq. Bu baxımdan məsələyə kompleks yanaşmaq lazımdır. Həm qanunvericilik səviyyəsində, həm idarəetmənin forması, həm hesabatlılıq mühiti həllini tapmayana qədər bu kimi hallarla vaxtaşırı qarşılaşacağıq”, - deyə o, AYNA-ya açıqlamasında bildirib.
Müsahimizin fikrincə, belə olduğu təqdirdə kadr siyasəti də effekt verməyəcək: “Sovetdən qalma psixologiya bundan ibarətdir ki, kadrlar hər şeyi həll edir. Lakin bu, qətiyyən belə deyil. Kadrların gəncləşməsi, yaxşı təhsilli gənclərin önə çəkilməsi sistemin ayıblarını örtmür. Nəinki onlar sistemə yenilik gətirirlər, əksinə, özləri sistemin tərkib hissəsinə çevrilirlər. Düzdür, kadrların seçilməsi məsələsi də önəmlidir, amma yeganə həlledici amil deyil. Bir halda ki, könhə sistem və mexanizmlər qalıb, bütün bu tədbirlər nəticəsiz olacaq”.
N.Cəfərli vəziyyətdən çıxış yolunu düzgün nəzarət mexanizminin formalaşmasında görür: “Əgər şəffaf nəzarət mexanizmi yaranarsa, o zaman həm korrupsiya, həm də rüşvətxorluqla bağlı məsələləri həll etmək mümkündür. Yeni sistem və yeni oyun qaydalarının tətbiqi vacib amillərdir. Burada maaş məsələsindən tutmuş əməyin ödənilməsinə qədər bir çox məsələlər öz həllini tapmalıdır. Məsuliyyəti yükləyib, maaşı az verəndə ortaya rüşvətxorluq faktları da çıxacaq. Bu, təbiddir”.
“Baş verən hadisə dərin təəssüf doğurur və heç bir halda təqdir oluna bilməz. Son dövlər Azərbaycanda səhiyyə sahəsində müəyən islahatlar həyata keçirildi. Yeni xəstəxanalar tikildi, çarpayılar alındı və s. Lakin insan problemi hələ də qalır. Türkiyə təcrübəsinə nəzər yetirsək, görərik ki, orada sistem qurulub və xəstələrin yerləşməsinə heç bir kənar müdaxilə mümkün deyil. Bütün hallarda vicdan tərəzisinə ehtiyac qalmamalıdır. Bunun üçün mükəmməl sistem yaradılmalıdır”, - deyə ReAL yetkilisi qeyd edib.
“İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı AYNA-ya şərhində söyləyib ki, baş verənlər səhiyyə sahəsində ciddi problemlərin olduğunu göstərir: “Bilirsiniz ki, Prezident İlham Əliyevin sərəncamı ilə Oqtay Şirəliyev səhiyyə naziri vəzifəsindən azad olundu. Nəinki paytaxt Bakıda və böyük şəhərlərdə, ən ucqar kəndlərdə belə, ən müasir səhiyyə ocaqları tikilib istifadəyə verilib. Koronavirus dövründə istifadəyə verilən xəstəxanalarda bütün imkanlar yaradılıb. Lakin biz nəyin şahidi oluruq? Ağır vəziyyətdə olan koronavirus xəstəsindən xəstəxanaya yerləşmək üçün rüşvət tələb olunur. Özü də bunu həyata keçirən həmin müəssisələrin rəhbərləri və yanlarında saxladıqları mütəşəkkil dəstələridir”.
O, hesab edir ki, sözügedən baş həkimlərin həbsi labüd idi: “Və baş verənlər Prezident İlham Əliyevin xəbərdarlığından nəticə çıxarmayan məmurlar üçün növbəti mesajdır. Əgər kimsə düşünürsə ki, bu cür əməllərlə vəzifədə qalıb işləyə biləcək, yanılır. Son hadisələr də bir daha bunun təsdiq oldu”.
Gənc kadrların bu addımından məyusluq keçirdiyini deyən F.Şahbazlı baş verənləri ölkə səhiyyəsi adına utanc kimi dəyərləndirir: “Belə həssas dönəmlərdə möhtəkirlik etdiyi üçün həbs edilən baş həkimlərin tərcümeyi-halı diqqət çəkir. Hər ikisi yüksək təhsilli, xarici ölkələrdə böyük təcrübə qazanmış gənc həkimlərdir. Etdikləri əməllər isə dəhşət saçır. Demək ki, vətənə, xalqa, dövlətə ləyaqətlə xidmət üçün yalnız gənc və təhsilli olmaq yetərli kriteriya deyilmiş. Gənc olmaqla yanaşı, ən vacibi vicdanlı, gözütox, sadə xalqın arasından çıxıb millətimizin övladlarına yuxarıdan aşağı nəzərlərlə baxmamaqdır. Gənckən yüksək etimada layiq görülənlərin bunu dəftərin bir kənarına yazmalarında fayda var”.