Hər addımda büdrəyən ədliyyə sistemimiz... - İTTİHAM
Novruz bayramı ərəfəsində Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin əfv sərəncamı ilə xeyli sayda məhbusun cəzasının çəkilməmiş hisəsindən azad edilməsi onların özlərinə və ailələrinə hüdudsuz sevincə bəxş edən böyük bayram hədiyyəsi oldu. Dövlətimizin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş humanist siyasətini alqışlayan Azərbaycan cəmiyyəti artıq çoxdandır ki, böyük bayramlar münasibətilə dövlət başçısının imzaladığı əfv sərəncamlarına, Milli Məclisin qəbul etdiyi amnistiyalara ümid edir. 30 illik həsrətə son qoyan Qələbədən böyük nə bayram ola bilər ki?! Ona görə də Azərbaycan xalqı bu münasibətlə də dövlətimizin humanist addım atacağına şübhə etmirdi. Ümid edirik ki, dövlətin bu humanist siyasətindən bəhrələnən vətəndaşlarımız cəmiyyətin tərəqqipərvər qüvvələrinin sırasında yer alacaqlar.
Ancaq məsələnin başqa bir tərəfi də var. Əfv edilənlərin arasında haqsız yerə, yaxud da layiq olduğundan artıq cəzaya məhkum edilənlər də az deyil. Ədalətsiz məhkəmələrdə çəkişməyin əhəmiyyətsiz olduğunun fərqinə varan, təqsirsizliyini sübut edə bilməyən xeyli sayda vətəndaş nicat yolunu dövlətimizin humanist siyasətindən bəhrələnməkdə görür və günahsız olsa da, əfv diləmək məcburiyyətində qalır. Bu nöqteyi-nəzərdən, dövlətin, onun başçısının humanist siyasəti bir növ ölkənin ədliyyə sistemindəki neqativ halları “malalamış” olur.
Sistem isə uçuruma yuvarlanmaq üzrədir. Femidanın tərəzisinin şər gözü xeyir tayından ağır gəlir. Səbəb subyektivdir, sistemdə çalışan rəhbər vəzifəli məmurların səbatsızlığıdır.
Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin rəis müavini Mehman Soltanovun yalnız quru maaşa işlədiyinə heç kim inanmaz. Ən azı malik olduğu ev və mənzillərin qonşuluğunda yaşayan, onun özünün və ailə üzvlərinin dəbdəbəli həyat tərzinə bələd olan insanlar. Təsəvvür edin, M.Soltanov paytaxtın Nəsimi rayonunda yerləşən villasının yaxınlığında yeni tikilmiş “göydələn” binanın 17-ci mərtəbəsində 6 otaqlı mənzil alıb, həmin mənzili yüksək dizaynla lüks təmir elətdirib. Mənzilə albalı rəngində dəyəri 1200 manatdan yuxarı olan 7-ədəd qapı qurdurur, elə həmin rəngdə mətbəx mebel və avadanlıqları ilə təchiz elətdirir. Sonra da bütün bunları ailə üzvləri bəyənmir deyə hamısını söküb təzələməli olur. Sual olunur: Soltanovlar ailəsinin bu qədər ərköyün yaşayış meyarlarını qarşılamaq, izafi tələbatlarını ödəmək üçün vəzifə maaşı yetərlidirmi? Əlbəttə ki yox. M.Soltanovun malik olduğu ölçüyəgəlməz haram kapitalı, beznesi barədə oxucularla irəliləyən görüşlərimizdə məlumat verəcəyik. Hələliksə...
Hələliksə, ortaya çıxan digər haqlı bir suala cavab axtaraq: Elə isə M.Soltanovun haram gəlir mənbələri haradan qaynaqlanır?
Bakı şəhəri, Nəsimi rayonu, E.Tağızadə küçəsi-10, mən-9 ünvanında qeydiyyatda olan vətəndaş Arif Qabil oğlu Məmmədovun bu suallara öz cavabı var. Onun fikrincə, M.Soltanov bunca topdağıtmaz var-dövlətə, mülk-səltənətə rəhbərlik etdiyi sektorun nəzarətində olan notariat kontor və ofislərinin rəhbərlərinin korruptiv əməllərinə göz yummaq, qanunsuz işdəycələrini ört-basdır etmək sayəsində yiyələnib. Necə deyərlər, əl əli yuyub, əl də üzü. Rəisin əlbir olduğu məşhur notariuslardan biri də Bakı şəhəri Xətai rayonunda fəaliyyət göstərən 6 saylı notariat ofisinin xüsusi notariusu Ərəstun Loğman oğlu İmanovdur. A.Məmmədov təxmin edir ki, Ə.İmanov onun başına açdığı oyuna görə cəzasız qalıbsa, demək fəaliyyəti dövründə çoxlu sayda analoji qanunsuzluqlara imza atıb, möhür basıb və indi də davam etməkdədir. Onun imza və möhürnün altında isə marağını təmin etdiyi tərəflərin ona “minnətdarlıqları”, hüquq və mənafeyini tapdaladıqları şəxslərin isə qarğışları durur. Təbii ki, bu işdəycələr heç də təmənnasız olmur.
A.Məmmədov iddia edir ki, Ə.İmanov 4 yanvar 2020-ci il tarixdə onun adından mülkiyyətində olan 99 NU-734 nömrə nişanlı avtomobili borclu olduğu Bağırov Samir Rafiqoviçə verilməsini rəsmiləşdirən baş etibarnaməni mülkiyyətçinin şəxsiyyət vəsiqəsi ilə deyil, sürücülük vəsiqəsinin rekvizitləri əsasında təsdiqləyib. Bundan başqa, etibarnamə verilən şəxsin də həmin an şəxsiyyət vəsiqəsi üstündə olmayıb. Sənədin şəklini vatsapp vasitəsilə çəkib göndəriblər. Üstəgəl, təzələnməli olan etibarnamənin də vaxtı keçibmiş.
A.Məmmədov həmçinin bildirir ki, Ədliyyə Nazirliyi və digər dövlət və hökumət strukturları ilə uzun yazışmalardan sonra yalnız Ə.İmanova xəbərdarlıq edilməsinə nail olub. Bu, həddən artılq yumşaq intizam tədbiri barədə A.Məmmədova Ədliyyə Nazirliyi Notariat idarəsinin rəis müavini Mehman Soltanovun imzası ilə təsdiq olunmuş 05/14-08/7-13 saylı məktubla cavab verilib. Ancaq M.Soltanov bundan artığını etməyib, daha doğrusu, etmək istəməyib. Nəticə isə əlbəttə ki, maddi və mənəvi ziyana düşən A.Məmmədovu qane etmir.
Xüsusi notarius Ə.İmanovla bağlı məsələ aydındır – o, “toxunulmazlar” siyahısına aiddir. Zülməıtdə hansı daşı qaldıdırsın, altından onun imzası, möhürü çıxır. İnternetdə adını yazıb axtarış elan edəndə açıq mənbələrdə İmanovun adı qalmaqallı hüquqpozma olaylarında çəkilir. Bununla əlaqədsar prokurorluqda dindirilmək, məhkəmələrdə ifadə vermək onun üçün adi iş reqlamentinə çevrilib. Amma həmişə necə olubsa, “sudan quru çıxmağı” bacarıb. Çünki qol qoyduğu ilk əyintilərə göz yumulub.
Ə.İmanov kimi “qurd ürəyi yemiş” saxtakar notariusların “vur” deyəni M.Soltanovun bunca özündənrazılığı, hegemonluq etməsi birmənalı olaraq ondan xəbər verir ki, ədliyyə naziri Fikrət Məmmədov yerində deyil.
Nyus.Az