Səlim Müslümovu hədəfə gətirən daha bir işçisi
Tarix: 28-04-2015, 10:49 | Çap et
Səlim Müslümovu hədəfə gətirən daha bir işçisi
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu günlərdə tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası sisteminin təkmilləşdirilməsi istiqamətində görülən işlərin müzakirəsinə həsr olunmuş iclas keçirdi. Nazir prezidentin tapşırığına uyğun olaraq nazirliyin fəaliyyət sahələrində, o cümlədən tibbi-sosial ekspertiza sahəsində şəffaflığın təmin olunması yönündə konkret işlərin görüldüyünü, bu sahəyə nəzarətin xeyli gücləndirildiyini bildirib:

"Aparılan işlərin nəticəsi kimi bu ilin ötən dövründə əlilliyi olan şəxslər arasında tam reabilitasiya göstəricisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 faizdən 3,8 faizə, hissəvi reabilitasiya 0,7 faizdən 2,6 faizə yüksəlib. Təkrar olaraq əlillik müəyyən edilənlərin sayı 6338 nəfər azalıb. Qeyd olunan dövrdə tibbi göstərişi olan əlillərə 569 ədəd əlil arabası, 369 ədəd eşitmə aparatı verilib. Bu müddətdə nazirliyin bərpa mərkəzlərində 6618 nəfərə bərpa-müalicə xidməti, 4042 nəfərə protez-ortopedik xidmət, o cümlədən 15 rayonda səyyar formada protez-ortopedik xidmət göstərilib. İxtisaslaşmış müalicəyə ehtiyacı olan 76 nəfər əlilliyi olan şəxsin, 85 nəfər sağlamlıq imkanları məhdud uşağın xarici ölkələrdəki reabilitasiya mərkəzlərində bərpa-müalicəsi təşkil olunub". Səlim Müslümov həmçinin Tibbi-Sosial Ekspert Komissiyalarına (TSEK) müraciətlərin yaxın vaxtlarda elektron sistemə keçiriləcəyini bildirib. Həqiqətən də, Səlim Müslümov nazir vəzifəsinə keçəndən sonra saxta yollarla əlillik dərəcəsi alan şəxslərin üzə çıxarılması və TSEK-lərdə şəffaflığın təmin edilməsi istiqamətində mühüm işlər görülüb. Buna baxmayaraq, əyalətlərdə yerləşən Tibbi-Sosial Ekspert Komissiyalarının bir neçəsində qanunsuz işlər cərəyan etməkdədir. Redaksiyamıza daxil olan məlumatlara görə, Şabran Tibbi-Sosial Ekspert Komissiyasının yarıtmaz fəaliyyəti nəticəsində rayonda "əlillərin" sayı durmadan artır.

Etibarlı mənbənin Vertikal.az-a bildirdiyinə görə, komissiyanın sədri Ağaməhəmməd Hüseynov nazirlik səviyyəsində aparılan bir sıra işlərə əhəmiyyət verməyərək TSEK-də müxtəlif qanunsuzluqlar törədir: "Komissiyanın keçmiş sədri İmran Məmmədov idi. O keçən ilin fevral ayında vətəndaşlardan rüşvət aldığına görə aidiyyəti hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs edildi. İmran Məmmədov rayonun yarısına demək olar ki, qeyri-qanuni şəkildə əlillik dərəcəsi vermişdi. Onun yerinə təyin olunan Ağaməhəmməd müəllim də təəssüf ki, ümidləri doğrulda bilmədi. Çünki əlillik dərəcəsi almaq üçün komissiyaya müraciət edən vətəndaşlar əvvəlki dövrdə olduğu kimi, heç bir səbəb olmadan süründürməçiliyə məruz qalırlar. "Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında" Qanunda qeyd olunur ki, anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil sayılır. Bütün əlillərə qanunvericiliklə müəyyən olunmuş növdə sosial yardım göstərilir. Şabran Tibbi-Sosial Ekspert Komissiyasının sədri və üzvləri isə bir çox hallarda qanunun bu tələblərinə əməl etmirlər. Belə ki, komissiyadan qanunsuz yollarla əlillik qrupu alan şəxslərin sayı onlarladır. Həqiqi əlilliyi olan şəxslərə isə dərəcələr verilmir. Komissiya üzvləri onların sənədlərini düzgün formada araşdırmır. Yaxud müəyyən müddət get-gələ salınandan sonra bəzi vətəndaşlar əlillik dərəcəsinə layiq görülürlər. Şabranda saxta yollarla əlillik qrupu almaq istəyənlər komissiyanın xüsusi işçilərinin vasitəsilə sədr Ağaməhəmməd Hüseynovun qəbuluna düşürlər. Kim onun "şərt"i ilə razılaşırsa, qısa zaman ərzində əlillik dərəcəsi alır. Bundan başqa, qrupunu 3-dən 2 və 1-ci qruplara dəyişən əlillərin də köməyinə komissiya sədri çatır. 3-cü qrup əlillər TSEK sədrinə 1000-2000 dəfə sağ ol deməklə əlillik dərəcələrini dəyişir". Məsələ ilə bağlı Ağaməhəmməd Hüseynovun münasibətini öyrənmək istəsək də, cəhdlərimiz bir nəticə vermədi. Yaxşı olardı ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin səlahiyyətli şəxsləri Şabran TSEK-də yoxlamalar həyata keçirib qaranlıq məqamlara aydınlıq gətirsinlər.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net