Avqustun 18-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST dünya ölkələrinə müraciəti yayıldı. Qurumun baş epidemioloqu Mariya Van Kerxove bütün ölkələrə müraciət edərək, koronavirusla mübarizə üçün təkrarən ciddi məhdudiyyətlər qoymamağı tövsiyə etdi.
Onun sözlərinə görə, bu, son altı ayda səhiyyə, sosial və iqtisadi sahələrdə fəsadların xəstəliyin fəsadlarından daha çox olması ilə əlaqədardır. Karantin əvəzinə doktor Maria Van Kerkhove "lokal strategiyalar" tətbiq etməyi təklif etdi.
“ÜST karantin tətbiq etməyi tövsiyə etməyib. Total karantin xəstəliyin çox sürətlə yayıldığı bir neçə ölkədə tətbiq edilməli idi. Ancaq ümid edirik ki, ölkələrə yenidən karantin tətbiq etmək lazım olmayacaq. Koronavirus peyvəndi yaxın altı ayda hazır olmayacaq, buna görə infeksiyanın yayılmasının qarşısını almaq üçün indiki mövcud “xüsusi, lokallaşdırılmış” yanaşmalardan istifadə etmək yaxşıdır. Bunlara təmasların izlənməsi, kütləvi testlər, tibb müəssisələrinin təchiz edilməsi, sosial məsafə və maskalardan istifadə daxildir”, - bildirib.
Azərbaycan koronavirusun yayılmasından sonra dəfələrlə sərt karantin rejimi tətbiq edən ölkələr sırasındadır. Koronavirusla mübarizə üçün Nazirlər Kabineti yanında Operativ Qərargah da yaradılıb. 5 avqust 2020-ci ildə Azərbaycanda sərt karantin rejimi yumşaldılsa da, bir çox məhdudiyyət hələ də qalmaqdadır.
Bəs, Azərbaycan hökuməti ÜST-nin tövsiyələrinə əməl edəcəkmi? TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyevanın AYNA-ya verdiyi məlumata görə, Maria Van Kerxove bütün ölkə daxilində sərt karantin tətbiq edilməməsinə çağırış edib: “O, ölkənin bir hissəsində karantin tətbiq edilməsi ilə bağlı bir şey söyləməyib. Azərbaycan həmişə ÜST-nin bütün tövsiyələrini nəzərə alır”.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan isə bildirdilər ki, onlar hələ bu məsələni araşdırmalıdırlar.
ÜST yalnız bütün ölkə daxilində ciddi karantin tətbiq olunmasının əleyhinədir? Bu suala cavab almaq üçün Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı ilə də əlaqə saxlamağa çalışdıq. Lakin ÜST-nin Bakı nümayəndəliyinin əməkdaşları bizə bildirdilər ki, xanım Harmancı yalnız “Facebook”da ona verilən suallara cavab verir. Suallarımızı Hande xanımın “Facebook” səhifəsinə göndərdik, amma təəssüf ki, iş gününün sonuna qədər ondan heç bir cavab ala bilmədik.
Ölkənin baş infeksionisti Cəlal İsaev AYNA-ya açıqlamasında qeyd etdi ki, əgər ölkə vətəndaşları tibbi maskalar taxırsa, sosial məsafəni saxlayır və gigiyena qaydalarına riayət edirsə, o zaman ciddi karantin tətbiq olunub-olunmamasından asılı olmayaraq, ölkədə koronavirusun yayılması aşağı səviyyədə qalacaq.
Odur ki, xəstəliyin yayılıb-yayılmamsından və karantin rejiminin hansı bölgələri əhatə edib-etməməsindən asılı olaraq, hamımız bu sadə qaydalara riayət etməliyik. Özümüzə görə olmasa da, heç olmasa yaxınlarımıza görə. Onda ÜST-dən ya da başqa kimdənsə təlimat gözləməyə ehtiyac qalmayacaq...