Məktəb müəllimi nazirə yazdığı açıq məktubda konkret faktlar açıqladı
Tarix: 24-04-2015, 11:53 |
Çap et
Cəlilabad rayon Göytəpə 1 saylı orta məktəbin müəllimi Əkbərov Vasif Cannar oğlu Təhsil Naziri Mikayıl Cabbarov cənablarına açıq məktub ünvanlayıb. Vətəndaş bildirir ki, kifayət qədər korrupsiyalaşmış Cəlilabad rayon təhsilində keçmiş müdir işdən uzaqlaşdırılanda və yerinə Vidadi Dövlətov təyin olunanda təhsil sahəsindəki problemlərimizin düzələcəyinə ümüdlərimiz artdı. Əvvəllər elə belə də oldu.
Qeyri-qanuni ianələr, "qəzet pulu", əmək haqqından faiz tutulmalarına şəxsən Vidadi Dövlətov tərəfindən qəti qadağa qoyuldu. Keçmiş RTŞ müdiri tərəfindən "hörmətlə" təyin olunan direktorlara xəbərdarlıqlar edildi. Məktəblərdə kollektivlə görüşlərə gedən Vidadi Dövlətov bütün müəllimlərə söz verdi ki, bundan sonra müxtəlif adlarda pul yığımlarının qarşısını alacaq və sizdən kim pul istəsə, dərhal mənə xəbər verilsin. Amma sonra ən xırda problemlərlə bağlı bizi susdurmağa və belə şəxslər müdafiə olunmağa başlanıldı.
Cəlilabad rayon Göytəpə 1 sayli tam orta məktəbin direktorunun 65 yaşı tamam olduqdan sonra yerinə müvəqqəti qoyulan rus dili müəllimi (baxmayaraq kollektiv başqasını istəyirdi) şikayətlərin olmasına baxmayaraq, direktor təyin olundu. Kollektivimiz bu barədə saysız-hesabsız şikayətlər etməsinə baxmayaraq, müxtəlif üsullarla rəhbərlikdə qalmağı bacaran direktor bu günə qədər hələ də pul yığmağa davam edir. Yığdığı pulu, məsum sifəti və göz yaşları ilə özünə çatmadığını, sadəcə yuxarılara verdiyini deyən direktor məktəbimizi əməlli-başlı talan etməkdədir. Məktəbi bazara çevirən Reyhan Cəfərova kimsə pulu verməsə direktorluqdan istifadə edərək qarğışa keçir. Özünü namaz əhli elan edən direktorumuzun zərrə qədər halal işlə məşğul olmasına kimsə şəhadət gətirə bilməz.
Fakultativ dərslər, şahmat dərsləri və digər dərsləri müəllimlərin adına yazıb, puluna sahib çıxan direktor məktəbdə dərsin keyfiyyətini aşağı salmaqla yanaşı həm də dövlət büdcəsini mənimsəyir. Xəstəlik və ya başqa yerlərdə işləməyə gedən müəllimlər direktorla əlbir olub saxta bülütenlə onun büdcəsini doldururlar. Seçkiyə ezam olunanlar da dərsləri özlərinə dedirdib, bu cur maxinasiya ilə maliyə pozğunluğuna yol verirlər. Elə bir müəllim yoxdur ki, direktor tərəfindən istismar edilməsin. Səslərini çıxaranlar müxtəlif üsullarla susdurulur. Etdiyimiz şikayətlər isə ənənəvi qaydada həll edilir . Təhsil Nazirliyinə edilən şikayyətlər nazirlikdə bizim zona üzrə məsul şəxs Əhliyət müəllimə həvalə edilir. O isə Cəlilabad RTŞ müdiri Vidadi Dövlətova,bu isə məktəbimizin inspektoru Sərxan müəllimə həvalə edir. Sərxan müəllim də hər zaman olduğu kimi şikayətçini razi sala bilməsə, 5-6 nəfər yalançı şahidin izahatı ilə şikayətçini yalançı çıxararaq işi bağlayırlar. Bütün müəllimlərin problemi eynidir. Təhsil Nazirliyi bununla bağlı tədbir görməlidir. Hər kəsi böhtançı adlandırmaqla problemi həll etmək olmaz.
Mən başqasının adından danışmıram, şəxsən öz adımdan deyib imzamla təsdiq edirəm ki, direktorumuz Reyhan Cəfərova məndən 7 aydır hər ay 60 manat pul alır. Qəzet pulu adıyla 3 aydır bütün müəllimlərdən olduğu kimi ayda 10 manat və 20 manat da aylıq pulu istəyir. Məktəbdəki antisanitariya şəraitinə görə cərimələndiyinə görə 3 manat istəyir. Qışda odun pulu və.s pullardan artıq bezmişik. Sizdən bir daha xahiş edirəm ki , bizi Cəlilabad RTŞ-nin qanunsuzluqlarından xilas edəsiniz.