Müdafiə Nazirliyinə aid torpaqların satılmasına kim rəvac verib?
Tarix: 23-04-2015, 11:53 | Çap et
Müdafiə Nazirliyinə aid torpaqların satılmasına kim rəvac verib?
Xatırlayırsınızsa, ötən saylarımızın birində sabiq müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin 18 illik nazir fəaliyyəti dövründə yol verdiyi nöqsanlar barədə ətraflı məlumat vermişdik. Artıq çoxlarına bəllidir ki, əsasən kabinet generalı kimi xarakterizə olunan bu şəxsin adı təcrübəli, peşəkar polkovnik Cahangir Rüstəmovun ölümündə hallanır. Sabiq nazirin Çexiya ilə sıx əlaqəsinin olması da daha heç kimə sirr deyil.

Belə ki, əldə olunmuş məlumatlara görə, Səfər Əbiyevin ikili vətəndaşlığı var. Yəni o, Azərbaycanla bərabər Çexiyanın da vətəndaşıdır. Onun Çexiyanın Karlovı-Varı bölgəsində əzəmətli malikanəyə sahib olduğunu vurğulayan məlumatlı şəxs bildirir ki, keçmiş müdafiə nazirinin böyük oğlu Ruslan Əbiyev vergi orqanlarında, kiçik oğlu Roman Əbiyev isə prokurorluq sistemində çalışır. Bundan başqa, Səfər Əbiyevin uzun müddət Müdafiə Nazirliyinin geyim şifarişlərini öz nəzarətində saxladığını iddia edən mənbə qeyd edir ki, hazırda "Baki Əyirici Toxucu" ASC və Bakı Tikiş fabriki məhz sabiq nazirin himayəsindədir: "Bu müəssisələrin Müdafiə Nazirliyinin tenderlərində qalib gəlməsi adı ilə onun bank hesabına o qədər böyük məbləğdə pullar köçürülüb ki, artıq onların sayı-hesabı da itib. Deyilənlərə görə, Səfər Əbiyevin nazir postunda təmsil olunduğu müddətdə Müdafiə Nazirliyinin balansında olan və müdafiə nazirlərinin xidməti yaşayışı məqsədi ilə ayrılmış 1000 kvadratmetr sahəsi olan yaşayış evini, eləcə də 1 hektardan çox torpaq sahəsini özəlləşdirib".

Sabiq müdafiə nazirinin paytaxtın, eləcə də ölkənin digər şəhər və rayonlarında çoxlu sayda villasının, mənzillərinin, biznes obyektlərinin olduğunu vurğulayan məlumatlı şəxsin sözlərinə görə, onun əmlaklarının qiyməti 100 milyonlarla ölçülür: "Mətbuatda İsa Nəcəfova məxsus olduğu iddia edilən "Tusi" Klinikası da əslində Səfər Əbiyevin obyektlərinən biridir. Bundan başqa, onun nazir vəzifəsində çalışdığı dönəmlərdə Müdafiə Nazirliyinə aid satdığı torpaqların siyahısı da bəllidir. Belə ki, Səfər Əbiyev Ə.Ələkbərov küçəsində 6 hektar torpaq sahəsini, keçmiş Ali Hərbi Məktəbin parkını (10 hektar), Biləcəri qəsəbəsində hərbi ticarət bazasının torpağı (20 hektar", Müdafiə Nazirliyinə məxsus hərbi ticarət idarəsinin torpaq və qurğularını, Badamdar qəsəbəsində hərbi hissələrin hektarlarla ərazisini, Həzi Aslanov qəsəbəsində hektarlarla sahəni, Montin qəsəbəsində hərbi müəssisə və zavodların ərazisini, Masazırda köhnə hərbi kolxozun ərazisini, Köhnə Əhmədlidə, Zığ qəsəbəsində, Dərnəgüldə, Qalada, Pirallahıda, Pirşağıda 10 hektarlarla ərazini ayrı-ayrı şəxs və qurumlara satılmasına rəvac verib".

Sabiq müdafiə nazirinin yaxın adamlarının hazırda həm Azərbaycanda, həm də ölkədən kənarda irimiqyaslı biznes fəaliyyəti ilə məşğul olduğunu deyən mənbə bildirir ki, Səfər Əbiyevin Moskva ətrafında bağ evləri, yəhudi əsilli iş adamları ilə şərikli biznesi, Almaniyada, Türkiyədə, Birləşmiş Ərəb Əmirliklərində, İtaliyanın Milan şəhərində böyük malikanələri, Macarıstan və Rusiyada bank hesabları var: "Səfər Əbiyevin bir qardaşı Nazim Əbiyev Bakı qarnizonu və ətraf hərbi hissələrdə yerləşən kafe və dükanlara nəzarət edir. O, həmçinin Müdafiə Nazirliyinə aid mənzil istismar sahələrinə kuratorluğu həyata keçirir. Nazim Əbiyev keçmiş hərbi ticarət idarəsinə məxsus binanı özəlləşdirərək orada supermarket açıb. Sabiq nazirin qardaşı Müdafiə Nazirliyinin ümumi işlər idarəsinə məxsus binanı özəlləşdirərək burada şərikli bank yaradıb. Səfər Əbiyevin digər qardaşı Məhəmməd Əbiyev keçmiş sürücü, indi isə iri biznesmendir. O, uzun müddət Həzi Aslanov qəsəbəsində Müdafiə Nazirliyinə aid torpaqların qanunsuz satışına rəhbərlik edib. Nazirin böyük qardaşı Cəlal Əbiyev isə bəzi hərbi komissarlıqları təngə gətirməklə ad çıxarıb".

"Keçmiş müdafiə naziri Səfər Əbiyevin qardaşı Nazim Əbiyev, mənzil hərbi hissəsinin sabiq işçisi Eldar Səlimzadə və başqaları etibarımdan sui-istifadə edərək saxta sənədlərlə Müdafiə Nazirliyinin balansında olan C.Naxçıvanski adına hərbi liseyin su anbarının ərazisində torpaq sahəsi satmaq adı ilə mənim 63 min manat pulumu mənimsəyiblər". Bu sözləri isə Xətai rayon sakini Bəhlul Abdulla oğlu Xəlilov bu günlərdə mətbuata ünvanladığı şikayətində bildirib. Onun sözlərinə görə, üzləşdiyi dələduzluqla bağlı baş prokurorun birinci müavini Rüstəm Usubovun qəbulunda olub: "2007-ci ildə mən dələduzluğun qurbanı oldum. Bu barədə hüquq-mühafizə orqanlarına etdiyim şikayət nəticəsiz qaldı. O zaman hələ müdafiə naziri Səfər Əbiyev idi deyə şikayətin ədalətli araşdırılması və mənə dəymiş zərərin ödənilməsi üçün cinayət işi açılmadı. Mənə açıq şəkildə deyildi ki, bu problemin həllini istəyirəmsə dövlət başçısına, Ali Baş Komandana müraciət etməliyəm. Artıq Səfər Əbiyev nazir deyil, mən tələb edirəm ki, dələduzluq hadisəsi ilə bağlı cinayət işi açılsın və mənə dəymiş zərər ödənilsin".

Məsələ ilə bağlı qarşı tərəfin də fikirlərini yaymağa hazırıq.

(Ardı var)





Xəbərlər
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net