Goranboy sakinləri qarşıdan gələn yaya hazır deyillər...
Tarix: 17-04-2015, 10:14 | Çap et
Goranboy sakinləri qarşıdan gələn yaya hazır deyillər...
Vertikal.az-a yeni daxil olan məlumatlarda Goranboy rayon Subartezian Quyuların İstismarı İdarəsinin fəaliyyətində yer almış çoxsaylı nöqsanlardan şikayətlər yer almışdır. Mövzuya dair ötən saylarımızda dərc etdiyimiz materiallarda da biz vurğulamışdıq ki, kənd təsərrüfatının inkişaf etdirilməsi baxımından vacib məsələlərdən biri də məhz meliorativ tədbirlərin vaxtında və effektiv şəkildə həyata keçirilməsidir. Belə ki, məhz suvarma işlərinin düzgün aqrotexniki qaydada həyata keçirilməsi torpaqların məhsuldarlığını yüksəldir, onun münbitliyini artırır. Bu baxımdan, Goranboy rayonunda da iqtisadiyyatın əsasını məhz kənd təsərrüfatı təşkil etməsi səbəbindən, bu sahədə məhsuldarlığın daim yüksəldilməsi üçün digər qurumlarla yanaşı Goranboy rayon Subartezian Quyuların İstismarı İdarəsinin fəaliyyəti də xüsusi əhəmiyyət kəsb edir. Əldə etdiyimiz məlumatlara görə bu idarə 800 artezian quyusu vasitəsi ilə 28 min ha sahənin suvarılmasını həyata keçirir. Bununla belə ötən illə müqayisədə bu il rayon üzrə payızlıq əkin nisbətən azlıq təşkil edir ki, bu da məhz rayonda suvarma işlərinin aşağı səviyyədə həyata keçirilməsi ilə əlaqəlidir. Aldığımız məlumatlarda isə yerli sakinlər və fermerlər rayonun Subartezian Quyuların İstismarı İdarəsinin rəisi Rauf Teyyubov tərəfindən ciddi qanun pozuntularına yol verildiyindən şikayətlənirlər. Bildirilir ki, mütəmadi olaraq idarənin əməkdaşları tərəfindən bir çox vacib suvarma tədbirləri vaxtında həyata keçirilmir, görülən işlər isə keyfiyyətsiz və az effektli olur. Köhnə quyuların bərpası və təmir işləri də yarımçıq görülür. Şəxsi təsərrüfat sahibləri iddia edirlər ki, idarənin işçiləri yerlərdə müxtəlif özbaşnalıqlara yol verir, nəticədə isə ayrı-ayrı əkin sahələrinin və təsərrüfatların susuz qalmasına səbəb olurlar. Məlumatlarda xüsusi olaraq vurğulanır ki, R.Teyyubov tərəfindən idarənin maddi-texniki bazasının möhkəmləndirilməsi, işin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi hallarına geniş yer verilir. Güc transformatorlarının, elektrik mühərriklərinin, nasos aqreqatlarının alınması və ən çox da köhnə quyuların əsaslı təmiri adı altında külli miqdarda dövlət maliyyəsi hesabdan çıxarılaraq xərclənsə də, əslində bu işlər çox aşağı səviyyədə görülür. Bundan başqa isə ayrı-ayrı sakinlərdən aldığımız məlumatlarda Goranboy rayon Subartezian Quyuların İstismarı İdarəsinin rəhbərliyi hətta bəzi quyuları qanunsuz olaraq fərdi şəxslərə satmaqda, bununla da həmin ərazidə təsərrüfatları yerləşən digər vətəndaşlara külli-miqdarda ziyan vurmaqda ittiham olunur. Aldığımız digər məlumatlarda isə Rauf Teyyubovun rəhbərlik etdiyi idarənin ştat cədvəlinə öz qohumlarının adlarını yazdırmaqla burada “ölü canlar” üsulunu geniş tətbiq etdiyi bildirilir. Həm də qeyd olunur ki, əgər bu maxinasiya bir tərəfdən dövlət vəsaitlərinin mənimsənilməsinə yol açırsa, digər tərəfdən də idarənin fəaliyyətinə ciddi əngəllər törətmiş olur. Belə ki, faktiki olaraq idarənin ştatında mütəxəssislərə və ixtisaslı fəhlələrə yer qalmır. Məlumatlarda digər bir qanun pozuntusu kimi də idarənin balansında olan texnika üçün tələb olunandan bir neçə dəfə artıq yanacaq və sürtkü materialları alaraq, sonradan onların bir hissəsinin yanacaqdoldurma stansiyaları vasitəsilə satılması göstərilir. Həmçinin məlumatlarda vurğulanır ki, məhz R.Teyyubovun məsuliyyətsiz əməlləri nəticəsində ötən il onlarla fermer təsərrüfatı svusuzluq problemindən fəaliyyətlərini dayandırmalı olublar. Bu il isə vəziyyət daha da dözülməzdir. Çünki idarə rəisi qeyri-rəsmi də olsa, əkin torpaqlarına verilən suyun qiymətlərini daha da qaldırıb. Deyilənlərə görə tələb olunan su haqqının qiyməti 3 dəfəyə qədər bahalaşdırılıb. Belə ehtimal olunur ki, R.Teyyubovun əsas məqsədi Goranboydakı münbit torpaqları ələ keçirərək, təkbaşına orada əkinçiliklə məşğul olmaqdır...





Xəbərlər
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net