Eldar Əzizov Sumqayıtda 2-ci ekoloji problemin memarına çevrilib...
Tarix: 15-04-2015, 12:34 |
Çap et
Bu gün Sumqayıtın və sumqayıtlıların o qədər problemləri var ki, saymaqla bitən deyil. Məsələn, Sumqayıt şəhərində qəbir yerlərinin vətəndaşlara heç də təmənnasız verilmədiyi, daha dəqiq desək, icra başçısı Eldar Əzizovun sağ əli sayılan Sumqayıt şəhər Mənzil Kommunal İstehsalat Departamentinin rəisi Abid Əliyevin nəzarətində olan qəbiristanlıqda qəbir yerlərinin əhaliyə pulla satıldığı artıq heç kimə sirr deyil. Bundan başqa, icra başçısının yaxın adamı kimi təqdim olunan Aslan Abbasov adlı sahibkarın daha çox gəlir əldə etmək üçün yaşıllıqları məhv etməsi də sumqayıtlıları narahat edən əsas problemlərdən biridir.
Əldə etdiyimiz bilgilərdə o da qeyd olunur ki, Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Vaqif Ələsgərov, şəhər mədəniyyət və turizm idarəsinin rəisi Namiq Qafarov və səhiyyə şöbəsinin müdiri Ələkbər Tağıyev məhz Eldar Əzizovun himayəsinə arxalandığı üçün "Burda mən, Bağdadda kor xəlifə" prinsipi ilə çalışır. Belə ki, bununla bağlı redaksiyamızı bilgiləndirən məlumatlı mənbənin sözlərinə görə, onların rəhbərlik etdikləri qurumlarda bir sıra neqativ hallar dərin kök salıb: "Vaqif Ələsgərov, Namiq Qafarov və Ələkbər Tağıyevin birlikdə ay ərzində təxminən, 200 min manatlıq vəsaiti hara xərclədiyi bəlli deyil.
Ümumiyyətlə, onlar və digər iki nəfər - Sumqayıt şəhər Mənzil Kommunal İstehsalat Departamentinin rəisi Abid Əliyev və iş adamı Aslan Abbasov icra başçısının Sumqayıtdakı əsas dayaqları hesab olunur. Bildiyiniz kimi, Sumqayıt şəhərinə dövlət büdcəsindən və prezidentin ehtiyat fondundan mütəmadi olaraq külli miqdarda vəsait ayrılır. Şübhəsiz həmin pullar şəhərdə abadlıq və quruculuq işlərinin aparılmasına, Sumqayıtın sosial-iqtisadi infrastrukturunun yaxşılaşdırılmasına xərclənməlidir. Lakin reallıqda həmin vəsaitlər tamam başqa istiqamətlərə yönəldilir". Əgər belə olmasaydı, o zaman Sumqayıt sakinləri üzləşdikləri problemlərlə bağlı durmadan mətbuat orqanlarına şikayət ünvanlamazdılar. Məsələn, Sumqayıt şəhər 9-cu mikrorayon ev 35 və 36-nın sakinləri acınacaqlı, dözülməz şəraitdə yaşadıqlarını iddia edirlər: "Yollarımız çox bərbad vəziyyətdədir. Yağış yağanda dözülməz vəziyyət yaranır. Həyətdə işıq dirəklərinin əlindən tərpənmək mümkün deyil. Bu yaxınlarda bu dirəklər yenilənib, ancaq köhnələri çıxarılmayıb. Həyətimizin işıqlandırılması yoxdur. Hava qaralan kimi sahibsiz itlərin əlindən uşaqlarımız çölə çıxa bilmir. Binanın zirzəmisi su ilə dolu olduğundan ağcaqanad, "krisa", milçək yuvasına çevrilib. İstilik sistemi də yoxdur ki, mənzillərimizi qızdıraq". Qeyd edək ki, istilik sistemi olmadığından sakinlər qazdan istifadə edirlər. Bu isə böyük təhlükə yaradır. Tüstü bacalarının təmizlənməməsi bu təhlükəni daha da artırır.
Mənbə bildirir ki, bu cür şikayətlər son vaxtlar Sumqayıtdan davamlı şəkildə gəlməkdədir: "Maraqlıdır, görəsən icra başçısı və onun rəhbərlik etdiyi yerli məmurlar izah edə bilərlərmi, ölkə başçısının Sumqayıtın abadlaşması, gözəlləşməsi və müasirləşməsi məqsədi ilə ayırdığı milyonlarla manat hara xərclənir ki, əvəzində şəhər sakinləri ən elementar kommunal problemlərin həll edilməməsindən, bərbad yollardan, yağış gölməçələrindən şikayətlənirlər? Təbii ki, yox. Çünki istər dövlət büdcəsindən, istərsə də prezidentin ehtiyat fondundan ayrılan vəsaitlərin demək olar ki, hamısı mənimsənilir. Az-çox görülən işlər isə məhz Sumqayıt sahibkarlarının hesabına həyata keçirilir. Onu da qeyd edim ki, qəbir yerlərini əhaliyə pulla satan Sumqayıt şəhər Mənzil Kommunal İstehsalat Departamentinin rəisi Abid Əliyev Eldar Əzizovun köhnə kadrıdır. Belə ki, icra başçısı onu özü ilə birlikdə Gəncədən gətirib. Hazırda adıçəkilən departament rəisinin nəzarətində olan Sumqayıt şəhər qəbiristanlığında yerlər şəhər sakinlərinə təmənnasız verilmir. Halbuki, qəbir yerlərinin pulla satılması qanunsuzdur. Hətta bu yaxınlarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da bildirdi ki, qəbir yerlərinin pulla satılması düzgün deyil. Lakin görünən odur ki, nə qanun, nə də Mübariz Qurbanlının dedikləri Abid Əliyevə təsir etmək gücündə deyil. Çünki o, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun himayəsinə arxalandığı üçün öz bildiyini etməkdədir". Məlumatlı şəxs iddia edir ki, Sumqayıtda narahatlıq və narazılıq doğuran məqamlardan biri də Eldar Əzizovun "gənclik şəhəri"nə icra başçısı təyin edilməsindən sonra onun genişmiqyaslı "alkapon siyasəti" həyata keçirməsi ilə bağlıdır: "Belə ki, ötən müddətdə Sumqayıtda yaşayış binalarının və ticarət obyektlərinin üzünün alkaponla örtülməsi prosesi geniş yayılıb. Bu isə həm yaşayış binalarında, həm ticarət obyektlərində bir çox hallarda tələfat və xəsarətlərə gətirib çıxaran, ciddi maddi zərərlə müşaiyət olunan yanğınların sayını artırıb. Buna baxmayaraq, icra başçısı "alkapon siyasəti"ndən əl çəkmək fikrində deyil. Bunun səbəbi də onun alkapon istehsalı və satışı ilə məşğul olan obyektlərinin olmasıdır. Eldar Əzizovun biznesinin bir hissəsini isə iş adamı Aslan Abbasov idarə edir. Elə bu səbəbdən də icra başçısı ona Sumqayıt ərazisində toxunulmazlıq statusu verib".
Bu arada, Eldar Əzizovun gəlişindən sonra Sumqayıt şəhərində "yaşıllığın soyqırımı"nın geniş vüsət aldığını vurğulayan məlumatlı şəxs qeyd edir ki, bu işə icra başçısının yaxın adamlarından olan Aslan Abbasov rəhbərlik edir: "Eldar Əzizovun Sumqayıtdakı əməlləri sırasında kütləvi ağac kəsimi, parkların və səkilərin obyekt yerləri kimi satışa çıxarılması xüsusilə diqqət çəkir. Onun şəhərə rəhbərlik etdiyi ötən müddət ərzində Cəfər Cabbarlı adına Mədəniyyət Evinin yanında, 1-ci məhəllədə, Nəsimi adına parkda, Nəriman Nərimanov küçəsində "Sumqayıt" şadlıq evinin yanında, mərkəzi kitabxananın qarşısında, Azərbaycan prospektində və başqa yerlərdə ağaclar kəsilib. Bütün bunlar Eldar Əzizovun və onun adamı Aslan Abbasovun Sumqayıtdakı "yaşıllığın soyqırımı"nın hamısı deyil sadəcə bir neçə faktdır. Onu da qeyd edim ki, bütün bu proses sırf şəxsi maraqlar, daha dəqiq desək, maddi qazanc məqsədi ilə həyata keçirilir. Bunun təsdiqi olaraq, Sumqayıt şəhərində 36-cı məhəllədə 20 yanvar küçəsində yerləşən 8 və 9 nömrəli yaşayış binaları arasında piyadaların gedişi üçün nəzərdə tutulmuş səkinin üzərində artıq istifadəyə verilmiş ikimərtəbəli obyekti misal çəkmək olar. Beləliklə, səki ilə getməli olan piyadalar bu əngəli aşmaq məqsədilə həyatlarını təhlükəyə atıb, məcburən maşın yoluna çıxaraq yollarına davam etməli olurlar. Kəsilən isə sadəcə piyadaların yolu deyil - qazanc mənbəyi məqsədilə tikilən obyektin yolunda bir neçə ağac da qurban kəsilib. Ortaya maraqlı sual çıxır: Ağacların kəsilməsi ilə müşayiət olunan obyektlərin Sumqayıt şəhərində tikilməsinə kim icazə verir? Şübhəsiz Sumqayıt Şəhər İcra Hakimiyyətinin və şəxsən Eldar Əzizovun icazəsi olmadan belə bir işin həyata keçirilməsi mümkün görünmür…"