"Bakcell" cibimizi necə qarət edir...
Tarix: 13-04-2015, 12:37 |
Çap et
Respublikada vətəndaşlara xidmət edən mobil operatorların özbaşınalığı, istifadəçilərin hüquqlarını pozması, abonentləri aldatması, yalançı smslərlə vətəndaşları müflis etməsi artıq vərdiş halını alıb. Bu operatorlardan biri "Bakcell" mobil operatorudur. Sözügedən operatorun fəaliyyəti "Bakcell" istifadəçilərini cana yığıb. Dəfələrlə "Bakcell" mobil operatoruna smslərlə bağlı narazılıq bildirilsə də, bunun heç bir faydası olmayıb.
Mənasız, aldadıcı smslər vasitəsilə istifadəçiləri şirnikləndirərək ciblərinə girirlər. Düzdür, bu cür smslərə aldanmayanlar çoxdur. Amma elələri var ki, fırıldaqçıların toruna düşürlər. Ciblərində olan-qalan pulun axırına çıxırlar. "Bakcell" mobil operatoru artıq bilmir ki, hansı yolla pul qazansın. Ona görə də bu cür iyrənc yollara əl atırlar. Xidmətlərinin keyfiyyətini düzəltmək əvəzinə qanunsuz işlərlə məşğuldurlar. "Bakcell" mobil operatoru ilk növbədə şəbəkə problemini həll etsin. Bütün abonentlər şəbəkə problemindən əziyyət çəkir. Bunu redaksiyamıza daxil olan şikayətlərə əsasən deyə bilərik. Xüsusilə də şəhərətrafı qəsəbələrdə şəbəkə demək olar ki, yoxdur. Nə zəng qəbul etmək mümkündür, nə də zəng etmək. Bundan başqa "Bakcell"in internet sürəti də həddindən artıq zəifdir. Meqabayt istifadə olunur amma internetdən düz-əməlli istifadə etmək mümkün olmur. Hansısa səhifənin açılması üçün neçə dəqiqə gözləməli olursan. Bu cür keyfiyyətsiz xidmətlə "Bakcell" mobil operatoru hara gedir, maraqlıdır. Artıq bu operatorun istifadəçiləri digər operatorlara keçirlər. "Bakcell" isə istifadəçilərin azaldığını gördüyündən pul qazanmaq üçün digər vasitələrə əl atıb. Yuxarıda qeyd etdiyimiz kimi aldadıcı sms vasitəsilə istifadəçiləri soymaqla məşğuldurlar. Artıq bu məsələ Milli Məclisdə də dəfələrlə müzakirə mövzusu olub. "Bakcell"-in fəaliyyəti tənqid olunub. Amma bütun bunlardan sonra da sözügedən operator fəaliyyətində dönüş yaratmaq istəmir. Fəaliyyətindəki nöqsanları aradan qaldırmaq niyyətində deyil. Hətta millət vəkillərindən biri "Bakcell"i məhkəməyə verəcəyini də dilə gətirmişdi. Amma bütün bunlara rəğmən sözügedən operator istifadəçilərin istehlakçı hüququnu pozmaqda davam edir.
Operator müştərilərini kredit kontur və 7 qəpiyə 1 saat kampaniyası ilə aldadır. Belə ki, kredit götürən müştəri yeni kontur yükləyəndə kredit məbləği təqribən ikiqat çıxır. "Əla CİN" tarifinə əsasən, "Bakcell" abunəçiləri şəbəkədaxili zənglərin bir saatına görə cəmi 7 qəpik ödəyirlər. Zəng intervalı isə 1 saat hesablanır.
Başqa sözlə, bu xidmətdən yararlanan abunəçi şəbəkədaxili zənglər üçün 7 qəpik ödəməklə 1 saat sərbəst danışa bilər. Yəni istifadəçi başqa bir "cin" nömrə ilə əlaqə qurduqda 1 saniyə, 1 dəqiqə və ya 1 saat danışmasından asılı olmayaraq, balansından 7 qəpik çıxılır.
Əlaqə hər 10-15 və hətta 5 dəqiqədən bir kəsilir və istifadəçi məcbur olub yenidən zəng etdikdə buna görə balansından əlavə 7 qəpik silinməli olur. Şirkətin irəli sürdüyü qaydalara əsasən, bir saat danışıq üçün 7 qəpik ödəməli olan abunəçi "Bakcell" şirkətinin "səyi" nəticəsində 14, 21, 28, 35 və daha çox qəpiklər ödəməyə məcbur olur.