İqtisadçı-ekspert Natiq Cəfərlinin Yenisabah.az-a müsahibəsi:
- Azərbaycanda bütün malların qiymətində nəzərəçarpacaq dərəcədə artım müşahidə olunur. Sizcə, bahalaşmaya səbəb nədir?
- Qiymət artımına gətirib çıxaran əsas səbəblərdən biri də dünyada da ərzağın bahalaşmasıdır. Dünyada ərzaq indeksi son vaxtlar 11 faiz bahalaşıb. Əsas daxili səbəblərdir. Azərbaycanda rəqabətsizlik mühiti var. Rəqabət mühiti genişlənməyib. Ölkəmizdə gömrük siyasəti doğru deyil. Kifayət qədər yüksək tariflər var. Ərzaq məhsulları var ki, 15 faiz gömrük rüsumu ilə ölkəyə gətirilir. Azərbaycanda vergi siyasətində dəyişiklik edilməlidir. 18 faiz dəyər vergisi bütün sahələrdə yox, bəzi sahələrdə tətbiq edilməlidir. Ərzaq məhsullarında 18 faiz ləğv edilə bilər. Dövlətin əlində bir çox alətlər var ki, qiymətləri tənzimləyə bilər.
- Türkiyə lirəsi ilə müqayisədə manat dəyərini qoruya bilir. Lakin qardaş ölkədən gətirilən məhsulların baha qiymətə satılması təəccüb doğurur. Hökümət inzibati üsullarla qiymət artımının qarşısını ala bilərmi?
- Hökümət inzibati üsullarla qiymət artımın qarşısını nəinki almalı, ümumiyyətlə inzibati üsula əl atmamalıdır. İnzibati üsulla qiymətlərin tənzimlənməsi baş verəndə məhsul qıtlığı yaranır. Bir müddət sonra qiymətlər daha çox artır. Biz bunu sovet keçmişimizdə də gördük. Ötən il Rusiya buna cəhd etdi və iki ay sonra qərarı ləğv etdi. Çünki məhsullar yoxa çıxmağa başladı. Bu da "qara bazar"ın yaranmasına səbəb oldu. Bundan sonra qiymələri daha çox artırdı. Bahalşmanın qarşısını inzibati üsullarla yox, iqtisadi üsullarla ala bilərik. Gömrük rüsumlarını, vergi dərəcələrini azaltmaqla, rəqabət mühiti yaratmaqla qiymət artımının qarşısını alına bilər. Hökümət məhz bu istiqamətdə addımlar atmalıdır. Təəssüf ki, hökümətin aldığı qərarların da qiymət artımında mühüm rolu olub. İlin əvvəlindən dizel yanacağının, elektrik enerjisinin, kommunal xidmətlərin, təbii qazın qiymətinin artırılması dövlətin əlində idi. Dövlət qiymətləri kəskin olaraq artırdı. Dizel yanacağı 34 faiz, benzin 11 faiz, suda hətta 2 dəfə artım müşahidə olundu. Ciddi artımlar oldu. Nəticə etibarı ilə bu qiymətlərin artımını sürətləndirdi. Əgər dövlət inzibati üsullarla istəyirsə, Tarif Şurasının əlində olan qiymətlərlə tənzimləyə bilər. Nəticə etibarı ilə də həmin qiymətlərin tənzimlənməsi nəticəsində qiymət artımını aşağı sala bilər. Bu hökümətin əlində olan alətdir.
- Belə bir rəy var ki, ölkədə monopoliya hökm sürür. Artım bununla əlaqədar ola bilərmi?
- Əlbətdə idxal monopoliyası var. Ölkəyə gətirilən məhsullara çox az sayda şirkətlər nəzarət edir. Və nəticə etibarı ilə də onların qiymətlərini diktə etmək imkanları yaranır.
- Paradoksal vəziyyət yaranıb. Manatın dəyəri artsa da, alıcılıq qabiliyyətinin sürəti aşağı düşür. Nə ilə bağlıdır?
- Azərbaycanda məzənnə siyasəti inzibati qaydada tənzimlənir. Burada bazar iqtisadiyyatının elementi yoxdur. Məzənnənin sabit saxlanılmasında hökümət maraqlıdır. Çünki məzənnəni sabitlik simvolu kimi qəbul edirik. Kateqoriya kimi yox. Siyasi ritorikada bütöv ölkələrdə məzənnə aşağı düşür. Bizdə isə sabitdir. Bu bir siyasi simvola çevirilib. Məzənnə iqtisadi kateqoriya olmaqdan çıxıb. Amma ən azından devalvatsiyanın dəyərdən düşməsi ehtimalı qədər də təhlükəli proses gedir. Manatın alıcılıq qabiliyyəti aşağı düşür. Əslində manatın alıcılıq qabiliyyətinin aşağı düşməsi vətəndaşların dolanışığına daha çox mənfi təsir göstərən amildir. Yəni bununla da insanların real gəlirləri kəskin şəkildə azalır.