“Şəhid və qazi analarının istəkləri var” - Deputatla MÜSAHİBƏ
Tarix: 17-02-2021, 12:31 | Çap et
“Şəhid və qazi analarının istəkləri var” - Deputatla MÜSAHİBƏ
Sevil Mikayılova: “Zəfərimizin qədrini bilməliyik"
Milli Məclisin 56 saylı Xaçmaz kənd seçki dairəsindən seçilmiş deputatı, “Trend” Beynəlxalq İnformasiya Agentliyinin baş direktor müavini Sevil Mikayılova Modern.az saytına müsahibə verib.

- Sevil xanım, uzun illərdir ki, mediadasınız. Parlament də media kimi qaynar mühitdir. Bu baxımdan bizim üçün maraqlıdır. Jurnalistika və deputatlıq fəaliyyəti bir-birini nə qədər tamamlaya, yaxud da dəstək olur?

- Hər iki fəaliyyətin mərkəzində insanlarla sıx ünsiyyət, iş dayanır. Jurnalistika dövlətlə ictimaiyyət arasında bir körpü rolunu oynayan sahədir. Eyni zamanda, deputatlar da xalqla daim işləyir və əlaqədə olurlar. Yəni hər iki sahə ictimaiyyətlə dediyim kimi sıx ünsiyyət şəraitində işləyir. Jurnalist və deputatın işi əsas etibarilə kabinetdən uzaq bir işdir, canlıdır.

İnsanların ümid yeri olmaq, onların inamını qazanmaq şərəflidir. Bir neçə gün bundan qabaq Xaçmaza seçicilərimlə görüşə getmişdim. Onlarla görüşdə müsbət enerji alıram. Çox səmimi, mehriban insanlardırlar. Əlbəttə, mümkün qədər qaldırdıqları problemlərin həllinə çalışırıq. Lakin bütün problemlərin tez və müsbət həlli heç də yalnız deputatdan asılı olmur.

- Bəzən jurnalistlər deputatları sualları cavablandırmadıqları üçün qınayırlar. Siz həm jurnalist, həm də deputatsız. Hər halda, bu barədə düşüncələrinizi eşitmək maraqlı olar.

- Əlbəttə, hər şey vaxta bağlıdır, gərək heç bir tərəf inciməsin. Deputat seçildiyim vaxtdan bu günə qədər imkan daxilində heç vaxt jurnalistlərin zənglərini cavabsız qoymamışam. Amma bəzən iclaslar, videokonfranslar, digər tədbirlər olan zaman cavab vermək olmur. Bu, jurnalistlərə etinasızlıqdan irəli gələn məsələ deyil. Bir də qeyd edim ki, elə hallar olur ki, spesifik məsələlərlə bağlı ekspertlər cavab versə, daha məqbul olar.

Hər bir deputat parlamentdə bu və ya digər komitədə təmsil onunur və sözsüz, konkret istiqamətlər üzrə daha bilgili olurlar. Eyni zamanda, ümümi ictimai-siyasi proseslər ətrafında fikir bildirmək vacibdir. Əgər insanlara düzgün, doğru fikir aşılaya biləcəmsə, fikrimi bildirəcəm. Düşünürəm ki, hər kəsin bildiyi və təcrübəsi olduğu sahələrdə düşüncələri daha faydalı olur.



- Sizcə jurnalistlərin deputatlara ekspert kimi müraciət etməsi nə qədər doğru haldır. Bəzi məsələlərlə bağlı ekspert axtarışında oluruq. Doğru ya da yalnış insanları danışdırırıq. Bu məsələlər necə tənzimlənməlidir?

- Jurnalist sözün qədrini, dəyərini bilən insandır. Jurnalistlər sözün, düşüncənin böyük dəyər, önəm daşıdığının fərqindədirlər. Məsələyə bu prizmadan yanaşdığımdan düşünürəm ki, danışılan sözə hər zaman önəm verməlisən. Ekspert seçimində jurnalistlər düşünürəm ki, diqqətli olmalıdırlar. Bu cür yanaşma olarsa həm özləri, həm də cəmiyyət daha çox fayda görər.

Ümumiyyətlə, bütün dünyada parlament üzvləri cəmiyyətin fəalları hesab olunur. Ancaq qeyd etdiyim kimi, müəyyən məsələlərlə bağlı doğru məlumatlandırmaq üçün jurnalistlər də deputatların fəaliyyət sahələrini nəzərə almalıdırlar. Məsələn, spesifik iqtisadi mövzular ətrafında yaxşı olar ki, parlamentdə təmsil olunan peşəkar iqtisadçılara müraciət olunsun.

"Jurnalistikanı təkcə kitabdan oxumaqla öyrənmək olmur”
- Bəs hər hansı deputatın “siyasətlə məşğul olmuram” deməsi nə dərəcə düzgündür?

- Parlamentdə müxtəlif siyasi partiyalar təmsil olunur, yəni parlament həm də siyasət müstəvisidir. Parlament üzvünün siyasi bilgələrə malik olması çox vacibdir və belə də olmalıdır. Bu baxımdan, parlament üzvlərinin həm ölkədə, həm də ölkədən kənarda baş verən olan siyasi proseslərə münasibət bildirməsi təbiidir və vacibdir.

- Siz ilk dəfədir ki, parlamentdə təmsil olunursunuz. Fəaliyyətə başlamağınız elə bir vaxta düşdü ki, dünyanı pandemiya bürüdü. Beynəlxalq tədbirlərə qatılmaq, xarici ölkələrin parlament üzvləri ilə əlaqədə olmaq imkanları sıfırlandı. Bu proseslər barədə sualları necə cavablandırarsınız? Siz hələ ki beynəlxalq arenaya çıxa bilməmisiniz.

- Əlbəttə, pandemiya bütün sahələrə olduğu kimi, parlamentin işinə də təsirsiz ötüşmədi. Komitələrin işinə öz təsirini göstərdi. Yəni adi qaydada iclas keçirmək bir çox hallarda mümkün olmadı. Digər tərəfdən parlamentin özündə də pandemiyaya uyğun yeni qaydalar tətbiq olundu, lakin bu şəraitə baxmayaraq, parlament bu bir il ərzində çox məhsuldar fəaliyyət göstərə bildi. Bütün iclaslar vaxtı-vaxtında keçirildi, kifayət qədər əhəmiyyətli qanun layihələri müzakirə olunaraq qəbul olundu.

Xüsusi qeyd etmək istəyirəm ki, parlamentin spikeri Sahibə Qafarova iclasların məhsuldar keçirilməsini təmin edib, bir sıra maraqlı dinləmələrin keçirilməsinin təşəbbüskarı olub, ümumilikdə Milli Məclisdə işçi mühit yaradıb. Komitə iclasları əsasən onlayn formatında keçirilib, bəzən isə karantin qaydalarına əməl etməklə ənənəvi formada təşkil olunub. Yəni bu bir il müddətində parlament ölkənin ictimai-siyasi həyatında öz aktiv fəaliyyətini qoruyub saxlayıb.

Bundan başqa, parlament beynəlxalq fəaliyyət istiqamətində də öz işini uğurla davam etdirir. Təmsil olunduğum komitələrdən biri Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsidir. Eyni zamanda, Azərbaycan-İspaniya parlamentlərarası işçi qrupunun rəhbəriyəm və bu çərçıvədə təbii ki, fəaliyyətimizi qurduq, istər canlı, istər onlayn görüşlərimiz keçirildi.

Bununla yanaşı, seçicilərlə də işlərimizi davam etdiririk. İlk dönəmlərdə əyani görüşlər mümkün olmadığı üçün seçicilərdə müəyyən inciklik yaranırdı. Lakin biz vəziyyətə uyğun olaraq onlayn təmaslar, telefon bağlantıları vasitəsilə seçicilərin müraciətlərini dinlədik, narahat edən məsələlərin həlli ilə bağlı mümkün addımalar atdıq, bir sözlə, şəraitə uyğun ünsiyyət yaratdıq.

Həyat davam edir və pandemiyaya görə işi ümumilikdə kənara qoymaq olmazdı. Həmkarlarım da çox aktiv idi. Çalışırdıq ki, effektiv bir iş ortaya qoyaq və buna nail olduq. Əlbəttə ki, ənənəvi qaydada iş daha keyfiyyətlidir.



- Biz həmişə gözləmişik ki, parlamentdə medianın problemləri işıqlandırılsın. Sizin tərəfinizdən belə bir şey ola bilərmi?

- Jurnalistika sahəsindən olduğum üçün çox qürur duyuram. Həmkarlarım məni təbrik edən zaman söyləyirdilər ki, artıq bizim bir səsimiz də artdı və siz bizim təkliflərimizi yəqin ki, səsləndirəcəksiniz. Əlbəttə, media ilə bağlı bütün həmkarlarımdan təkliflər gözləyirəm. Düşünürəm ki, pandemiya bitəndən sonra artıq medianın da kütləvi tədbirləri olacaq. Media çox aktiv bir sahədir, jurnalistlər çox dinamik inkişafda olan peşə sahibləridirlər.

- KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu ləğv edildi, yerində Medianın İnkişafı Agentliyi yaradıldı. Yeni qurumdan gözləntiniz varmı? Jurnalist olaraq təklifləriniz nədir?

- Mən praktiki işlərin ortaya qoyulmasını istəyirəm və gözləyirəm. İnteraktiv bir işbirliyinin qurulması vacibdir. Təklifləri jurnalistlərlə, redaksiyalarla birlikdə müzakirə etmək lazımdır. Redaksiyalarda işin effektiv qurulmasına nə mane olur?! Həmin problemləri bir-bir jurnalistlərdən soruşmaq, redaksiyaların mövqeyini öyrənmək lazımdır. Sonra isə həmin sahə üzrə onlara uyğun konsultasiya xidmətlərinin və maddi köməkliyin göstərilməsi çox vacibdir. Redaksiyaların müasir avadanlıqlarla təchizatı arzu olunandır. Jurnalistlərimizin müasir innovativ texnologiyalara əsaslanan iş şəraitinin olması keyfiyyətcə fərqli səviyyədə iş qurmağa böyük töhfə olar. Hesab edirəm ki, Medianın İnkişafı Agentliyi bu təkliflərə, çağırışlara hazırdır. Vəziyyəti tam təhlil edəndən sonra Azərbaycan jurnalistikasının yeni standartlara uyğun işini qurması üçün yeni atmosfer yarana bilər.

“Bölgələrdə universitetlərin filiallarının yaradılması bizi irəli apara bilər”
- Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələri ilə görüşürsünüz. Onların perspektivini necə qiymətləndirirsiniz?

- Ali təhsil çox vacibdir. Amma jurnalist sözün əsl mənasında redaksiyalarda yetişir. Universitetlər redaksiyalarla, televiziyalarla daha sıx əməkdaşlıq etməlidir ki, orada təhsil alan tələbələrin praktik bilgiləri zəngin olsun. Jurnalistikanı təkcə kitabdan oxumaqla öyrənmək olmur. Jurnalistika dörd divar arasında öyrənilən bir sahə deyil. Jurnalistika xüsusi istedad tələb edir, kütləvi şəkildə “mən jurnalist olacam” deyib, bu sahəyə yönlənmək doğru deyil. Bu həm jurnalistikanın səviyyəsini, keyfiyyətini aşağı salır, həm də ortaya faydalı iş qoya bilmirlər. Bir sözlə, jurnalistin ixtisaslaşdığı sahəni dərindən bilməsi və daim təkmilləşdirməsi günümüzun tələbədir.

- Beynəlxalq münasibətlər və parlamentlərarası komitənin üzvüsünüz. Bu komitədə yeni bir qanun layihəsi vermək, yeni təkliflər irəli sürməyi düşünürsünüzmü?

- Ümumiyyətlə, hər bir ölkənin xarici siyasəti dövlət başçısı tərəfindən aparılır, qanunverici dəstək isə parlament tərəfindən göstərilir. Beynəlxalq məsələlərdə balanslaşdırılmış, ümumi siyasi xəttə uyğun təkliflərlə çıxış etmək lazımdır. Çox istəyərəm ki, bir sıra ölkələrdə bizim səfirliklərimiz açılsın.

Ümumiyyətlə, diplomatik korpusun uğurlu fəaliyyəti ölkələrarası münasibətlərin inkişafına müsbət təsir edir, ölkənin beynəlxalq aləmdə əməkdaşlıq müstəvisini genişləndirir.

- Sizin komitənin 44 günlük müharibə dövründə etdikləri nədən ibarət oldu?

- llk növbədə qeyd edim ki, bu böyük qələbəni Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi və uzun illik məqsədyönlü dövlət siyasəti sayəsində qazandıq. Bizi böyük zəfərimizə yaxınlaşdıran yolda ədalətli mövqeyimizin, haqq səsimizin daha ucadan eşidilməsində Birinci vitse-prezident Mehriban Əliyevanın əzmkar fəaliyyəti də xüsusi qeyd olunmalıdır.

Beynəlxalq münasibətlər və parlamentlərarası komitəyə gəlincə, adından da göründüyü kimi, digər ölkələrlə beynəlxalq münasibətlərin aparılmasına qanunverici dəstək verir və eyni zamanda parlament diplomatiyasının irəliyə aparılmasında iştirak edir. Bir sözlə, dövlətimizin apardığı xarici siyasi kursa uyğun olaraq fəaliyyət sərgiləyir. Vətən müharibəsində bizim komitə tərəfindən bütün dünya parlamentlətinə məktublar ünvanlanıb, onları məlumatlandırmaq üçün müraciətlər edilib. Komitənin bütün üzvləri xüsusən beynəlxalq mediada davamlı iş aparıblar. Mən Azərbaycan-İspanya parlamentlərarası qrupun rəhbəriyəm. Vətən müharibəsi dönəmində çox təəssüflər olsun ki, İspanya parlamentində də Ermənistanın tərəfində dayanan, ölkəmizə qarşı qərəzli mövqe tutan senatorlar oldu. Sözsüz, İspanyanın özündə də Kataloniya problemi var və bu bölgədən olan deputatlar separatizmi birbaşa dəstəkləyir. Məsələ ilə bağlı onlara qrup adından müraciət edərək, bunun yolverilməz olduğunu rəsmi bildirdik. Ermənipərəst deputatlarin bu mövqeyinə izahat olaraq bildirdilər ki, bu onların fərdi yanaşmasıdır və rəsmi mövqe kimi qəbul olunmamaldır.

Mən bu məqamda yenə də parlamentin Sədri Sahibə xanım Qafarovanın məhsuldar fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. Təcrübəsindən istifadə edərək parlamentin işini bu dönəmdə irəliyə apara bildi. Xüsusən, Sahibə xanımın iki çox mühüm səfəri oldu. Bu da Rusiya və Türkiyəyə yüksək səviyyəli səfərlər idi. Səfərlərdən birində mən Sahibə xanımı müşayiət edən nümayəndə heyətinin tərkibində olmuşam. Xanım spikerin rəhbərliyi altında çox sıx qrafikdə işlədik və Qarabağ həqiqətlərini dünyaya çatdırılmaslı yönündə fəal iş apardıq.

Rusiyaya səfər də çox möhtəşəm keçdi və səhv etmirəmsə, ilk dəfə olaraq Azərbaycan parlamentinin rəhbəri Rusiya Dumasında çıxış etdi. Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşün özü də çox önəmli idi. Sahibə xanım Qarabağ həqiqətlərini Rusiya ictimaiyyətinə, eləcə də bütün dünya birliyinə çatdırılmasında çox böyük səylər göstərib.

- 44 günlük müharibənin bitməsinə baxmayaraq, əsas işlər bundan sonra başlayır. Bu məsələdə deputatlar nə etməlidir?

- Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması davam etdirilməlidir. Cənab Prezident bu missiyanı öz üzərinə götürmüşdü və birmənalı olaraq bütün platformalarda geniş ictimaiyyətə məlumat verirdi. Münhen Təhlükəsizlik Konfransında da cənab Prezidentin Ermənistanın baş naziri Nikol Paşinyanla debatı İlham Əliyevin parlaq qələbəsi ilə yadda qaldı. Belə demək mümkünsə, 44 günlük müharibədən öncə cənab Prezident diplomatik qələbəni elə Münhendə qazanmışdı və daha sonra Valdayda onun nöqtəsini qoydu.

Bu istiqamətdə dövlət siyasətimiz mükəmməl olub. Parlament bundan sonra da çevik fəaliyyətini davam etdirməlidir, beynəlxalq təşkilatlarda fəallığımız çox vacibdir. Artıq Azərbaycanın imici də çox fərqlidir. Böyük tarixi zəfər çalmışıq.

- Bu mövzuda jurnalistlərin, tarixçilərin üzərinə hansı yük düşür?

- İlk növbədə söyləmək istəyirəm ki, Azərbaycan jurnalistikası hər zaman vətənpərvər olub. Biz zəfərimizin qədrini bilməliyik. Həm birinci, həm də ikinci Qarabağ müharibəsində şəhidlərimiz oldu, bizə bu möhtəşəm qələbəni onlar yaşatdılar. Onları elə təbliğ etməliyik ki, gələcək nəsillər də onları yaxşı tanısınlar. Böyük qəhrəmanlarımıza ehtiramımızı həmişə qoruyub saxlamalıylq.

Bir milyondan artıq məcburi köçkünümüzün hansı əzab-əziyyətlə torpaqlarından çıxarıldığını unutmamalı, uşaqlarımıza, gənclərimizə olduğu kimi çatdırmalıyıq.

Azərbaycan bu gün sözün yaxşı mənasında çoxlarını təəccübləndirib. Buna bəzən 200 ilin, bəzən isə 500 ilin böyük zəfəri deyirlər. Zənnimcə, haqlı olaraq Azərbaycan tarixinin ən böyük zəfər səlnaməsi olduğunu əminliklə deyə bilərik. Cünki bu zəfərimizlə həm də bir örnək ola bildik, bütün dünya bizdən danışdı. Müharibə dönəmində, bəzi ərəb mediasında bildirirdilər ki, son 100 ildə itirilən torpaqlarını qaytaran yeganə müsəlman ölkəsi Azərbaycandır. Bu çox qürur duyulmalı bir məqamdır.

Tarixçilərimizin üzərinə böyük iş düşür. Ancaq yalnız tarixi kitablar yazmaqla kifayətlənmək olmaz, qələbimizi əbədiləşdirmək üçün başqa mühüm məqam, vəzifələr var. Zəfərimizi həm də bədiiləşdirib ədəbiyyata, ekranlara gətirmək lazımdır. Bunu hadisələrin canlı şahidlərinin, qazilərin, döyüşlərdə iştirak etmış əsgər və zabitlərin dili ilə gələcək nəslə çatdırmaq doğru olar. Bu tariximiz ekran əsərləri, sənədli filmlərlə yaddaşlara həkk olunmalı, dünya çapında təbliğ olunmalıdır. Şəhid və qazi analarının da bununla bağlı istəkləri var və dilə gətirirlər. Deyirlər ki, tək istəyimiz odur ki, bizim övladlarımız unudulmasın.

- Sizcə, qadın övladları üçün savadlı olmalıdır?

- Bu mənim həyat tezisimdir. Bir ananın tərbiyə verib böyütdüyü uşaq gələcəyin ailə başçısı, həkimi, mühəndisidir. Savadlı gənclik parlaq gələcək deməkdir. Ona görə də, qadının təhsilli olması ilk növbədə cəmiyyətin inkişafı üçün müsbətdir.

Vətənpərvər gənclər tərbiyə etmiş Azərbaycan anaları ən böyük ehtirama layiqdirlər. Onlar əsl qəhrəmanlar yetişdiriblər. Öz xeyir-duası ilə övladını müqəddəs Vətən torpaqları uğrunda müharibəyə yola salan Analarla fəxr edirik.

Qızların ali təhsil alması üçün bölgələrdə universitetlərin filiallarının sayının artırılması məqsədəuyğun olardı. Ali məktəblərin məsafəcə yaxın olması regionlarda ali təhsil almaq istəyən gənclərimizə böyük imkanlar yarada bilər. Məsələn, bəzi ailələrdə hələ də streotiplər qalmaqdadır ki, deyirlər, qızımız gedib Bakıda tək yaşamasın və s. Bölgələrdə universitetlərin filiallarının yaradılması bizi irəli apara bilər. Ümumilikdə isə bundan cəmiyyətimiz, dövlətimiz fayda götürəcək. Təhsilli qadın işləməyə də bilər, amma o uşaqlara verdiyi tərbiyə ilə cəmiyyətimiz üçün tamamilə fərqli dəyər yaradacaq.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net