“Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram...” - İstiqlal şairinin anım günüdür
Bu gün istiqlal şairi Xəlil Rza Ulutürkün anım günüdür.
Cebhe.info xəbər verir ki, Xəlil Rza 21 oktyabr 1932-ci ildə Salyan rayonunun Pirəbbə kəndində anadan olub.
2 saylı şəhər orta məktəbində təhsil alıb. Salyan şəhər kitabxanasının ədəbiyyat dərnəyinin üzvü olub. 1948-ci ildə “Abşeron” adlı ilk şeirini yazıb. 1954-cü ildə Azərbaycan Dövlət Universitetini bitirən Xəlil Rza əmək fəaliyyətinə "Azərbaycan qadını" jurnalı redaksiyasında başlayıb. Onun ilk şerlər toplusu — "Bahar gəlir" kitabı 1957-ci ildə nəşr olunub. 1959-cu ildə Xəlil Rza Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasında təhsilini davam etdirib. O, 1963-cü ildə "Müharibədən sonrakı Azərbaycan sovet ədəbiyyatında poema janrı” mövzusunda yazdığı dissertasiyanı uğurla müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsinə layiq görülüb. Rektorluq onu institutda müəllim kimi saxlayıb. Tələbə auditoriyasına müəllim kimi daxil olduğu gündən Xəlil Rza dərs proqramı çərçivəsi ilə məhdudlaşmır, vətənpərvərlik ruhlu mühazirələrində qədim milli bəşəri dəyərlərimizdən və doğma dilimizdən ürək yanğısı ilə söhbət açırdı.
Xəlil Rza Azərbaycan dilinin saflığı, əcnəbi dilin təsirinə məruz qalmaması üçün özünəməxsus mübarizə yolu da seçmişdi. Qələm dostları deyir ki, Xəlil Rza harada olursa-olsun doğma dilində təmiz danışmayan müsahibindən eşitdiyi hər yabançı kəlmə üçün 5 qəpik cərimə tələb edər, danışığından məmnun qaldığı soydaşlarını bir manat məbləğində mükafatlandırardı.
Xəlil Rza 1985-ci ildə "Maqsud Şeyxzadənin bədii yaradıcılığı və Azərbaycan-Özbək ədəbi əlaqələrinin aktual problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edir. 1986-cı ildə Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə ona əməkdar incəsənət xadimi fəxri adı verilir.
1980-ci illərin axırlarında xalq azadlıq hərəkatı genişləndiyi zaman Xəlil Rzanın gur səsi Azərbaycanın bütün regionlarında eşidilirdi. O, bütün varlığı ilə xalq hərəkatına qoşulmuşdu, hər yerdə rus şovinist siyasətini, Dağlıq Qarabağ torpağına təcavüz edən erməni daşnaklarını odlu-alovlu çıxışları ilə ifşa edirdi.
Son günlərini yaşayan sovet imperiyası ömrünü uzatmaq üçün 1990-cı ilin yanvarında Azərbaycanın paytaxtı Bakıda dinc əhaliyə vəhşicəsinə divan tutdu. Bakını gülləbaran edənlərin törətdiyi cinayətlər Xəlil Rzanı sarsıtmışdı. O, bütün qüvvəsi ilə gecə-gündüz dinclik bilmədən, ürəyini məşələ çevirib xalqı düşmənlərə qarşı mübarizəyə səsləyirdi: xarici ölkə jurnalistlərinə verdiyi müsahibələrdə 20 yanvar hadisələrini, Qorbaçovun və onun əlaltılarının qanlı əməllərini dünya ictimaiyyətinə çatdırmağa çalışırdı.
1990-cı il yanvarın 26-da Xəlil Rza SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları tərəfindən həbs edilib Moskvaya — Lefortovo həbsxanasına göndərilir. Aramsız sorğu-sual, ağır ittiham şairin iradəsini qıra bilmir, o, zindanda da mübarizəsini davam etdirir. 8 ay 13 gün öz mühitindən təcrid olunmuş şair odlu-alovlu qəlbinin işığında "Lefortovo gündəliyini, 200-dən çox, şeir, poema və məktubunu qələmə alır.
Lefortovo həbsxanasında şəkər xəstəliyi olan Xəlil Rzanın səhhəti pozulmuşdu. 1990-cı il oktyabrın 9-da yatab qatarında Moskvadan Bakıya gətirilən Xəlil Rza, bir ay davam edən məhkəmə prosesindən sonra azadlığa buraxıldı.
1991-ci il mayın 6-da Xəlil Rza "Türk milləti mükafatı laureatı" fəxri adına layiq görülür. Bir ildən sonra, 1992-ci ildə ona Azərbaycan Respublikasının Xalq şairi fəxri adı verilir. O zamankı Türkiyə prezidenti Süleyman Dəmirəlin tapşırığı ilə cərrah Paşa adına Şəfa evində onun şəkərini və gözlərini müalicə edirlər. May ayının 19-da Həsaki Qəlb xəstəxanasında Xəlil Rzanın ürəyində cərrahiyyə əməliyyatı aparılır. 1993-cü il fevral ayının 11-də Bakıya qayıdan Xəlil Rza ayağından çıxarılan şırımın yeri bitişmədiyindən müalicə komissiyasında həkimlərin nəzarəti altında saxlanılır.
Lakin çox çəkmir ki, həkimlərin məsləhətinə görə, şairi Almaniyaya göndərirlər. Bakıya qayıdan Xəlil Rzanın bir müddətdən sonra yenə vəziyyəti ağırlaşır, onu Kardiologiya İnstitutunda müalicə edirlər.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fransaya rəsmi səfəri zamanı Xəlil Rza və Firəngiz xanım da nümayəndə heyətinin tərkibinə daxil edilmişdi. Bu tarixi səfər Xəlil Rzanın son səfəri oldu. Fransa səfərindən sonra tez-tez ön cəbhə bölgələrində, məktəb və mədəniyyət ocaqlarında, görüşlərdə çıxışlar edib şerlər oxuması, narahat həyat tərzi, yaradıcılıqla ciddi məşğul olması onu haldan salıb vəziyyətini ağırlaşdırdı. 1994-cü il iyunun 22-də bədii yaradıcılığının barlı-bəhərli çağında şairin vətən eşqi, xalq məhəbbəti ilə çırpınan dayanır.
Xəlil Rza Ulutürk Fəxri Xiyabanda dəfn olunub, onun məzarı üstündə şairin əzəmətli heykəli ucaldılıb.
Azərbaycan xalqının milli mübarizəsində xüsusi xidmətlərinə görə xalq şairi Xəlil Rza Ulutürk (ölümündən sonra) "İstiqlal" ordeni ilə təltif edilib.