Neft Şirkətinin vitse-prezidenti Ağsudakı obyektlərini itirə bilər
Tarix: 3-04-2015, 11:42 | Çap et
Neft Şirkətinin vitse-prezidenti Ağsudakı obyektlərini itirə bilər
Nə qədər qəribə səslənsə də, ölkəmizin bir sıra rayonları ayrı-ayrı məmur-oliqarxlar arasında bölüşdürülüb. Dünyanın heç bir ölkəsində bu cür "təcrübə" yoxdur. Yəni tutduğu postdan asılı olmayaraq, heç bir vəzifəli şəxs hansısa regionu kurasiyaya alıb orda hegemonluq edə bilməz. Vəzifə sahibi ancaq ona tapşırılan işlə məşğul olmalıdır. Bizdə isə, vəziyyət bir qədər fərqlidir. Bəzi məmurlar səlahiyyətlərinə aid olan işlərin icrasından başqa hər şeylə məşğul olurlar.

Yuxarılarda yüksək nüfuza malik olan bəzi məmurlar müxtəlif rayonları öz nəzarətləri altında saxlayır və həmin regionlarda böyük biznes sahəsi yaradırlar. Şirvan düzündə, Böyük Qafqazın ətəklərində yerləşən Ağsu rayonu da bir neçə məmurun arasında bölüşdürülüb. Yerli sakinlər bir neçə gün əvvəl mətbuat vasitəsilə ölkə rəhbərliyinə müraciət edərək, bu durumdan narahat olduqlarını bildiriblər. Onlar qeyd edib ki, Ağsu yüksək vəzifəli məmurlardan bir neçəsinin nəzarəti altındadır. Həmin məmurlardan biri kimi isə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Mikayıl İsmayılov göstərilib. Yadınızdadırsa, hələ biz xeyli müddət öncə Neft Şirkətinin vitse-prezidentinin Ağsu rayonunda iri biznes obyektlərinə sahib olduğunu yazmışdıq. Lakin Mikayıl müəllim yazdıqlarımızla razılaşmamış, deyilənlərin həqiqət olmadığını bildirmişdi. Amma bu gün bir daha sübut olunur ki, Ağsu rayonunda əsas nüfuz sahiblərindən biri də elə Mikayıl İsmayılovdur. Bizə verilən məlumata görə, adıçəkilən məmurun biznes əlaqələri qurub-yaratmaq üçün Ağsunu seçməsi heç də təsadüfi deyil: "Belə ki, Mikayıl İsmayılov əslən Ağsu rayonunun Çiyni kəndindəndir. Onun yaxın qohum-əqrəbaları rayonda çox rahat şəkildə yaşayırlar. Neft Şirkətinin vitse-prezidenti qohumlarına hər cür şərait yaradıb. Bildiyiniz kimi, Mikayıl İsmayılovla yanaşı, Ağsunun başqa bir "sahibi" də var. Həmin şəxsi bir çoxları yaxşı tanıyır. O hazırda yüksək vəzifədə çalışır. Bu məmurun yaxın qohumları rayonda əsas vəzifələri tutur. Digər vəzifəli şəxslərin də Ağsuya iddia etməsi, burda biznes obyektləri yaratmaq istəməsi vəziyyəti xeyli gərginləşdirib. Yaxın zamanlara qədər rayon üzərində böyük nəzarəti olan Mikayıl İsmayılov yavaş-yavaş bu imkanlarını itirir. Eşitdiyimə görə, Dövlət Neft Şirkətinin ikinci söz sahibi rayona nəzarət uğrunda mübarizədə adını çəkmək istəmədiyim məmura məğlub olur. Mikayıl İsmayılovun rayondakı obyektlərinin bir hissəsi əvvəlki qaydada işləmir. Çünki həmin obyektlərin üzərində böyük təzyiq var. Bu isə məqsədli şəkildə həyata keçirilən işin tərkib hissəsidir. Məqsəd Mikayıl İsmayılovu Ağsudan çıxarmaqdır". Məlumat üçün bildirək ki, Ağsu aşırımındakı kafe və restoranların əksəriyyəti məhz M.İsmayılova məxsusdur: "Azərbaycanın füsunkar təbiətə malik rayonlarından hesab edilən Ağsuda son illər ciddi ekoloji böhran yaşanmaqdadır. Mikayıl İsmayılovun biznes maraqları Ağsu aşırımında təhlükəli vəziyyətin yaranmasına gətirib çıxarıb. Hətta bu vəziyyətə dövlət səviyyəsində də reaksiya verilib. Belə ki, sürüşmə fəallığının artdığı aşırımda fəaliyyət göstərən obyektlər bir müddət əvvəl bağlanıb. Burda Mikayıl İsmayılovun təxminən 50-yə yaxın obyektinin olduğu deyilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məsələyə müdaxiləsindən sonra obyektlərin fəaliyyətinə qadağa qoyuldu. Buna rəğmən, aradan heç bir həftə keçməmiş aşırımdakı kafe və restoranlar fəaliyyətini bərpa etdi. Təbii ki, bu işdə Mikayıl İsmayılovun bilavasitə rolu olub. Vitse-prezident aşırımdakı restoranlarından ayda külli miqdarda gəlir əldə edir. Bu baxımdan Ağsu dolayındakı obyektlərin itirilməsi vitse-prezidentə heç cür sərf etməzdi". Vitse-prezidentin obyektlərindən söz düşmüşkən qeyd edək ki, M.İsmayılovun rayondakı biznesinin əsasını "Azgranata" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) təşkil edir: "Mikayıl İsmayılov meyvə şirəsi və şərab istehsalı ilə məşğul olan zavodu açmaqla maliyyə durumunu daha da yaxşılaşdırdı. Onun Ağsunun Hacıqədirli və Qaravəlli kəndlərinin ərazisində böyük nar bağları var. Bu kəndlərdə nar plantasiyaları salınıb. Bağların salınması zamanı Azərbaycan Gülöyşəsi, Çəhrayı Gülöyşə, Qırmızıqabıq, Nazikqabıq, Bala Mürsəl və Qırmızı mələz sortlarından istifadə edilib. Mövcud bağlardan yığılan məhsul "Azgranata" MMC-nin Ağsu rayonunda yerləşən meyvə emalı zavoduna verilir. Zavodun işini qaydaya salandan sonra Mikayıl İsmayılov üzüm bağları saldırdı. Belə ki, MMC-nin Şamaxı rayonunda ucu-bucağı görünməyən üzüm sahələri mövcuddur. Yığılan üzümlərdən şərab istehsal edilir. Lakin son vaxtlar "Azgranata" MMC-də istehsal gücü xeyli aşağı düşüb. Bu isə Mikayıl İsmayılovun rayonda nüfuzunu getdikcə itirməsi ilə bağlıdır. Rayon rəhbərliyində təmsil olunan şəxslər arxalarında dayanan məmura arxayın olaraq, vitse-prezidentin nəzarətindəki nar və üzüm bağlarının becərilməsinə əlavə problemlər yaradır". Etibarlı mənbədən aldığımız başqa bir informasiyaya görə, Mikayıl İsmayılovun bəzi qohumları ondan üz çevirib. Növbəti saylarımızda Neft Şirkətinin vitse-prezidentinin ən yaxın qohumlarından birinin maraqlı fikirlərini dərc edəcəyik. Bizi izləyin.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net