“Atəşgah” sığortada ilginc əməliyyat - İnsanları ölü göstərib pul alan işçi sədr müavininin adını çəksə də... - TƏFƏRRÜAT
“Atəşgah” sığorta şirkətinin vəzifəli şəxsi, 1995-ci il təvəllüdlü Paşa Əhmədov (soyad şərtidir) yüngül avtomobil qəzalarından sonra sistemə qanunsuz daxil olaraq ölüm faktı əlavə etməklə şirkətdən “mərhum” üçün ayrılan 5 min manatı mənimsəyib. Bu hal 15 dəfə təkrarlanıb və P.Əhmədov bu yolla 75 min manat mənimsəyib.
Musavat.com xəbər verir ki, Paşa Əhmədov idarənin digər mütəxəssisin parolunu əldə edərək onun hesabı ilə sistemə daxil olub və əvvəllər baş vermiş yol qəzaları üzrə toplanmış sənədləri ölümlə nəticələnən yol-nəqliyyat hadisələri kimi dəyişdirib. Bu sənədlərin yoxlanılması üçün idarənin aparıcı-mütəxəssisinin sisteminə yönləndirib. Sonra da həmin şəxsin parolu ilə sistemə daxil olaraq ölmüş şəxslərin adına veriləcək məbləği təsdiq edib. Növbəti mərhələdə toplanan sənədləri hüquqi ekspertlər şöbəsinin müdirinə yönləndirib. Bu dəfə i şöbə müdirinin hesabına daxil olaraq sənədlərin əsaslılığını və qanunamüvafiq toplanıldığını təsdiqləyib.
Ardınca o, sənədləri idarə rəisinin sisteminə yönləndirməklə pulun “Atəşgah” sığorta şirkəti tərəfindən vətəndaşlara təqdim olunması üçün ona verilmiş bank kartına köçürülməsinə nail olub.
Paşa Əhmədov məhkəmədə ifadə verərək deyib ki, 2019-cu il iyul ayında pula ehtiyacı olduğu üçün iş yoldaşı Nigarın parolu ilə sistemə daxil olaraq saxta sığorta işi açıb: “Həmin işə aidiyyəti olmayan başqa yol qəzası ilə bağlı sənədləri yükləyirdim. Nigarın sistemə daxil olmaq üçün istifadə etdiyi loqin və parolu əvvəldən bilirdim. Sənədləri saxtalaşdırıb güya yol qəzası zamanı bir nəfərin ölməsini qeyd edirdim. Halbuki həmin hadisədə ölən olmamışdı. Sonra həmin sənədləri növbəti etapa göndərirdim, Aparıcı mütəxəssis Ülviyyə Mehdizadənin sistemə daxil olma ad və şifrəsi ilə ödənilməli olan 5000 manat pulu təsdiqləyib növbəti etapa, yəni hüquqi şöbənin sisteminə yönləndirirdim. Hüquq şöbəsinin müdiri Turanə xanımın da loqin və parolunu bilirdim. Onun sistemi ilə sənədləri təsdiqləyib idarə rəisi Elman Mirsalayevə yönləndirirdim. İdarə rəisinə sığorta işləri siyahı üzrə göndərilir və həmin siyahıda çoxlu ödəmələr olduğu üçün arxayın idim ki, rəis mənim saxtalaşdırdığım sənədlərə diqqət edən deyil. Çünki idarə rəisinə sığorta işləri siyahı üzrə göndəriləndə artıq bir neçə etapdan yoxlanılmış vəziyyətdə gedir və idarə rəisi həmin siyahını çıxarıb öz imzası və möhürü ilə təsdiq edir.
Həmin parol və loqinlərini onların yanında olarkən ya da onlar kompüterlərinin arxasında olmayanda baxıb əldə etmişdim. Həm də orada hər kəsin işlərinə kömək etdiyim üçün onların şifrələrini bilirdim. Hamının kodları 1-dən 8-ə kimi idi.
Qəzalarla bağlı arxiv sənədlərindən istifadə edib köhnə hadisələri yazırdım. Ölmüş kimi göstərdiyim adları isə özümdən uydururdum. Yazırdım ki, guya həmin adam ölüb, sonra da özüm təsdiqləyirdim.
Sığorta şirkətinin rəhbərliyi tərəfindən nəzarət, demək olar ki, yox idi. Qadınlar saat 18-də işdən qaçırdılar, məni isə axşam saat 20-dək işlədirdilər. Mən da nəzarətin zəifliyindən və axşamlar iş vaxtı qurtardıqdan sonra işdə qalıb digər işçilərin loqin və parollarından istifadə edərək, həmin pulları oğurlayırdım. Mən orada cəmi 1 il 6 ay işləmişəm. Bütün hallarda sığorta sənədləri arasında ölümünü təsdiq edən şəhadətnamə və məhkəmənin hökmü olmalıdır. Amma saxta sığorta işləri təsdiq edən qovluqlarda, ölüm haqqında şəhadətnamə və məhkəmənin hökmü olmurdu. Bunu digər vəzifəli şəxslər görməli idilər. Mən cəmi 3 ay ərzində 15 nəfərin adına sənədləri saxtalaşdırmışam.
2019-cu il avqust-oktyabr aylarında saxtalaşdırdığım 10 yol qəzası üzrə əldə etdiyim 50 min manatı canlı oyun mərcində uduzdum”.
Paşa Əhmədov istintaqa ifadəsində deyib ki, bu işi görməyi ona “Atəşgah” sığorta şirkətinin idarə heyətinin sədri müavini Fuad İsmayılov tapşırıb: “Əvəzində mənə hörmət edəcəyini, ən əsası isə gələcəkdə məni işlədiyim şöbəyə müdir təyin edəcəyini demişdi. Mən sadəcə sənədləri toplayıb sistemə daxil edirdim, digər mərhələlərdə təsdiqləməni Fuad İsmayılov edirdi.
Onun bu işləri necə etməsindən məlumatım yoxdur. Mən pulu bankomatlardan çıxarırdım, işdən sonra Fuad müəllimlə görüşüb ona verirdim. O. mənə həmin pullardan cəmi 5 min manat verib. Şirkətə audit yoxlaması gələndə Fuad müəllimə narahat olduğumu dedim. O isə hər şeyi öz üzərimə götürüb ərizə yazaraq işdən çıxmağımı və bu işləri yoluna qoyacağını bildirdi”.
Lakin məhkəmədə ifadəsi zamanı Paşa Əhmədov bu sözləri təkzib edib və Fuad İsmayılov haqda dediklərini özünün uydurduğunu bildirib.
Hadisənin üstü isə vətəndaşın şikayəti əsasında baş verib. 2019-cu ilin dekabrında vətəndaşlardan biri Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edərək ölümlə nəticələnən qəzaya görə “Atəşgah” sığortanın ödənişdən imtina etdiyini bildirib. Palata bu şikayəti araşdırılması üçün şirkətə göndərib. Yoxlama zamanı sistemdə həmin şikayətçiyə 5000 manat sığorta ödənişinin köçürüldüyü aşkar edilib. Bundan sonra aparılan audit yoxlaması zamanı P. Əhmədovun cinayət əməlləri üzə çıxıb.
Məhkəmədə ifadə verən həmin vətəndaş qeyd edib ki, 2019-cu il aprel ayında Yasamal rayonu ərazisində oğlunu maşın vurub və hadisə nəticəsində vəfat edib: “Mən oğlumun ölümü ilə bağlı təzminatı almaq üçün “Atəşgah” sığorta şirkətinə gedib sənədləri Paşa adlı əməkdaşa təqdim etdim. Orda mənə bank kartı verib dedilər ki, pul ora köçürüləcək. Təxminən 1 həftə sonra kartı yoxladım, pul yox idi. Yenidən sığorta şirkətinə müraciət edəndə dedilər ki, ödənişin verilməsindən imtina edilib. Buna görə də Maliyyə Nazirliyinin Nəzarət Palatasına şikayət etdim. Amma bu günədək mənə heç bir ödəniş edilməyib”.
Aparıcı mütəxəssis Ülviyyə Mehdizadə bildirib ki, “Atəşgah” sığorta şirkətinin rəhbəri Ruslan Əliyev, Təhlükəsizlik idarəsinin rəisi Fuad İsmayılovdur: “Paşa mənim oturduğum yerə gəlib-gedirdi. Mənim loqin və şifrəmi heç kəs bilmirdi, proqramdan başqa komüterin öz parolu da vardı. Şirkətdə təhlükəsizlik qaydaları yüksək səviyyədə idi. Mənim yanımda printer vadı, həmin printerdən işçilər istifadə edirdilər. Ola bilsin, həmin vaxt Paşa necəsə parolumu görüb”.
“Atəşgah” sığorta şirkətinin idarə heyətinin sədr müavini Fuad İsmayılov məhkəmədə ifadə verərək deyib ki, 2012-ci ildən həmin şirkətdə işləyir: “İlk olaraq 5000 manat ödənişlə bağlı problem aşkarlandı. Bunun kimin tərəfindən olmasını tapa bilmirdik. Audit dəvət etdik, parolları olan işçilərdən şübhələndilər. Onların olmadığı müəyyən olundu. Sonra Paşa hər şeyi etiraf etdi və kimlərin parollarından istifadə etdiyini bildirdi. Paşa bir qəpik də olsun dəymiş ziyanı ödəməyib”.
Bu işdə diqqət çəkən məqam Paşanın cəmi 1 il 6 ayın işçisi olması, özündən yüksək vəzifədə olan şəxslərin loqin və şifrələrini bilməsidir. Sual yaranır ki, yeni işçi özbaşına bu işləri görə bilərdimi? Və ya Paşa niyə istintaqda sədr müavininin adını çəkib, sonra bundan imtina etdi? Aparıcı mütəxəssis olan Ülviyyə Mehdizadə deyir ki, onun loqin və şifrəsini heç kim bilmir, amma Paşa təsadüfən görüb. Loqin və şifrəni təsadüfən necə görmək olar? Paşanın bu əməlləri tək törətmədiyi şübhəsi yaranır. Amma bu suallar cavabsız qalır...
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Paşa Əhmədov 10 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.
“Atəşgah” sığortanın 75 min manatın ödənilməsi tələbi ilə bağlı qərar verilib. Amma bu məsələ mülki məhkəmədə həll ediləcək.