Banlarımızı daha ciddi böhran gözləyir
Tarix: 4-11-2015, 12:25 |
Çap et
Azərbaycan Mərkəzi Bankının III rübün nəticələrinə həsr olunan statistik göstəricilər bülleteninə istinadən xəbər verir ki, hesabat dövründə ləğvetmə prosesində olan bankların sayı 7-yə çatıb.
Halbuki, II rübün yekununa əsasən, bu cür bankların sayı 5 idi. Maraqlıdır, 2016-cı ildə bankların aqibəti necə olacaq?
Hafta.az-a açıqlama verən Mərkəzi Bankın qanunvericilik şöbəsinin keçmiş rəisi, vəkil Əkrəm Həsənov bildirib ki, gələn il banklarımızın aqibəti daha acınacaqlı olacaq:
“2016-cı il bank sistemimiz üçün həlledici ola bilər. Böyük ehtimalla gələn il indikindən də çox bank bazarı tərk edəcək. Fikir verin, hazırda 43 bankdan heç 10-u da rüblük hesabatını açıqlamır, maliyyə göstəricilərini gizlədirlər. Bu qanunun tələbini pozmaqdır . Bu isə o deməkdir ki, vəziyyətləri çox ağırdır. Nəzərə alsaq ki, Mərkəzi Bank müntəzəm olaraq prudensial tələblərini yumşaldır, amma buna baxmayaraq banklar yenə də göstəricilərini gizlədir, belə çıxır ki, vəziyyət Mərkəzi Bankın gözlədiyindən də qat-qat ağırdır. Səbəb aydındır: banklarda normal idarəetmə, risk-menecment sistemi, təmiz və peşəkar kadr potensialı yoxdur və ya kifayət qədər deyil. Nəticədə problemli kreditlərin həcmi artır, əmanətlər azalır. Əhalinin gəlirlərinin azalması da təbii mühüm rol oynayır. Banklar üzərində Mərkəzi Bankın nəzarəti də zəif və səmərəsizdir. Bunun da iki səbəbi var: Mərkəzi Bankın öz kadr potensialı zəifdir və Mərkəzi Bankın rəhbərliyi banklarla qohumluq və dostluq əlaqələri qurub, buna görə də normal nəzarət edə bilmir. Çıxış yolu nədir? Əvvəla, Mərkəzi Bankın rəhbərliyi dəyişməli, yaxud bank nəzarəti üzrə ayrıca dövlət qurumu yaradılmalıdır. Bank nəzarətini yeni və əli bulaşmamış şəxslər həyata keçirməlidir. Qeyri-sağlam banklar bağlanmalı, sağlam banklara ucuz kredit verilməlidir. Bunlar olmasa, bank sistemi çökə bilər və sağlam bankların da vəziyyəti pisləşər”.