Dollar bizi yenidən şoka salacaqmı - PROBLEM
Tarix: 30-09-2015, 10:46 | Çap et
Dollar bizi yenidən şoka salacaqmı - PROBLEM
İndi hər kəsi maraqlandıran və səbirsizliklə cavabını gözləyən suallardan biri də budur: Növbəti devalvasiya olacaqmı? Bununla bağlı şayiə qarışıq o qədər təzadlı açıqlamalara şahidlik edirik ki, bu da məsələnin nə qədər aktual olduğunu isbatlayır. Məhz bunu nəzərə alaraq “Unikal” qəzeti olaraq həmin mövzuya müraciət etdik. Beləliklə...

2016-cı ilin və sonrakı 3 ilin makroiqtisadi gözləntiləri sırasında manatın dəyəri, milli valyutanın növbəti dəfə devalvasiyaya uğrayıb-uğramayacağı ən çox maraq kəsb edən və nigarançılıq yaradan məsələlərdəndir. Problem neftin qiyməti, daha doğrusu, onun ucuzlaşması ilə bağlıdır. Elə gələn ilin icmal və dövlət büdcələri layihələrində qeyd olunur ki, Azərbaycan iqtisadiyyatı üçün neftin qiymətinin dəyişməsi həssas məqamlardan biridir.
Məlum olduğu kimi, 2016-cı ilin icmal və dövlət büdcələri gəlirlərinin hesablanması neftin qiymətinin 1 barel üçün 50 dollar səviyyəsində götürülməsi ilə planlaşdırılıb. Xarici valyutada ifadə olunan büdcə daxilolmaları və xərclərin hesablanmaları üçünsə milli valyutanın ABŞ dollarına məzənnəsi 1,05 manat həddində qəbul edilir. Yəni, hökumət qarşıdakı 2016-2018-ci illər ərzində manatın dollar və avroya nisbətdə orta illik məzənnəsini məhz sabit səviyyədə proqnozlaşdırır. Başqa sözlə, qarşıdakı 3 ildə milli valyutanın məzənnəsinin bivalyuta səbətinə (dollar və avro) nisbətdə dəyişməz qalacağı təxmin edilir: 1 dollar/ 1,0500 manat və 1 avro/1,1332 manat...
Manatın dəyərinin ucuzlaşacağı haqda mülahizə və proqnozlar isə səngimək bilmir. Asiya İnkişaf Bankı (AİB) da son hesabatında yeni ilin əvvəlində manatın ikinci dəfə devalvasiyaya uğrayacağını proqnozlaşdırıb. Baxmayaraq ki, AİB-in ölkəmizlə bağlı proqnozlaşdırdığı digər makroiqtisadi (ÜDM istehsalı, inflyasiya və s.) gözləntilər olduqca qənaətbəxşdir.
AİB hesab edir ki, manatın dəyəri üçün sabitlik yaradan faktorlar 2015-ci ildə kəskin zəifləyib. Neftin 1 barelinin qiyməti 50 dollardan aşağı düşdüyü üçün Azərbaycanın rəsmi valyuta ehtiyatları yanvar-avqust ayları ərzində 30%-dən çox azalıb. Odur ki, AİB bu tendensiyaya uyğun olaraq ikinci devalvasiyanın qaçılmaz ola biləcəyini istisna etmir.
AİB-in proqnozu nə dərəcədə düzgün təxmindir? Mərkəzi Bank 21 fevralda manatın məzənnəsini dollara münasibətdə 34% ucuzlaşdırdıqdan sonra növbəti devalvasiyaya gedə bilərmi?
Neftin ucuzlaşması daha çox 2014-cü ilin hadisəsidir ("qara qızıl" ötən ilin iyunundan ucazlaşır), bu ucuzlaşma fonunda ilin sonuna hələ çox qalsa da, Azərbaycan üçün 2015-ci ilin əsas iqtisadi hadisəsi 21 fevral korreksiyası - manatın dollar və avroya münasibətdə kəskin ucuzlaşdırılmasıdır.
Artıq 2016-cı ilin icmal və dövlət büdcəsi layihələri ortalıqda olduğundan ilin sonunadək növbəti məzənnə korreksiyası gözlənilmir. Bir daha qeyd edək ki, elə gələn il üçün də xarici valyutada ifadə olunan büdcə daxilolmaları və xərclərin hesablanmaları üçün manatın məzənnəsi dollara münasibətdə 1,05 manat qəbul edilib.
Hətta devalvasiya tədbiri qaçılmaz olsa belə, 21 fevralda olduğu kimi kəskin xarakter daşımayacaq. Burada bir məqam var ki, o da bundan ibarətdir ki, manatın ilin əvvəlindəki ucuzlaşdırılması qaçılmaz tədbir idi. Bununla həm valyuta ehtiyatlarının sürətlə əriməsinin qarşısı alındı, həm də milli pul vahidinin real dəyəri təmin edildi; bununla da dövlət büdcəsinə gəlirlərin təminində əsas mənbələr üzrə mövcud mexanizm və prosedur sadələşdirildi, idxala münbit şəraitin nisbətən aradan qaldırılması ilə yerli istehsalın mənafeyi müəyyən mənada sığortalandı.
Xatırladaq ki, AMB-in rəsmi valyuta ehtiyatları 2014-cü ilin dekabrında 1 milyard 238 milyon dollar azalmışdısa, bu ilin yanvarında azalma - 1 milyard 77 milyon 500 min, fevralda - 1 milyard 676 milyon 400 min, martda - 1 milyard 532 milyon 300 min, apreldə - 1 milyard 84 milyon 200 min dollar təşkil etmişdi. May-iyun aylarında isə 42 milyon 900 min və 89 milyon 400 min dollar həcmində cüzi artım əldə olunmaqla sabitlik yarandı. Ancaq sonrakı iki ayda yenidən azalma oldu: iyulda - 18 milyon 700 min, avqustda - 1 milyard 200 milyon dollar.
21 fevral devalvasiyası manatın xarici valyutalara münasibətdə məzənnəsinin real şəkildə təmini istiqamətində əhəmiyyətli addım idi. Manatın yaxın perespektivdə taleyi də məhz qeyd olunan amillərdən asılı olacaq. Dövlət büdcəsinin təminində daxili valyuta bazarındakı atmosfer bu mənada barometr rolu oynayacaq: Mərkəzi bank dollar ifadəsində nə qədər az intervensiya tədbirləri həyata keçirərsə, manatın növbəti dəfə də ucuzlaşdırılması məsələsi də bir o qədər gündəlikdən kənarda qalacaq. Əks halda, manatın yumşaq olsa da, devalvasiyası qaçılmaz olacaq.





Xəbərlər
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net