"Semaşko"da rüşvət dəhşət saçır
Tarix: 31-03-2015, 10:46 | Çap et
"Semaşko"da rüşvət dəhşət saçır
Müasir dövrün tələblərinə cavab verən keyfiyyətli səhiyyə sisteminin yaradılması son illər ölkəmizdə ardıcıl və sistemli şəkildə həyata keçirilən sosialyönümlü islahatların əsas hədəfinə çevrilməklə hər bir ölkə vətəndaşının sağlamlığının etibarlı qorunmasına xidmət edir.

Səhiyyə ümumən ölkənin milli genofondu ilə bağlı strateji sahə olduğundan ölkə rəhbərliyi bu sistemdə həllini gözləyən bir çox problemlərin, çatışmazlıqların aradan qaldırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir. Son illərdə tibb ocaqlarının kadr potensialının gücləndirilməsi, ən müasir müalicə-diaqnostika mərkəzlərinin inşası, mövcud xəstəxanaların, poliklinikaların əsaslı təmiri və yenidənqurulması, onların dərman preparatları və digər texniki vasitələrlə təminatı istiqamətindəki tədbirlər daha geniş vüsət alıb. Bunu heç kim inkar edə bilməz. Qeyd edək ki, dövlət büdcəsindən bu sektora ayrılan vəsaitlərin artırılması səhiyyə müəssisələrinin fəaliyyətinin, ümumilikdə tibbi xidmətin müasir tələblər səviyyəsinə qaldırılmasına, vətəndaşları qayğılandıran bir çox məsələlərin həllinə yaxşı imkanlar açıb. Təəssüf ki, nazir Oqtay Şirəliyev və onun vəzifəyə qoyduğu bəzi şəxslərin işlərində yol verdiyi nöqsanlar ucbatından Azərbaycanın səhiyyə sistemi inkişafdan qalıb. Xüsusi olaraq vurğulamaq lazımdır ki, dünyanın qabaqcıl ölkələrində belə səhiyyəyə Azərbaycanda olduğu qədər vəsait ayrılmır. Yəni hazırkı vəziyyətdə ölkəmizin səhiyyə sistemi ən yüksək səviyyədə olmalıdır. Çünki bəzi xarici ölkələrdə səhiyyəyə bizdən az vəsait yatırılır, amma keyfiyyət yuxarıdır. Bizdə isə səhiyyə sektoruna milyardların ayrılmasına baxmayaraq, keyfiyyət olduqca aşağıdır. Bəzi səlahiyyətli şəxslərin xoşagəlməz fəaliyyəti nəticəsində bu sahədə ciddi fəsadlar üzə çıxmaqdadır. Problemlər məngənəsində sıxılan tibb ocaqlarından biri də Səhiyyə Nazirliyinin (SN) tabeliyində fəaliyyət göstərən 1 saylı Şəhər Kliniki Xəstəxanası, el arasında "Semaşko" kimi tanınan tibb müəssisəsidir. Əldə etdiyimiz məlumatlara görə, ötən ilin may ayında Tərlan Bəbirovun yerinə baş həkim vəzifəsinə təyin edilən Sultan Əliyev vəzifəsinin öhdəsindən lazımi səviyyədə gələ bilmir. Bu barədə bir qədər sonra. Qeyd edək ki, sözügedən xəstəxana Azərbaycanda ən qədim tibb ocaqlarından biridir. 1915-ci ildə fəaliyyətə başlayan səhiyyə ocağı bir neçə il əvvəl milyonlar xərclənərək əsaslı şəkildə təmir edilib. Sovet dönəmində xəstəxana "Semaşko" xəstəxanası adlanıb. Daha sonra bir neçə dəfə statusunu dəyişib. Vaxtilə bura təcili yardım xəstəxanası və "Semaşko" xəstəxanası olmaqla iki yerə ayrılıb. Hazırda xəstəxananın statusu təcili və təxirə salınmaz yardımdır. 1 saylı Şəhər Kliniki Xəstəxanasında hazırda 2 minə yaxın işçi çalışır. Onlardan 500-ə yaxını həkim, 800-ü orta tibb işçisi və 700-ü kiçik tibb işçiləri və digərləridir. Bayaq qeyd etdiyimiz kimi, Kliniki Tibbi Mərkəzə Səhiyyə Nazirliyinin Hematologiya və Transfuziologiya İnstitutunun sabiq direktoru Sultan Əliyev rəhbərlik edir. O uzun müddət nazirlikdə şöbə müdiri işləyib. Deyilənə görə, baş həkimin 75-ə yaxın yaşı var. Adıçəkilən səhiyyə müəssisəsində xəstələrin incidilməsi, vətəndaşlara normal tibbi xidmətin göstərilməməsi və digər qandonduran məqamlarla bağlı mətbuatda dəfələrlə məlumat verilib. Xəstəxananın sabiq baş həkimi Tərlan Bəbirov işdən çıxarılanda bir çoxları burda vəziyyətin düzələcəyinə ümid bəsləyirdi. Buna baxmayaraq, 1 saylı Şəhər Kliniki Xəstəxanasında neqativ hallar hələ də azalmaq bilmir. Əksinə, Sultan Əliyevin gəlişindən sonra xəstəxanada tibbi xidmətin keyfiyyəti daha da aşağı düşüb. Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, xəstəxanaya işi düşən vətəndaşlar qapıdan girəndən çıxana kimi Sultan Əliyevin işçilərinə pul paylayırlar. Daha doğrusu, baş həkimin tabeliyində olan şəxslər- süpürgəçidən tutmuş həkimə qədər - xəstələrin yaxınlarından açıq-aşkar şəkildə rüşvət istəyirlər: "1 saylı Şəhər Kliniki Xəstəxanasının baş həkimi prezidentin pulsuz tibbi xidmətlə bağlı məlum göstərişini pozaraq bura müraciət edən çoxsaylı vətəndaşların cibinə baxır. "Semaşko"da mövcud olan xoşagəlməz olayları yüzlərlə vətəndaş təsdiq edə bilər.

Ölkə rəhbərliyinin səhiyyə sisteminin inkişafına göstərdiyi diqqət və qayğı çərçivəsində xəstəxana bir müddət əvvəl əsaslı şəkildə təmir olunub. Dövlət büdcəsindən ayrılan külli miqdarda vəsait hesabına səhiyyə ocağının maddi-texniki bazası yenidən qurulub. Yəni həkimlərin rahat işləyə bilməsi üçün dövlət üzərinə düşən vəzifəni artıqlaması ilə yerinə yetirib. Əfsus ki, Sultan Əliyev müasir standartlar səviyyəsində qurulan xəstəxanaya istənilən səviyyədə rəhbərlik edə bilmir. O ciddi qanunsuzluqlara imza ataraq xəstəxanada səhiyyə sisteminin qeyri-işlək hala düşməsinə səbəb olub. Baş həkim xəstəxanaya müraciət edən vətəndaşların müayinəsinə birbaşa özü nəzarət edir. Başqa sözlə desəm, o həkimlərin başının üstünü alaraq onları xəstələrdən nəsə ummağa məcbur edir. Bu və digər səbəblərə görə 1 saylı Şəhər Kliniki Xəstəxanasında pulsuz tibbi xidmətdən söhbət belə gedə bilməz. Şöbələrə konkret haqq qoyulub və hər həftə şöbə müdirləri, həkimlər Sultan Əliyevə aldıqlarının hesabatını verirlər". Məlumata görə, xəstəxanada xəstələrin qidalanması da qənaətbəxş deyil. Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin 9 mart 1994-cü il tarixli 103 saylı qərarı ilə xəstəxanada müalicə olunan xəstələr üçün xüsusi qida normaları müəyyənləşib. Bu qida normativləri hər zaman üçün qüvvədədir. Hər il büdcədən səhiyyəyə ayrılan vəsaitin bir hissəsi ərzaq məhsullarının alınmasına xərclənir. Lakin həmin vəsaitin təyinatı üzrə xərclənməsi bir qədər şübhə doğurur. Bizə çatan məlumatlara əsasən, "Semaşko"da xəstələrə keyfiyyətsiz və vitaminsiz qidalar təklif olunur: "Qanunla burda yatan xəstələrə normativə uyğun olaraq toyuq, balıq qızartması, duru yeməklər, kompot və şirələr, meyvə və tərəvəz, yağ, yumurta, cem, kəsmik, xama, çovdar və buğda çörəkləri, təzə və qurudulmuş meyvə, sosis və kolbasa verilməlidir. Sultan Əliyev baş həkim vəzifəsinə keçəndən sonra burda müalicə olunan xəstələrin qidalanması ilə bağlı çox böyük problemlər ortaya çıxıb. Dövlət büdcəsindən tibb ocağına ərzaq məhsullarının alınması üçün külli miqdarda vəsait ayrılır, amma ortada konkret nəticə yoxdur. Ayrılan vəsaitlərin kimin cibinə axması isə məlum məsələdir. Xəstəxanada xəstələrin qeydiyyata alınması da rüşvətin qarşılığında aparılır. Əgər Tərlan Bəbirovun vaxtında xəstə qeydiyyatı üçün 10 manat rüşvət tələb olunurdusa, hazırda bu məbləğ 30 manata qaldırılıb. Adi qan və sidik analizinə görə pasiyentlərdən 50 manat tələb olunur. "Semaşko"nun özəl klinikalardan heç bir fərqi yoxdur. Bəzi özəl tibb mərkəzlərində həkimlər daha insaflıdır və vətəndaşlardan az pul tələb edirlər. 1 saylı Şəhər Kliniki Xəstəxanasında isə sanki bazar açılıb. Ən dəhşətlisi isə odur ki, vətəndaşların burda həm pulu, həm də canı gedir. Reanimasiya şöbəsində dəhşətli şərait hökm sürür. İnandırım sizi, heç Maştağadakı dəlixanada bu cür acınacaqlı şərait yoxdur. Həkimlərin gözü xəstələrin cibindədir. Səhiyyə Nazirliyinin rəhbərliyi, nazir Oqtay Şirəliyev inanmırsa, xəstəxananın fəaliyyətini yoxlaya bilər". Sonda bir məsələni də nəzərinizə çatdırmaq istəyirik. Araşdırmalar nəticəsində öyrənmişik ki, 1 saylı Şəhər Kliniki Xəstəxanasının illik büdcəsi Tərlan Bəbirovun vaxtında 80 milyon manat olub. Sultan Əliyev baş həkim vəzifəsinə keçəndən sonra isə bu rəqəmin yanına bir "0" da əlavə edilib və səhiyyə ocağının illik büdcəsi 800 milyon manata çatdırılıb. Gələn saylarımızda büdcə vəsaitlərinin necə göyə sovrulmasından və 75 yaşında vəzifədə oturmağın verdiyi üstünlüklərdən danışacağıq. Bizi izləyin.





Xəbərlər
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net