Aqrar Universitetin şöbə müdiri etiraf edib ki...
Tarix: 26-06-2015, 13:14 | Çap et
Aqrar Universitetin şöbə müdiri etiraf edib ki...
Bu gün ölkənin kənd təsərrüfatı sektorunda peşəkar, yüksək ixtisaslı kadrlara ehtiyac həmişə olduğundan daha çox özünü büruzə verməkdədir. Məlum olduğu kimi, etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Bu baxımdan Azərbaycan dövləti ərzaq təhlükəsizliyinin birbaşa asılı olduğu aqrar sahənin inkişafına yönələn irimiqyaslı dövlət proqramları həyata keçirir. Hazırda ölkədə əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir. O cümlədən, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafı proqramı” da əsasən regionlarda işsizliyin aradan qaldırılmasına və ərzaq təhlükəsizliyinin təmin olunmasına yönəldilib. Bu problemlərin həlli aqrar sahənin inkişaf strategiyasının əsasını təşkil edir və aqrar sektorla sıx bağlıdır. Eksperrtlərin fikrincə, kənd təssürfatının inkişafı, ərzaq təhlükəsizliyin təmin edilməsi ilə bağlı proqramlar çərçivəsində son illər görülmüş işlər nəticəsində kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalında nəzərəçarpacaq irəliləyişlər qeydə alınmışdır. Lakin Azərbaycanda əsas ərzaq məhsullarına olan tələbatın yerli istehsal hesabına kifayət qədər həcmdə təminatı hələ ki, mümkün olmamışdır. Atılan addımalr göstərir ki, bu məsələlər dövlət səviyyəsində daimi diqqət mərkəzində saxlanılır. 16 yanvar 2014-cü il tarixdə dövlət başçısı tərəfindən «Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında» sərəncamın imzalanması da bunun sübutudur. O cümlədən, dövlət başçısının iştirakı ilə keçirilən müşavirələr və müzakirələr zamanı da dəfələrlə qeyd olunub ki, aqro-xidmətlərin səviyyəsinin yüksəldilməsi, dövlətin subsidiya, kredit, maliyyə və digər dəstəklərindən səmərəli istifadə, istehsal, bazar və sosial infrastruktur sahələrinin inkişafı, müasir yemçilik müəssisələrinin yaradılması məsələləri ilə yanaşı, maarifləndirmə, elmi və kadr təminatının yaxşılaşdırılması üzrə görülən tədbilər və əldə olunan nəticələr də ciddi təhlil olunmalı və innovative təşəbbüslər irəli sürülməlidir. Etiraf etmək lazımdır ki, dövlət tərəfindən kifayət qədər maliyyələşmə və güzəştlərin tətbiqinə baxmayaraq əldə olunan nəticələr təlabat və gözləntilərə hələ də adekvat deyil. Və belə vəziyyətin yaranmasına səbəb olan amillər arasında, məhz peşəkar kadr çatışmazlığı heç də sonuncu yeri tutmur.Ölkəmizdə aqrar sahədə ixtisaslı kadrların yetişdirilməsindən danışarkən isə təbii ki, ilk növbədə bütün diqqətlər məhz Azərbaycan Dövlət Aqrar Universitetinə yönəlir. Təəssüflər olsun ki, ADAU-nun üzərinə düşən bu vəzifənin öhdəsindən necə gəldiyinə dair olduqca ziddiyyətli fikirlər mövcuddur. Məsələn, ölkə mətbuatında dərc olunan bir çox materiallarda, bu ali təhsil müəssisəsinin rəhbərliyi savadlı kadr qıtlığının aradan qaldırılması üçün gərəkən addımların atılmamasında ittiham olunur: “Bu gün istehlak bazarının kənd təsərrüfatı məhsulları ilə istənilən səviyyədə təmin olunmamasının bir səbəbi də savadlı kadr qıtlığı ilə bağlıdır. Kənd təsərrüfatı mütəxəssislərinin hazırlanmasını həyata keçirən təhsil ocaqları üzərlərinə düşən işin öhdəsindən lazımınca gələ bilmirlər. O cümlədən Azərbaycan Dövlət Aqrar Universitetinin əsas vəzifəsi peşəkar kadrların yetişdirilməsi olsa da, bu təhsil müəssisəsinin rektoru İbrahim Cəfərov başqa məsələlərə daha çox diqqət yetirir...” Amma dediyim kimi, cəmiyyətdə, həmçinin mətbuatda ADAU-nun fəaliyyətinə dair səsləndirilən fikirlər ziddiyyətlidir. Yəni, bu fəaliyyəti kifayət qədər qənaətbəxş və hətta təqdirəlayiq hesab edənlər də var. Digər tərəfdən isə, bəzən dərc olunan məlumatlar elə ziddiyyətli məqamlar ortaya çıxarır ki, artıq onları yayan mənbənin hansı düşərgədə olması da heç bir əhəmiyyət kəsb etmir. Belə ki, bu ilin may ayının 19-da ölkə mətbuatında yayımlanan məlumatlarda Azərbaycan Dövlət Aqrar Universitetində ənənəvi, 7-ci “Məzun-2015” əmək yarmarkasının keçirildiyi xəbər verilmişdi. Məlumatlara görə, yarmarkada respublikanın 150-ə yaxın müəssisəsi tərəfindən təxminən 1200 boş iş yeri təqdim olunmuşdu. Maraqlıdır ki, elə ADAU-nin bu il məzunlarının sayı da təxminən 1200 nəfərə yaxın olmalıdır. Lakin açıqlamalara görə, yarmarka zamanı yalnız 420 məzunun adı iş üçün qeydiyyata alınıb. Digər tərəfdən isə, mənbələr hətta bu göstəricinin də şərti olduğunu və ADAU-nun real işlə təmin olunacaq tələbələrinin əsil sayının daha az ola biləcəyini xəbər verirlər. Səbəb isə budur ki, bir çox şirkət və iri təsərrüfat rəhbərləri ADAU məzunlarının hazırlıq səviyyəsini heç də qənaətbəxş hesab etmirlər. İddialara görə, hətta müəyyən elmi bazaya və şəxsi potensiala malikməzunların, yeni işə girdikləri müəssisədə təcrübə toplayaraq ixtisaslı kadra çevrilmələri üçün kifayət qədər zaman və maddi resurslar sərf olunur ki, bu da heç də həmişə özünü doğrultmur. Maraqlıdır ki, ADAU-da təşkil olunan yarmarkada aqrar universitetin istehsalı olan, eləcə də fermerlər tərəfindən təklif olunan məhsulların satışı da həyata keçirilir. Belə ki, ali təhsil ocağının nəzdində fəaliyyət göstərən “Quşçuluq Tədris Mərkəzi”ndə istehsal olunmuş quşçuluq məhsulları, taxıl və paxlalı bitkilər loboratoriyasının yeni taxıl sortları yarmarka iştirakçılarına güzəştli qiymətlərlə təklif olunub. Bu barədə açıqlama verən ADAU-nun təcrübə və işədüzəltmə şöbəsinin müdiri Hümbət Camalov özü də etiraf edib ki, əmək yarmarkası iştirakçılarının bu tədbirə maraqlarını yalnız universitetin məzunları ilə təmin etmək demək olar ki, mümkün deyil: “Bu yarmarkalarda həmçinin fermerlərimizin istehsal etdiyi məhsulların satışını da təşkil edirik ki, fermerlər üçün də stimulverici tədbirlər olsun...” Göründüyü kimi İbrahim Cəfərov rəhbərlik etdiyi ADAU-nun yalnız tələbələrindən deyil, hətta məzunlarından, daha doğrusu bu məzunların adına təşkil olunan işədüzəltmə kampaniyalarından da yetərincə yararlana bilir. Düzənlənən əmək yarmarkalarında da hər kəs öz müştərisini tapır, öz malını satır. Tələb və təklif münasibətlərindən hələlik kənarda qalanlarsa, yenə də aqrar sahə mütəxəssislərinə ehtiyacları olan müəssisələr və ADAU-nun iş axtaran məzunları olur.





Xəbərlər
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net