Azərbaycanın beynəlxalq nüfuzunun artmasına xidmət edən milli həmrəylik
Tarix: 27-12-2021, 14:01 | Çap et
Azərbaycanın beynəlxalq nüfuzunun artmasına xidmət edən milli həmrəylik

Qədim tarixə, zəngin mədəniyyətə və müdrik adət-ənənəyə malik olan xalqımız böyük məqsədlər uğrunda birləşməyi və təşkilatlanmağı bacardığını tarixin müxtəlif dövrlərində nümayiş etdirmiş, bir çox siyasi burulğanların caynağından məhz bu keyfiyyəti sayəsində üzüağ çıxmağı bacarmışdır. “Birlik” ola bilməyin əhəmiyyətini anlamaq bizə ulu babalarımızdan, görkəmli tarixi şəxsiyyətlərimizdən miras qalmışdır. Elə ona görə də xalqımız hətta Vətən torpaqlarının parçalanması, yadellilər tərəfindən bölünməsi zamanı belə bu dəyərli mirası qəlbində qoruyub saxlamışdır. Nə Azərbaycan torpaqlarının “Gülüstan” sülh müqaviləsi ilə iki hissəyə ayrılması, nə də həmin dövrün qəddar siyasi quruluşu millətimizin hər bir fərdinin ürəyinin eyni amalla döyünməsinə mane ola bilməmişdir.

İki əsrlik bir müddətdə bir-birindən aralı düşən xalqımız ötən əsrin sonlarında qəlbində bəslədiyi həmrəyliyini əməli fəaliyyətə çevirmək üçün cəhdlər etməyə başladı. Naxçıvan Muxtar Respublikasında başlayan “Sərhəd hərəkatı” xalqımızın illərlə həsrətində olduğu birlik yolunda atılan ilk addımlardan oldu. Belə ki, Cənub və Şimala bölünən Azərbaycanımızın eyni millətdən olan əhalisinin qovuşmasını, əsrlərlə davam edən maneələrə son qoyulmasını tələb edən vətən övladları SSR-nin dövlət sərhəddi boyunca çəkilmiş çəpərlərini sökməyə başladı. Xalqın kükrəyən iradəsi qarşısında nə Sovet İttifaqı Kommunist Partiyası, nə də onun dəhşət saçan cəza metodları dayana bilmədi. Naxçıvanda başlanan və qısa müddətdə bütün Azərbaycana yayılan bu birlik mücadiləsini həyəcansız xatırlamaq olmur. Araz sahilində qovuşan aylıq, illik deyil, əsrlik həsrətlilər öz əzmləri ilə bütün dünyaya bir xalqın həmrəyliyinin nə demək olduğunu nümayiş etdirdi. Tariximizin növbəti qürurverici səhifəsini yazmaqla özünəqayıdışın təməlini qoydu. Beləliklə 1989-cu ilin 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəylik Gününə çevrildi. 1990-cı ilin noyabr ayında Türkiyədə keçirilən Birinci Millətlərarası Azərbaycan dərnəkləri qurultayını bu başlanğıcın növbəti addımı hesab etmək olar. Həmin ilin dekabrında mühüm tarixi hadisənin ildönümü Naxçıvanda xüsusi coşqu ilə qeyd olundu. Bütün bunların məntiqi nəticəsi olaraq 1991-ci ilin dekabr ayının 16-da həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan Ümummilli lider Heydər Əliyev 31 dekabr taixini Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin qəbul etdiyi 6 bəndlik Qərar dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlıların birlik yolunda irəliləməsinin ilk tarixi sənədi oldu. Sonrakı dövrdə bu sənədin bir kağız parçasından ibarət olmadığını, özündə böyük və güclü bir məqsədi ifadə etdiyini müdrik xalqın layiqli övladları dəfələrlə sübut etdilər. Harada yaşamalarından asılı olmayaraq qəlbi Vətən eşqi ilə döyünən yurddaşlarımız həmrəyliyin əhəmiyyətini dərk edərək yaşadıqları ölkələrdə Azərbaycan diasporu yaratmaqla tarixi zərurəti gerçəkləşdirmək yolunda işə başladılar.

Təsadüfi deyil ki, Ali Baş Komandan cənab İlham Əliyevin Vətən torpaqlarının işğaldan azad olunması barədə əks-hücum əmri verməsi dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılar tərəfindən dəstəkləndi. Bu mənəvi dəstək haqq davamıza qara yaxmağa çalışan düşməni susdurmağa və informasiya müharibəsində layiqincə mübarizə aparmağa imkan yaratdı. Budur birlik və həmrəyliyin gücü! Düzgün siyasət, dəmir iradə, güclü ordu və milli birlik Qarabağımızı bizə qaytardı. İşğaldan azad etmə əməliyyatları davam edərkən xalqın hər bir fərdinin vahid məqsəd uğrunda birləşməsi, sosial statusundan, siyasi əqidəsindən asılı olmayaq ölkə başçısının ətrafında toplaşması yaxın tariximizin ən qürurverici səhifələrindən oldu. Bütün dünya Azərbaycan xalqının iradəsinin və liderinin arxasında hansı əzmlə dayandığının şahidi oldu. Həmin çətin günlərdə məhz xalqın inamı, etimadı idi Ali Baş Komandan İlham Əliyevi döyüş meydanında olduğu kimi siyasi arenalarda da yenilməz edən. Gücünü xalqdan alan siyasi liderin Azərbaycan

tarixinə qızıl hərflərlə yazılmış qələbəsi bu yolda canından keçmiş vətən övladlarının ailələlərinə təsəlli yeri, ümid ocağı oldu.

Müharibə bitdi! Artıq bərpa və inkişaf yoluna qədəm qoymuşuq. Bu mütərəqqi yolda da xalqımızın ölkə başçısının ətrafında sıx birləşərək inamla irəli addımlayacağına heç bir şübhə yoxdur, çünki biz bir olmağı, bərabərcə hərəkət etməyi bacaran, həmrəyliyi sözdə deyil, əməldə göstərməyə qadir olan böyük və müdrik xalqıq!

Həmrəylik Günün mübarək, Azərbaycan xalqı!

Bakı şəhəri, Suraxanı rayonu, 327 nömrəli tam orta məktəbin direktoru Səadət Məmmədova





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net