“Gənclərin xarici universitetlərə axınının qarşısını almaq üçün qəbul imtahanları sadələşdirilməlidir. Əks təqdirdə ali təhsil almaq üçün xaricə üz tutanların sayı ildən ilə daha da artacaq”.
Vertikal.az xəbər verir ki, bu fikirləri Bakupost.az -a açıqlamasında Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyib.
Professor bildirib ki, bütün inkişaf etmiş ölkələrdə gənclərin ali təhsilli olmasına çalışılır. Onların ali təhsil alması üçün rahat, əlverişli şərait yaradılır:
“Əksər ölkələrdə ali təhsil almaq Azərbaycandan daha əlçatandır. Çünki orada ali məktəbə qəbul olmaq bizdəki kimi çətin deyil. Savadlı, təhsili insanların çox olması, cəmiyyətin intellektual səviyyəsinin artmasına da səbəb olur. Ancaq qəbul imtahanları cəmiyyətin intellekt səviyyəsinin yüksəlməsinə əngəl olan bir prosedurdur. Ali məktəbə tələbə imtahan yolu ilə seçilməməlidir. Mən hesab edirəm ki, bu düzgün yol deyil”.
Ş.Əsgərov qeyd edib ki, qəbul imtahanlarına bəzən abituriyentin cavab vermək iqtidarında olmadığı çətin suallar salınır. Belə çətin test suallarını ancaq müəllimlər cavablandıra bilər:
“Cənubi Koreyada orta məktəbi bitirən hər 100 uşağın 95-i ali məktəbə qəbul olur. Bizdə isə ölkənin orta təhsil müəssisələrini bitirən 100 məzundan 16-17-si ali məktəbə qəbul olur. Halbuki, 100 nəfərdən 50-si ali məktəbə qəbul olmalıdır. Gənclərə ali təhsil almaq üçün imkan yaradılmalıdır. Çətin test tapşırıqları, ağır suallarla uşaqları bu qədər stressə salmaq, inçitmək nəyə lazımdır. Yox, ali məktəbə qəbul ancaq imtahan yolu ilə olmalıdır deyiriksə, onda mütləq şəkildə imtahan sualları sadələşdirilməlidir. Potensiallı, riyazi təfəkkürlü, normal düşüncəli gənclərimiz ali təhsil almaq imkanından məhrum edilməməlidir, ali məktəbdən kənarda qalmamalıdır”.
Ş.Əsgərovun sözlərinə görə, bü gün orta məktəbi bitirən şagirdlərin təqribən 70 faizi yerli ali təhsil müəssisələrinə, qalan faiz isə xarici universitetlərə üz tuturlar:
“Olmaz ki, biz bütün gənclərə doğma vətənlərində, öz universitetlərində təhsil almaq imkanı yaradaq? Fikrimcə, bu məsələ haqqında ciddi düşünməyin zamanı çatıb”.
Professor hesab edir ki, ali məktəblər giriş qapılarını gen, çıxış qapılarını dar açılmalıdır: “Hesab edirəm ki, indiki dönəmdə ciddi qəbul imtahanlarına ehtiyac yoxdur. Universitetlərdəki tədris və imtahan prosesi çətinləşdirilməlidir. Qoy tələbə universitetdə seçdiyi ixtisası üzrə imtahan olunsun”.