Bayram gəlmədən qiymətlər artır... və bir daha enməyəcək - Yeni ilə doğru
Qarşıdan yeni il gəlir. Artıq bəzi mağazalar yeni il oyuncaqlarının satışına başlayıb. Nə qədər qəribə olsa da, keyfiyyəti heç də yüksək olmayan məhsullar yüksək qiymətə təklif edilir.
“Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov Bizimyol.info saytına açıqlamasında bildirib ki, uşaq oyuncaqları, eləcə də bayram oyuncaqları ilə bağlı ölkədə problemlər yaşanır: “Nazirlər Kabinetinin 343 saylı qərarına görə, belə mallar məcburi sertifikatlaşdırılan mallar siyahısındadır”.
E.Hüseynov bildirib ki, belə mallar ölkənin əmtəə bazarına daxil olmadan öncə yoxlanılmalı, təhlükəsizliyi təmin edilməli, sonra daxil olmalıdır. O, təəsüflə qeyd edib ki, yeni il və uşaq oyuncaqlarının 90 faizi sertfikatlaşdırılmır. Yəni belə məhsulların təhlükəsizliyi təmin olunmur.
“Uşaqlar oyuncaqlarını ağzına sürtür və ya dişləyir. Belə halda uşaqlarda kütləvi və qismən zəhərlənmələr baş verə bilər. Çünki bu oyuncaqlar əsasən plastmas və rezindən olur. Bu səbəbdən də, istehlakçılar yeni il oyuncaqları və ya uşaq oyuncaqları almaq üçün mağazaya daxil olanda oradan pis qoxu və ya plastmas qoxusu gəlirsə, belə mağazalardan məhsul almasınlar”,- deyən Hüseynov qeyd edib ki, istehlakçılar malların sertifikatlarını tələb etmək hüququna malikdirlər.
Əgər istehlakçı aldığı məhsulun təhlükəsizliyinə əmin olmaq istəyirsə, sertifikat tələb etməlidir.
Gəlinciklər alınan zaman onların tükləri çəkilməlidir, tükləri qopan gəlinciklər təhlükəli sayıla bilər.
Ağ dəsmalı nəm edib oyuncağı silsinlər, rəngi çıxan oyuncaqları almasınlar.
Uşaqlara verilən oyuncaqların üzərində qopan, burun-boğaz və ya udlaqda qalan, yaralaya bilən hissələr varsa, belə oyuncaqları almasınlar.
“Yeni il şənliklərində şam ağaclarına xüsusi işıq vermək üçün naqil çəkirlər. Həmin naqillər Çindən gətirilir. Bu, çox təhlükəli naqillərdir. Bir dəfə dekabrın 31-də Bakıda keçmiş Şorts küçəsindəki bir evin yandığını gördüm. Qısa müddət nəzarətsiz qalan şam ağacı naqillərdən alışmışdı və ev yanmışdı. Qətiyyən şam ağacının üzərində işıqlar yanan vəziyyətdə nəzarətsiz qoymamalı, diqqətli olmalıdırlar”,- deyə ekspert bildirib. Onun sözlərinə görə, bayram öncəsi mağaza və bazarlarda qiymət artımı müşahidə edilir. Tələb artıdğı üçün təklif bahalaşır və keyfiyyət aşağı düşür. Bu, bazarın qanunudur. Buna süni qiymət artımı demək olmaz. Süni qiymət artımının əsasən marketlərdə meşahidə edildiyini deyən ekspert təəssüflə bildirir ki, “Azərbaycanda bir dəfə qalxan qiymət, bir daha enmir”. Bayramdan sonra da məhsullar yüksək səviyyədə davam edir.
“İstehlakçılar narazı qaldıqları hallarla bağlı, 195 (2) telefonu ilə əlaqə saxlayıb şikayətlərini dilə gətirə bilərlər. Qida ilə bağlı təhlükə hiss etdikləri zaman isə 1003 - Qida Təhlükəsizliyi Agentliyinə müraciət edə bilərlər”