Vergi güzəşti qəzet oxuyanların sayını artıracaq? - SORĞU
Tarix: 22-11-2021, 18:08 | Çap et
Vergi güzəşti qəzet oxuyanların sayını artıracaq? - SORĞU

Xəbər veridyimiz kimi, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər paketi artıq Milli Məclisə təqdim olunub.

Vergi Məcəlləsinə təklif olunmuş növbəti dəyişikliklərdən biri kitab, dərslik və kağızın idxal və satışına vergi güzəştlərinin tətbiq edilməsi ilə bağlıdır.

Belə ki, təklif edilmiş dəyişikliyə əsasən, kitabların (elektron kitablar istisna olmaqla), dərslik komplektlərinin, həmin malların (məhsulların) istehsalı ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalının və satışının, habelə bu məhsulların istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyətinin (reklam xidmətləri istisna olmaqla) ƏDV-dən azad edilməsi nəzərdə tutulur.

Mövcud qanunvericiliyə əsasən, kütləvi informasiya vasitələri məhsullarının idxalı, kitabların idxalı və satışı, habelə qəzetlərin, jurnalların və bu kimi digər məhsulların istehsalı ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı ƏDV-yə 18% dərəcə ilə cəlb edilir.

Yeni təkliflərdə isə KİV məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin idxalı və satışı, həmin məhsulların istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışının ƏDV-dən azad edilməsi yer alıb.

Bundan əlavə, mətbu KİV məhsullarının və kitabların (o cümlədən elektron kitabların), habelə dərslik komplektlərinin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyətinin də (reklam xidmətləri istisna olmaqla) ƏDV-dən azad olunması təklif edilib.

Cebhe.info bununla bağlı qəzet rəhbərləri arasında sorğu keçirib.

"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid bildirib ki, bu təklifin qəbulu qəzetlərin iqtisadi durumuna cüzi də olsa, təsir edəcək:

“Qəzet çapında kağızın qiymətinə əlavə dəyər vergisi vardı. İndi bu vergi məcəlləsinə təklif olunan dəyişikliklərdən sonra qəzet çapında istifadə olunan kağıza qoyulan ƏDV ləğv olunacaq.

Parlamentin iqtisadiyyat komissiyasında müzakirələr zamanı mən də iştirak etdim və sözümü dedim. Hər halda bu cüzi də olsa, qəzetlərin iqtisadi vəziyyətinə təsir göstərəcək. Çünki qəzetlər indi çapa görə əlavə dəyər vergisi ödəyirlər. Ola bilər ki, qəzet kağızının qiymətinə də müəyyən qədər təsir eləsin. Arzu edirik ki, ƏDV götürüləndən sonra qiymətlər də aşağı düşsün. Qəzetlərin iqtisadi vəziyyəti çətindir, bunun qəzetlərə böyük təsiri olmayacaq.

Məsələn, “525-ci qəzet”in bir ay üçün kağız üçün ödədiyi ƏDV 400-500 manat arasındadır. Ümumilikdə götürdükdə, bu dəyişikliyin qəbul olunması ilə dövlət həm kitab sənayesində, həm kitab nəşrində, kitab kağızlarının ölkəyə gətirilməsində təxminən 2 milyon manatadək nəşriyyatlara və təsdiq olunan qurumlara xeyir verəcək. Əlbəttə, kitab satışının belə çətin vəziyyətdə olduğu dövrdə bu addımı yüksək qiymətləndiririk. Mənə elə gəlir ki, bu kitab çapının da iqtisadi vəziyyətinin yaxşılaşmasına kömək edəcək”.

“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə bu təklifi müsbət qiymətləndirib:

“Bu təklifin reallaşması poliqrafoya və nəşriyyat xərclərinin azalmasına gətirib çıxara bilər ki, bu da müsbət haldır.

Çünki bütövlükdə çap prosesində ən böyük vəsait tələb eləyən məsələ kağızdır. Kağızın baha olması nəticə etibarı ilə ƏDV-nin tətbiq olunması ilə bağlıdır. Belə olduqda isə qiymətlər aşağı düşə bilər. Qəzetlərin büdcəsi üçün müəyyən müsbət faktor yarada bilər.

Düşünürəm ki, paralel şəkildə həyata keçiriləcək. Həm islahatlar aparılacaq, ƏDV aradan qaldırılsa, eyni zamanda media sektoruna, xüsusilə, çap mediasına digər güzəştlərin tətbiqi də çap mediasının mövcud problemlərdən xilas olmasına köməklik göstərə bilər”.

“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal hesab edir ki, bu sahəyə tətbiq edilən əlavə dəyər vergisi dövlət büdcəsində onsuz da əhəmiyyət kəsb etmir:

“Hazırda Azərbaycanda qəzetlərin sayı xeyli dərəcədə azalıb. Bildiyim qədərilə, Ədliyyə Nazirliyində məhz çap mediası kimi qeydiyyatdan keçən qəzetlərin sayı 5 minə yaxındır. Amma bura əyləncə, krossvord və digər qəzetləri də əlavə etsək, real olaraq çıxan qəzetlərin ümumi sayı 50-dən artıq deyil. Bunlardan 18-i Medianın İnkişafı Agentliyi tərəfindən maliyyə yardımı göstərilən qəzetlərdir.

Hazırda qəzetlərin qarşısında duran əsas məsələlərdən biri, məhz müasir standartlara uyğun, yəni rəngli formada nəşr olunmaqdır. Azərbaycanda nəşriyyatla bağlı qiymət məsələsində problem var. Bu da ondan ibarətdir ki, rəngli qəzetləri keyfiyyətli şəkildə quran mətbəələrdə qiymətlər çox yüksəkdir. Hazırda qəzetlərə ayrılan maliyyə dəstəyinin bir hissəsini həmin o keyfiyyətli mətbəələrə yönəltmək, digər hissəsini də qalan xərclər üçün saxlamaq bir-biri ilə tərs mütanisibdir.

Buna görə də bir çox qəzetlər, o cümlədən bizim qəzet də nisbətən qiymətdə uyğun olan mətbəələrə üz tuturuq ki, orada da keyfiyyət ürəyimizcə deyil. ƏDV qaldırılsa, o zaman yaxşı məhsul çap edən mətbəələr, o cümlədən Azərbaycan Nəşriyyatı qiymət məsələlərinə yenidən baxa bilər. Qəzetlər üçün daha optimal olan qiymət müəyyənləşdirilə bilər, biz də daha keyfiyyətli mətbəələrdən istifadə edə bilərik. İstərdik ki, nəzərdə tutulan dəyişikliklər reallaşsın”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net