Yerli kanallarda insanları cəlb edən ciddi, maarifləndirici, elmi və sosial xarakterli verilişlər demək olar ki, yox dərəcəsindədir.
Azərbaycan telekanallarında normal verilişlər, maarifləndirici layihələr çox azdır. Efirlərdə daha çox şou xarakterli, sensasiyaya xidmət edən, reytinq gətirən, qalmaqallı verilişlərə yer ayrılır.
Bu problem necə aradan qaldırmaq olar və bu istiqamətdə hansı işlər görülməlidir?
Məsələ ilə bağlı media eksperti, tele-tənqidçi professor Qulu Məhərrəmli Cebhe.info-ya açıqlamasında bildirib ki, bu, ölkəmizdə ciddi problemlərdən biridir.
“Bu gün ölkədə telekanallardakı verilişləri iki qismə ayırırıq. Bunlardan bir qrup həddindən artıq rəsmi, quru, tamaşaçıyla səmimi ünsiyyət saxlaya bilməyən, yalnız müəyyən ideologiya üzərində qurulan verilişlərdir. Televiziyalarda ikinci tip verilişlər isə ancaq qeyri-ciddi, şou, lağlağı üzərində qurulub. Əlbəttə ki, ikincilərə baxış təəssüflər olsun ki, çoxdur. Çunki evdar qadınlardan tutmuş, müəyyən əyləncə axtaranlara qədər auditoriya seqmenti var. Belə verilişlər çoxdur”.
Qulu Məhərrəmlinin sözlərinə görə, bu səbəbdən telekanallar bu istiqamətdə verilişlər hazırlamağa çalışır:
“Həmin verilişlər vasitəsilə də reklam qazanmağa, reytinq artırmağa çalışırlar. Yəni bunun əsas səbəbi, qaynağı buradandır. Hesab edirəm ki, ekran ciddi səhnədir.Yəni ona baxanlar, bu verilişləri auditoriyaya təqdim edənlər, özlərini məişətdə yox, projektorun altında hiss etməli, məsuliyyətli olmalıdırlar. Heç kim demir ki, əyləncəli verilişlər olmasın. Vaxtilə “SOY” telekampaniyası çox maraqlı, əyləncəli proqramlar hazırlayırdı. İndi də belə nümunələr var. Yəni bunun üzərində ciddi düşünmək, maraqlı verilişlər hazırlamaq olar”.
Media ekspertinin sözlərinə görə, heç bir halda o verilişləri məişət səviyyəsinə endirmək olmaz.
“Məsuliyyət hissi unudulanda, peşəkarlıq arxa plana keçəndə yalnız dedi-qodu üzərində veriliş hazırlanarsa, deməli, çox səviyyəsiz proqramlar ortaya çıxır.
Məqsəd yalnız pul qazanmaq, nəyin bahasına olursa-olsun, ucuz reytinq axtarışına çıxanda belə verilişlər ortaya çıxır”.