“Balıqların şahı ölüb dəryada...” - Lənkəranda kütüm niyə qəhətə çıxıb? - Reportaj, Fotolar
Tarix: 20-02-2021, 16:56 | Çap et
“Balıqların şahı ölüb dəryada...” - Lənkəranda kütüm niyə qəhətə çıxıb? - Reportaj, Fotolar
“Get, sabah gələrsən, bəlkə oldu...” - Lənkərandakı vətəgələrin birində torları təzə qurmağa başlayan balıqçılardan biri belə deyir.

Onun sözlərinə görə, hava şəraiti əlverişli olsa, balıqçılar avarlarını işə salıb dənizə çıxacaqlar.
Lənkəran camaatının “ziyad” adlandırdığı kütüm balığı bu bölgədə həmişə ən asan və ucuz tapılan nemət olub, indi isə qəhətə çıxıb desək, yalan olmaz.
“Balıqların şahı ölüb dəryada...” - Lənkəranda kütüm niyə qəhətə çıxıb? - Reportaj, Fotolar
Yenə vətəgədə torlar qurulub, sovet dövründən qalan, nömrəli, nişanlı qayıqlar sahildə gözləyirlər. Amma onlar bu gün - fevralın 20-də dənizə çıxmayıblar, baxmayaraq ki, nə külək var, nə şaxta...
Balıqçılar deyirlər ki, Xəzər dənizində əvvəl olduğu qədər balıq bol deyil. Son bir neçə ildə onların torlarına ilişən balıqların sayı xeyli azalıb.

“Bunun iqlimlə, yoxsa dənizdə olan çirklənmə ilə əlaqələndirək, bilmirik axı?! Axır vaxtlar balıq tutmağa məhdudiyyətlər də artıb. Ona görə Lənkəranda balıq az tapılır, qiyməti də bahadır”,-deyə balıqçılar bildirirlər.

Onların dediyi kimidir, Lənkəran kimi yerdə həmişə 6-7 manata olan kütüm indi 12-14 manatdan aşağı deyil. Satanlar da balığın az olmasını səbəb göstərirlər. Balıqçıların və satıcıların sözlərindən məlum olur ki, brokonyerlərə qarşı mübarizənin sərtləşdirilməsi işlərə təsir edib.

“Ziyad balığının normal çəkidə olanı 15-16 manatadır. Bu pulla üç toyuq almaq olur. Camaatın qabaqkı imkanı yoxdur. Lənkəranda həmişə kasıb adamlar ziyad balığı alıblar.

Çünki qiyməti ucuz idi, 7-8 manata almaq olurdu. İndi kilo yarım ətin pulunu bir balığa necə versinlər?”, - deyə vətəgələrdən balıq götürüb bazarda satanlar danışırlar.

Onların dediyinə görə, balıq ovuna məhdudiyyət, brokonyerlərin qarşısının alınması ildən-ilə balığın defisitə çevrilməsinə səbəb olub.

Lənkəranda digər balıqların da qiymətində artım müşahidə olunur. Məsələn, həmişə 10 ədədi 1 manat olan “vobla” (külmə) balığının indi bir ədədi 1 manatdır, hətta 1,50 manat belə olur.

Odur ki, dəniz sahilində yerləşən bir şəhərdə balıq əlçatmaz nemətə çevrilib, insanlar köhnə əyyamları arzu kimi xatırlayırlar.

Yeri gəlmişkən, ov üçün istifadə olunan sintetik torların satışına qadağa qoyulması ilə bağlı müvafiq orqanlara müraciət edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib ki, bəzi hallarda bu torlar ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilir:
“Çünki onların istifadəsi birbaşa qadağandır. Bu torlar su hövzəsində yaşayan canlılar üçün təhlükəlidir. Bu istiqamətdə təbliğat-təşviqat işləri artırılmalıdır”.

H.Əlizadə qeyd edib ki, qanunsuz ov halları azalıb, vətəndaşlar qanuni yolla ova getməyə üstünlük verirlər.

Emil Salamoğlu,
Musavat.com,
Lənkəran




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net