Xəbər verdiyimiz kimi, ölkəmizdə yanvarın 18-dən etibarən karantin qaydalarında bəzi yumşalmalara gedilib.
SMS icazənin ləğvi, ticarət obyektlərinin açılması, şəhər və rayonlararası nəqliyyatın bərpa edilməsi, sərgi və muzeylərin yenidən açılması, bərbər və gözəllik salonlarının fəaliyyətə başlaması kimi yeni qərarlar qəbul edilib.
Bununla belə, 1 ilə yaxındır ki, fəaliyyətinə məhdudiyyət qoyulan kütləvi tədbirlərlə bağlı heç bir qərar verilməyib.
Ölkəmizdə karantin qaydalarının yumşaldıldığı heç bir dövrdə kütləvi tədbirlərlə bağlı məsələyə baxılmayıb. Hər dəfə Operativ Qərargah “Bu məsələ gündəmdə deyil” açıqlamasını verərək məhdudiyyətin aradan qaldırlma müddətini bir az daha uzadıb.
Sözsüz ki, məsələnin həm psixoloji, həm də maddi tərəfləri insanlara təsirsiz ötüşmür. Lakin bizdən fərqli olaraq, bəzi ölkələrdə bu kimi məhdudiyyətlər zaman-zaman ya birdəfəlik götürülür, ya da müəyyən şərtlər daxilində təşkilinə icazə verilir.
Məsələn, Özbəkistanda 28 yanvar tarixindən etibarən konsertlərin keçirilməsinə icazə veriləcək. Rəsmi açıqlamaya görə, konsert salonlarının tutumu 50 faizdən çox olmamalıdır. Qonaqların konsert salonlarına yerləşdirilməsi sosial məsafənin tələblərinə uyğun olaraq həyata keçirilməlidir. İstifadə olunmayan oturacaqlar örtülməli, qonaqlar və konsert salonlarının işçiləri maska taxmalıdır.
Nəzərə alaq ki, Özbəkistan əhalisinin sayı Azərbaycanla müqayisədə (10 milyon) xeyli, çox- 25 milyondur.
Belə olan halda kütləvi tədbirlərin ölkəmizdə də məhdudiyyətinin aradan götürülməsinə baxıla bilərmi? Ümumiyyətlə, sosial məsafə qaydalarını qoruyaraq, hansı tədbirlərin keçirilməsinə icazə verilə bilər?
Cebhe.info-ya açıqlamasında həkim-pediatr Vaqif Qarayev bildirib ki, Azərbaycan böyük kütləvi tədbirlərkn təşkili üçün hazır deyil:
"Yayda karantini yumşaltdılar. Gördünüz nə oldu? Ölkə “yanırdı”. Xəstələr küçələrdə qalmışdı. Yer yox, dərman yox. Bağlanan kimi xəstə sayı azaldı. Harada ki, biganə yanaşırlar, yoluxma artır. Bağlananda yoluxma azalır, yumşalmalara gediləndə artır. Bu baxımdan açılmaların əleyhinəyəm. Bir ildir ictimai nəqliyyatların öhdəsindən gələ bilmirik. Amma aylarla, illərlə insanları qapamaq olmaz. Bu, insanlara həm psixoloji, həm mənəvi təsir edəcək. Evə qapayırsan, evinə çörək pulu apara bilmir, nə olacaq? Bu da olmaz. Biz indi elə bir mərhələyə çatmışıq ki, yoluxma azalıb. Amma mən inanmıram, belə qalsın. Yoluxma yenə artacaq. Bəlkə peyvəndləmədən sonra kütləvi immunitet yaransın. Demək istəyirəm ki, aylarla qapanmaq da olmaz, özbaşına buraxmaq da".
Həkim-terapevt Rasif Bağırov isə qeyd edib ki, hazırda Azərbaycanda bütün kütləvi tədbirlər təşkil edilə bilər:
"Azərbaycanda indiki durumda bütün kütləvi tədbirlərə icazə vermək olar. Təkcə maskanı taxır, hara gedir, getsin. Heç bir problem yoxdur. Qaydalara riayət edildikdən sonra yoluxma artan deyil. Bu dəqiqə yoluxma o qədər azalıb ki, artıq bu qadağaları COVİD-19-la bağlı hesab etmirəm. Bu qadağalar nə xarakter daşıyır, Allah bilir. Onsuz da vaksinasiyasdan sonra da ehtiyat tədbirlərinin görülməsini söyləyirlər. Əgər bu, daimi xarakter alacaqsa, tədbirlərə davam ediləcək. Sosial məsafə qorunduqdan sonra virusdan filan qorxu yoxdur. Sual olunur ki, nəyə görə bu sahədə yumşalmalara gedilmir? Bəyəm Operativ Qərargah özbaşınadır?"