Uzun tıxaclar yaradan postlar niyə ləğv olunmur? - “18 yanvara qədər vəziyyəti öyrənərək…”
Bakı şəhərində sərt karantinin tətbiqiylə bağlı hərəkətə imkan icazələrin yoxlanılması üçün qurulan postlar böyük tıxaclar yaradır.
Bu vəziyyət isə 3 saatlıq SMS icazəsi ilə küçəyə çıxanların yollarda tıxacda ləngiməsinə gətirib çıxarır.
Bununla bağlı ciddi narazılıqlar olsa da, hələ ki, postların ləğv edilməsi ilə bağlı qərar verilmir.
Vətəndaşların SMS icazəsinin olub-olmamasını digər üsullarla araşdırmaq olmazmı? Məsələn, marketlərin, apteklərin qarşısında, dayanacaqlarda, insanların daha çox olduğu yerlərdə icazələrin yoxlanılması yollarda post qurularaq avtomabil sərnişinlərinin yoxlanılmasından daha əlverişli deyilmi?
Xatırladaq ki, bu tərcübədən yay aylarında sərt karantin rejimində istifadə olunub və post patrullar bu işin öhdəsindən gəlib.
Sosial fəlsəfə üzrə fəlsəfə doktoru Azər Allahverənov Cebhe.info-ya açıqlamasında bildirib ki, küçədə hərəkət edən vətəndaşların sayı ilə avtomabillərin sayı arasında fərq böyükdür:
“Pandemiya ilə mübarizə çərçivəsində müxtəlif formalı qərarların verilməsi mümkündür. Amma vacib olan məsələ odur ki, istənilən qərar verilərkən təhlillər aparılsın. Məsələyə konseptual yanaşma və sistemli təhlilərin aparılmasına ehtiyac var. Yoluxan insanların tarixçəsi öyrənilərək daha təhlükəli, insanların daha çox ünsiyyətdə olduğu məqamlarla bağlı qərarlar verilməlidir”.
Azər Allahverənov qeyd edib ki, mövcud qaydalarla bağlı qərarlar da birdən-birə verilməyib, zərurətdən yaranıb: “Mövcud vəziyyəti xeyrimizə dəyişmək istəyiriksə, problemin daha çox özünü büruzə verdiyi sahələr və səbəblərlə bağlı təhlillər aparılmalıdır. Təhlillər aparılarsa, mövcud vəziyyət öyrənilərsə, nəyin nə zaman tətbiq edilməsi və ya edilməməsi ilə bağlı qərarlar verilə bilər. Bu xüsusilə də gündəlik həyatımızla bağlı sahələrə aid olmalıdır. Aidiyyəti strukturların təhlillər aparmaq üçün daha çox imkanları var. Hələ ki, 18 yanvar tarixinə qədər mövcud qaydalar qüvvədə qalacaq. Böyük ehtimalla bu tarixə bir neçə gün qalmış aidiyyəti strukturlar mövcud duruma öyrənərək, təhlillər, göstəricilər əsasında qərarlar verəcəklər”.