"Şərurlu İsfəndiyar" da ağac qırğınına "biganə" deyil
Tarix: 28-04-2015, 11:39 |
Çap et
Bakı və ətraf rayonlarda yaşıllıqların məhv edilərək yerində ticarət obyektlərinin tikilməsi haqda dəfələrlə yazmışıq. Bu cür özbaşınalığın qarşısı təəssüflər olsun ki, hələ də alınmır. Cəza mexanizmi var, amma bu da yetərli deyil. Görünür, ona görə ki, bu cəza çox yumşaqdır. Belə ki, ağaclar kəsiləndən sonra hüquqi və ya fiziki şəxslər sadəcə olaraq 1000-1500 manat cərimələnir.
Görünən budur ki, elə yaşıllıqları məhv edib, yerində yüz minlərlə, milyonlarla manat dəyəri olan obyekt tikənlərə də bu yüngül cəza sərf edir. Çünki bu qədər xərc çəkib qazanc əldə etmək istəyən oliqarx, məmur, biznesmen üçün kəsilən ağaca görə 1000-1500 manat cərimə ödəmək o qədər də çətin deyil. Üstəlik, onların bu cəriməni ödəyib-ödəməməsi də sual altındadır...
Yaşıllıqların məhv edilməsi vətəndaşlar tərəfindən vaxtında görülür, buna etiraz edilir, bu cür özbaşınalıqlar ictimailəşdirilir. Elə bu ictimai qınağın nəticəsi olaraq da "ağac qətliamı"nın qarşısını almaq bir çox hallarda mümkün olur.
Lakin əksər vaxtlar ağaclar gecə vaxtlarında qırıldığından bu yaşıl soyqırımının qarşısını almaq olmur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə hadisə baş verəndən sonra ağacları kəsən şəxslərə qarşı qanunda nəzərdə tutulan cərimələr tətbiq edir.
Doğrudur, yaşıllıq ərazidə tikilən obyektlərin hamısının qanunsuz inşa edildiyini demək olmaz. Bəzi sahibkarlar bununla bağlı müvafiq qurumların razılığını əvvəlcədən alırlar. Məsələn, elə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən də. Həmin sahibkar ərazidə olan ağacların başqa bir yerə köçürülməsi, yəni qırılmaması haqda öhdəlik götürür və tikintiyə başlayır. Amma belə hallar azdır.
Hazırda Bakıda müxtəlif yerlərdə ağacların kütləvi şəkildə qırılması halları müşahidə olunur. Obyekt tikməyə yer tapa bilməyən işbazlar artıq paytaxt sakinlərinin istirahət etdiyi parklara üz tutub. Bu cür parklardan biri də Binəqədi rayonu ərazisində, "Azadlıq prospekti" metrosunun çıxışındadır.
Hazırda parkın bir hissəsində istirahət və əyləncə mərkəzi tikilir. Tikinti işi "Şərur" MTK tərəfindən aparılır. Bu tikinti şirkəti tanınmış iş adamı "Şərurlu İsfəndiyar" kimi tanınan İsfəndiyar Axundova məxsusdur.
Bu tikinti sahəsində aprelin 7-də bədbəxt hadisə də baş verib. Burada fəhlə işləyən 1994-cü il təvəllüdlü Nahid Əliyev 3-cü mərtəbədən yıxılaraq faciəvi şəkildə öldü. Fəhlə yıxılandan sonra çəkilən fotodan görünürdü ki, onun həyatını təhlükədən qorumaq üçün heç bir təhlükəsizlik tədbiri görülməmişdi.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb. Hələ ki, nəticəsi yoxdur.
İndi isə qayıdaq ağacların məhv edilməsinə. Əvvəlcə qeyd edək ki, tikinti başlamazdan əvvəl burada sıx yaşıllıq olub. Sakinlər deyir ki, əvvəllər bu ərazi istirahət üçün çox əlverişli yer olub.
Sonradan parkda yenidənqurma işləri də görülüb. Lakin daha sonra parkın hər iki tərəfində tikinti işləri aparılıb. Əvəzində isə yaşıllıqlar məhv edilib.
"Şərur" MTK-nın rəhbəri "Şərurlu İsfəndiyar"ın yaşıllıqların məhv edilməsinə görə cərimələnib-cərimələnməməsini öyrənməyə çalışdıq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən əvvəlcə bildirildi ki, həmin tikinti işləri 2009-cu ildən başlayıb. Lakin sonradan nazirlikdən o da bildirildi ki, ağacların qırılması ilə bağlı hansı tədbirlərin görülüb-görülməməsi haqda araşdırma aparandan sonra ətraflı məlumat veriləcək.