Süleyman Mikayılov karxanalara haqq qoyub
Tarix: 16-04-2015, 12:08 | Çap et
Süleyman Mikayılov karxanalara haqq qoyub
Son vaxtlar rəhbərlik etdiyi rayonda fəaliyyət göstərən sahibkarlara qarşı yolverilməz rəftarı səbəbilə adı tez-tez mətbuatın gündəminə gətirilən yüksək vəzifəli məmurlardan biri də Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovdur. Elə bir müddət əvvəl rayonun Güzdək, Qızıldaş qəsəbələrində və Qızıl Qaya adlanan ərazidə yerləşən 100-dən artıq daş karxanasına elektrik enerjisi verilişinin dayandırılmasına dair yayımlanan məlumatlar da bu qəbildən idi. Bu xüsusda KİV-ə açıqlama verən yerli iş adamları bildirmişdilər ki, 2012-ci ildən etibarən Qaradağın daş karxanaları icra başçısına haqq ödəyir. Ötən illər ərzində ödənilən məbləğ ayda 10000 manat olsa da, bu ilin mart ayından məbləğ 30000 manata qaldırılıb. Bundan imtina edən sahibkarlara isə süni əngəllər yaradılmağa başlanıb. Bundan sonra sahibkarların böyük hissəsi bu haqqı ödəməyə razı olub. Ümumiyyətlə isə daxil olan məlumatlarda vurğulanır ki, bu gün Qaradağ rayonunda olduqca acınacaqlı durum yaranıb. Səbəb isə budur ki, icra başçısı rayonu xüsusi mülkiyyəti kimi idarə edir. Təsadüfi deyil ki, yerli iş adamları xüsusilə son zamanlar rayonda yaranan gərgin atmosferdən şikayətçi olublar. Belə ki, iddialara görə Süleyman Mikayılov tərəfindən daima təzyiqlərlə üzləşən sahibkarlar icra başçısının “fonduna” vəsait ödəməkdən müflis olublar. Daha sonra məlumatlarda vurğulanır ki, bu gün Qaradağda inşa olunan qanunsuz tikililər də icra başçısının əlavə gəlir mənbəyi kimi çıxış edirlər. Açıqlamalar görə, rayonda son illərdə inşa olunmuş 50 mindən çox qanunsuz tikili var. Bunlardan yığılan vəsait isə milyonlarla ölçülür. Bildirilir ki, rayonda sadə ev tikmək istəyən vətəndaşlardan 5-10 min manat arasında rüşvət toplanır. Toplanan pullar isə bilavasitə başçının “büdcəsinə” daxil olur. Digər məlumata görə isə rayon rəhbərliyi Qaradağda həyata keçirilən yenidənqurma və abadlıq işlərini də özünün qazanc mənbəyinə çevirə bilib. Bu xüsusda açıqlamalarda bildirilir ki, icra başçısının yenidənqurma və abadlıq işlərində istifadə olunan üzlük və mişar daşlarını çox ucuz qiymətə, bir çox hallarda isə hətta pulsuz almasına rəğmən, müvafiq sənədlərdə həmin məhsulların qiyməti bir neçə dəfə şişirdilir. Mənbənin bildirdiyinə görə, bu yolla Süleyman Mikayılov ayrılan dövlət vəsaitlərinin mənimsənilməsinə yol açır. Belə ki, Qaradağdakı daş karxanalarında hasil edilən əhəng daşının yerində qiyməti 20-25 qəpikdən baha başa gəlmir. Amma tikinti zamanı istifadə olunan bu materialların sənədlərdə qiyməti 60-65 qəpik göstərilir ki, bu da qiymətin təxminən 3 dəfə şişirdilməsi deməkdir. Üzlük daşlarına gəldikdə isə burada qazanc 2 dəfə artıqdır. Çünki emal olunmuş həmin daşların maya dəyəri təqribən 18-20 manata bərabər olur. Amma icra başçısı onları sənədləşdirərkən 33-35 manat civarında göstərir. Bundan başqa məlumatlı mənbələr iddia edirlər ki, hər il rayonun sosial iqtisadi inkişafı üçün milyonlarla manat vəsait ayrılsa da, onların aqibəti heç kimə məlum deyil. Qismən aparılan təmir işləri günəmuzd fəhlələrə gördürülür. Büdcədən ayrılan vəsait isə naməlum təşkilatlara köçürülərək mənimsənilir. Bu arada isə Qaradağ sakinlərinin müxtəlif mətbu orqanlarına ünvanladıqları şikayət məktublarında rayonda hökm sürən hərc-mərclik və məmur özbaşınalıqlarının təzahürləri öz əksini tapmaqdadır: “Qəsəbədaxili və qəsəbəarası yollar dağıdılıb, uzun müddət təmir olunmadığı üçün gediş-gəliş çətinləşib. Rayonun mərkəzini qəsəbələrlə birləşdirən yollar tam yararsız vəziyyətdədir. Süleyman Mikayılov yalnız iş adamlarına məxsus obyektləri sökərək onların yerində özünə obyekt tikdirir. Təkcə Lökbatan qəsəbəsində belə üsulla 5 obyekt tikilib. O, hətta özü üçün tikdirdiyi obyektin açılışını dövlət səviyyəsində qeyd edib. S.Mikayılov rəhbərlik etdiyi rayona yalnız gəlir mənbəyi kimi baxır. İdarəetməni isə korrupsiya və saxtakarlıqda görür. Özünə vurğunluğu o həddə çatıb ki, rayona öz mülkü kimi baxır. Ona məxsus olmayanlar qalmamalı, sökülməli və dağıdılmalıdır. Bu ədalətsizlik və talançılıq insanları iqtisadi cəhətdən çökdürüb. Şəxsiyyətlərinin təhqir olunması isə əhalini dözülməz vəziyyətə gətirib. Rayonun talanması və sakinlərin şikayətlərinin nəticəsiz qalması insanları hakimiyyətdən narazı salır...”





Xəbərlər
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net