Mikayıl Cabbarova Tovuzdan nə qədər şikayət getməlidir ki...
Tarix: 14-04-2015, 11:05 |
Çap et
Bölgələrdə təhsilin vəziyyəti dözülməz hala çatıb. Bir sıra kadr islahatlarının aparılmasına baxmayaraq, regionlarda təhsilin keyfiyyət səviyyəsi çox aşağıdır. Belə rayonlardan biri də Tovuz rayonudur. Bu rayonda fəaliyyət göstərən Tovuz Peşə Liseyinin adı mətbuatda tez-tez hallanır. Burada baş verən özbaşınalıq, müəllimlərin peşə etikasının tələblərinin pozulması artıq vərdiş halını alıb.
Qeyd edək ki, liseyin direktoru Yeganə Əmrahovanın özbaşınalığı təhsil müəssisəsində təhsilin səviyyəsini heçə endirib. Əmrahovanın təyinatından sonra liseydə vəziyyət daha da pisləşib. Köhnə problemlər azalmaq əvəzinə birə-beş artıb. Qeyd edək ki, Tovuz Peşə Liseyinin Yeganə Əmrahovadan öncəki direktoru Elcan Musayev idi. Bu şəxsin rəhbərliyi dövründə də onun fəaliyyətindən razı qalan olmamışdı. Rəhbərliyi dövründə bir çox qanun pozuntularına yol verib. Ona görə də lisey şagirdlərinin, müəlim heyətinin və valideynlərin etibarını itirib. Elcan Musayev özü liseydən gedərkən Yeganə Əmrahovanın direktor vəzifəsinə təyinatına nail ola bilmişdir. Məhz elə bu təyinat da liseyin fəaliyyətinə dərhal öz neqativ təsirini göstərib. Belə ki, Yeganə xanım direktor kürsüsünə əyləşdikdən sonra ilk növbədə liseydə həyata keçirilən yığımların intensivləşdirilməsinə dair müvafiq göstərişlər verib.
Yeni direktor gələn kimi yığım kampaniyasına start verib. Bəzi müəlimlərdən liseydə qalıb işləməsi üçün nəsə tələb edirmiş. Müəllimlər isə işlərindən olmamaq üçün tələb olunanı vermək məcburiyyətində qalıblar. Təkcə bununla kifayətlənməyən yeni direktor alternativ yollara da əl atıb. Belə ki, dərsə gəlməyən şagirdlərin təqaüd kartlarını əllərindən alıb kartda olanları mənimsəyib. Şagirdlər isə heç nə deyə bilmirlər. Şagirdlərə hədə-qorxu gələrək onları liseydən qovacağı ilə hədələyib. Ona görə də şagirdlər susub oturublar.
Bundan başqa direktor öz yaxın adamlarını işə götürür. Elə müəllim var ki, ixtisası ona imkan vermir ki, həmin liseydə dərs keçsin. Amma sözügedən təhsil ocağında bu cür müəllimlərin sayı çoxdur. Bizə verilən məlumata görə, direktor həmin şəxslərlə nəyinsə müqabilində razılığa gəlib. Hətta adı olub özü olmayan müəllimlər də çoxdur. Bunların da əmək haqqını Əmrahovanın aldığı bildirilir.
Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını Südçülük ixtisası üzrə bitirmiş müəllim Tovuz Peşə Liseyində şagirdlərə dülgərlik peşəsinin sirlərini öyrətməkdədir. Bundan başqa sözügedən təhsil müəssisəsində lazımi avadanlıqlar yox səviyyəsindədir. Köhnə avadanlıqlar mövcuddur ki, onlar da heç nəyə yaramır. Belə olan halda şagirdlər hansı biliklərə yiyələnə bilər. Sözsüz ki, heç bir biliyə sahib ola bilməzlər.
Görünür, Əmrahovanın arxasında hansısa məmur dayanıb. Əks halda bu iş müvafiq qurumlar tərəfindən araşdırılar və lazımi tədbir görülərdi. Eyni zamanda peşə məktəbinin direktoru da arxayınlaşıb öz əməllərini davam etdirməzdi. Lakin təəssüf ki, bu şəxs öz qanunsuz əməllərindən geri qalmır. Dövlətə məxsus müəssisədən öz əmlakı kimi istifadə edir. Direktor hansı havanı çalırsa, işçiləri də həmin havanı oynamaq məcburiyyətində qalır. Çünki ətrafına topladığı insanlar da öz adamlarıdır. Hamı işini itirməmək üçün susur. Düzdür, təhsil ocağında baş verənlərlə bağlı bəziləri yuxarı orqanlara müraciət etmək istəsə də, bundan sayıq düşən direktor həmin müəlllimləri işdən azad edib. Ona görə də ümid edirk ki, müvafiq orqanlar lazımi tədbirlər görəcək və sözügedən təhsil ocağında yaşanan problemləri aradan qaldıracaq.