Hacı İbrahim Nehrəmli tam iflasın astanasındadır
Tarix: 6-06-2015, 06:55 | Çap et
Hacı İbrahim Nehrəmli tam iflasın astanasındadır
Artıq bir müddətdir ki, "Avesta Konserni" MMC-nin və onun rəhbəri Hacı İbrahim Nehrəmlinin vəziyyəti xeyli qəlizləşib. Əldə etdiyimiz bilgilərə görə, adıçəkilən şirkət ciddi maliyyə böhranı ilə üz-üzə qalıb. Hətta iş o yerə çatıb ki, "Avesta Konserni" işçilərinin əməkhaqlarını belə, verməyə vəsait tapa bilmir. Bununla bağlı deyilənləri şirkətin mühasibi Sabirə Aslan qızı Sadıqovanın internet vasitəsi ilə yayımladığı videomüraciət də təsdiqləyir.

Belə ki, 2013-cü ilin oktyabr ayının ikinci ongünlüyündə "Avesta Konserni" MMC-nin baş ofisində işə qəbul olunduğunu qeyd edən Sabirə Sadıqova şirkət rəhbərliyini işçilərə olan əməkhaqqı borclarını ödəməyə çağırıb və rəsmi qurumlardan, mediadan qanunsuzluğun aradan qaldırılmasında köməklik göstərmələrini xahiş edib: "2013-cü ilin oktyabr ayının ikinci ongünlüyündə "Avesta Konserni" MMC-nin baş ofisində iş üçün "intervyu"da olmuşam və şəxsən şirkətin prezidenti, Hacı İbrahim Nehrəmli adı ilə tanınan İbrahimov İbrahim Hüseyn oğlu tərəfindən işə qəbul olunmuşam. İşə qəbul olunduğum günün səhəri işə başlamışam və oktyabr ayının üçüncü ongünlüyündə rəsmi əmək müqaviləsi ilə işə alınmışam. Səhv etmirəmsə, əmək müqaviləsində rəsmi əməkhaqqım 200 manat qeyd olunub, tutduğum vəzifə düzgün qeyd olunmayıb". Əmək müqaviləsinin bir nüsxəsinin ona təqdim olunmadığını vurğulayan mühasibin sözlərinə görə, o, şirkətdə vitse-prezident yardımçısı, maliyyə departamentində təchizatçılarla iş bölməsində təchizatçıların mühasibat hesabatlarının təqdim olunması işi ilə məşğul olub: "2014-ci il iyul ayının 1-də şirkət rəhbərliyinin rəsmi əmri ilə maliyyə departamentinin maliyyə şöbəsində mühasib vəzifəsinə təyin edilmişəm. Əməkhaqqım isə müqavilədə 250 manat qeyd olunub və həmin əmək müqaviləsi də bu günə qədər mənə təqdim olunmayıb. 2015-ci ilin aprel ayının 10-da öz istəyimlə ərizə yazaraq işdən azad olunmuşam. Bu ərizə hazırda "Avesta Konserni" MMC-nin Teymur Əliyev küçəsində yerləşən baş ofisində insan resursları departamentində saxlanılır. İşdən azad olunduğum 10 aprel tarixindən 3 gün öncə şirkət rəhbərliyinə, şəxsən şirkətin prezidenti İbrahimov İbrahim Hüseyn oğluna tələbnamə təqdim etmişəm və xahiş etmişəm ki, ödənilməyən əməkhaqqım və ödənilməmiş məzuniyyət günlərimin haqları ödənilsin. Çünki 2015-ci ilin yanvar ayında şirkətdə əməkhaqları gecikdirilməyə başlayıb. Xahiş etmişdim ki, işdən azad olunduğum gün həmin məbləğ mənə təqdim olunsun. Lakin 10 aprel tarixində zülm-zillətdən, təkidlərimdən sonra həmin məbləğin ancaq müəyyən bir qismi təqdim olundu. Məbləğin yerdə qalan hissəsi isə bu günə qədər verilməyib. 4459 nömrəli tələbnaməni şəxsən İbrahimov İbrahim Hüseyn oğlu imzalayıb və tələbnamə maliyyə departamenti tərəfindən təsdiqlənib. Bu gün həmin tələbnamə "Avesta Konserni" MMC-nin baş ofsində kassa otağında saxlanılır". Tələbnamənin bir surətini özündə saxladığını deyən Sabirə Sadıqova ehtiyat üçün bu addımı atdığını bildirib: "Məbləğin bir hissəsi ödənildikdə şübhələrim vardı ki, qalan hissəsi ödənilməyə də bilər. Bu tək mənə qarşı olan haqsızlıq deyil. Həm maliyyə departamentində, həm baş ofisdə, həm də "Xəzər adaları"nda müxtəlif vəzifələrdə çalışan əməkdaşlar var ki, bu günə qədər də fevral, mart, aprel və may aylarının əməkhaqlarını almayıblar. 2015-ci ilin yanvar ayının maaşı mart ayında ödənilmişdi. Bildiyiniz kimi, 13 may tarixində şirkət rəhbəri İbrahimov İbrahim Hüseyn oğlu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılmışdı və may ayı ərzində digər əməkdaşlar da işdən çıxmaqla bağlı ərizə yazıblar. Bu günə qədər də onların əməkhaqqı ödənilməyib. Şirkət rəhbəriyi həbsdə olduqda məndə və iş yoldaşlarımda şübhə vardı ki, bu məbləğ bizə ödənilməyəcək. Biz dövlət orqanlarına müraciət etməzdən əvvəl şirkətin digər təsisçisi və nizamnamədə 49 faiz payı olan İbrahimov İbrahim Hüseyn oğlunun həyat yoldaşı İbrahimli Validə Məşdi qızına ərizə ilə müraciət etmək qərarına gəldik. Həmin ərizədə şirkətin bizə olan borcu ilə bağlı ümumi məbləğ çıxarılaraq rəhbərliyə təqdim olunmuşdu. Ərizədə belə bir tələbnamə qoyulmuşdu ki, həmin məbləğ may ayının 31-nə qədər ödənilsin. Bundan sonra Validə xanım bizimlə görüşdü və bildirdi ki, şirkətin vəziyyəti yaxşı olmadığına görə, mən bu məbləğin ancaq rəsmi hissəsini sizə ödəyə bilərəm. Əlbəttə, biz tərəfdən buna razılıq verilmədi. Çünki indiyə qədər rəsmi və qeyri-rəsmi söhbəti olmamışdı. Qeyd edim ki, bizdə əmək müqaviləsində minimum əməkhaqqına uyğun olaraq rəsmi məbləğ göstərilirdi, ancaq əməkhaqqı aldıqda iki tabelə imza atırdıq. Sözün qısası, biz "paket maaşı" alırdıq. Və onlar da bu "paket maaşı"nın hələ ödənilməyəcəyini, yəni qeyri-rəsmi hissənin şirkət rəhbəri həbsdən azad olunduqdan sonra müzakirə olunacağını bildirdilər. Lakin indiyə qədər nə mənim, nə də şirkətin digər əməkdaşlarının əməkhaqları ödənilib".

Sabirə Sadıqovanın dediklərindən belə məlum olur ki, "Avesta Konserni" MMC öz fəaliyyətini ikili mühasibatlıq sistemi üzərində qurub. Bu isə o deməkdir ki, şirkət rəhbəri Hacı İbrahim "paket maaşı" tətbiq etməklə vergidən külli miqdarda vəsaiti yayındırıb və bu yolla dövlətə xeyli ziyan vurub. Hazırda isə o, maliyyə böhranı yaşadığından, yəni iflasın astanasında olduğundan MMC-nin əməkdaşlarının əməkhaqlarını ödəməkdə ciddi çətinlik çəkir. Yəqin, aidiyyəti qurumlar "Avesta"nın maliyyə-uçot sənədlərini araşdırsalar, hələ çoxlarına bəlli olmayan qaranlıq məqamlara aydınlıq gətirilə bilər…
gundəlik bakı




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net