Siyalə Rüstəmova nazir olmaq iddiasına düşüb
Tarix: 1-05-2015, 11:07 | Çap et
Siyalə Rüstəmova nazir olmaq iddiasına düşüb
Ölkəmizdə ət satışı sahəsində vəziyyət hələ də acınacaqlı olaraq qalır. İnsanlar normal ət yemək üçün küçə və yol kənarlarında kəsilmiş ət alır, bu əti daha etibarlı sayırlar. Bəzi qəssablar yol kənarlarında sanitariya qaydalarına əməl etmədən mənşəyi bilinməyən ətlərin kəsimi ilə məşğul olur. Paytaxt küçələrində ki, saysız-hesabsız sallaqxanalar heç bir standarta uyğun gəlmir.

Qeyd edək ki, ət kəsimi sahəsinə nəzarət Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) səlahiyyətlərinə daxildir. Lakin xidmət rəisi Siyalə Rüstəmovanın və qurumun yerli idarələrinin rəhbər şəxslərinin qeyri-qanuni əməlləri bu sahədə vəziyyətin bərbad hala düşməsinə səbəb olub. Məlumat üçün bildirək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti ölkə ərazisində bütün növ heyvanların (mal-qaranın, quşların, xəzdərili heyvanların, balıqların, arıların, vəhşi heyvanların) müxtəlif xəstəliklərdən qorunmasını və onların müalicəsini, əhalinin insan və heyvanlar üçün ümumi olan xəstəliklərdən qorumasını, ölkə ərazisinin xarici dövlətlərdən keçə biləcək yoluxucu xəstəliklərdən mühafizə edilməsini təmin etmək, heyvan mənşəli məhsulların və xammalın zəruri baytarlıq (baytarlıq-sanitariya) keyfiyyətinə nəzarəti həyata keçirmək, bir sözlə, epizootik vəziyyətin sabitliyini təmin etməkdən ibarətdir. Apardığımız araşdırmalar isə göstərir ki, əvvəllər Respublika Baytarlıq Laboratoriyasının müdiri vəzifəsində işləmiş Siyalə xanım xidmət rəisi təyin olunandan sonra vəziyyət daha da qəlizləşib. Məsələn, son vaxtlar həm Bakıda, həm də regionlarda fəaliyyət göstərən ət kəsimi məntəqələrində əhaliyə mənşəyi məlum olmayan ətlərin satılması halları artıb. Etibarlı mənbələrin bildirdiyinə əsasən, xidmət rəisi qurumun qarşısında duran məsələləri istənilən səviyyədə həll edə bilmir. Buna görə də qanun pozuntuları bir-birini əvəzləyir: "Dövlət tərəfindən baytarlıq sisteminin möhkəmləndirilməsi istiqamətində bir sıra işlər həyata keçirilib. Belə ki, hər il büdcədən Dövlət Baytarlıq Nəzarəti Xidmətinə milyonlarla manat vəsait ayrılır. Ki, bölgələrdə heyvanlar arasında xəstəliklərin yayılmasının qarşısı alınsın, mal-qara təsərrüfatı ilə məşğul olan insanlara lazımi dərman preparatları çatdırılsın və sair. Təəssüf ki, dövlət baytarlıq xidməti sisteminin maddi-texniki bazası hələ də ürəkaçan səviyyədə deyil. Bakı şəhərindəki sallaqxanaların bir çoxunda standartlara riayət olunmur. Heyvanlar necə gəldi kəsilir və sanitariya qaydaları kobud surətdə pozulur. Bakı Şəhər Baytarlıq İdarəsinin əməkdaşları isə ət kəsimi məntəqələrindəki iyrənc mənzərələrə üz çevirirlər. Çünki qəssablar hər gün yoxlamaya gələn baytar həkimlərin payını çatdırırlar. Bunun müqabilində qəssablara arayış təqdim olunur. Bölgələrdə vəziyyət daha acınacaqlıdır. Əksər hallarda xəstə heyvanların kəsiminə, satışına şərait yaradılır. Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşlarının sallaqxanalarda həyata keçirdikləri monitorinq sadəcə formal xarakter daşıyır. Başqa sözlə desək, xidmət rəisi gözə kül üfürür. Bundan başqa, son zamanlar rayonlarda heyvanlar arasında təhlükəli xəstəliklər artıb. Bunun bir sıra səbəbləri var. Belə ki, fermerlər dövlət tərəfindən ayrılan dərman preparatlarını vaxtında ala bilmirlər. Nəticədə, mal-qara vaxtlı-vaxtında peyvənd edilmir. Yerli idarə rəhbərləri dövlət vəsaiti hesabına alınan dərman preparatlarını baytarlıq apteklərində satdırırlar". Məlumatlı mənbənin sözlərinə görə, xidmət rəisinin gəlir mənbəyinə baytarlıq aptekləri də daxildir: "Aprelin 13-dən respublikanın bir sıra rayonlarında, eləcə də Bakı şəhərində fəaliyyət göstərən baytarlıq apteklərində baytarlıq nəzarətini həyata keçirmək məqsədi ilə monitorinqlərə start verilib. Xidmət rəsmiləri bildirib ki, monitorinqin keçirilməsində əsas məqsəd xüsusi razılıq (lisenziya) olmadan fəaliyyət göstərən baytarlıq apteklərinin çalışmalarını müvəqqəti dayandırmaq, apteklərdə qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyatdan keçməyən, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, saxta, keyfiyyətsiz baytarlıq preparatlarının, yem və yem əlavələrinin satışının qarşısının alınmasıdır. Monitorinq başlayandan bu günə kimi Ağcabədi rayonunda 13, Kürdəmir rayonunda 4, Bakı şəhərində isə 6 lisenziyasız fəaliyyət göstərən baytarlıq apteki aşkar edilib. Əslində, monitorinqin aparılmasında məqsəd tamamilə başqadır. Lisenziyasının olmadığı aşkara çıxarılan baytarlıq aptekləri hazırda fəaliyyətlərini davam etdirir. Həmin apteklərin sahibləri Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşları ilə "razılığa" gəlib işlərini görürlər. Ad olur ki, xidmətin işçiləri monitorinq apardı. Baytarlıq apteklərinə lisenziyanın verilməsinin dövlət rüsumundan əlavə "tarifi" var. Bunu birbaşa xidmət rəhbərliyi müəyyən edir. Rəisin icazəsi olmadan heç bir iş adamı nə paytaxtda, nə də rayonlarda baytarlıq apteki aça bilər. Deyilənə görə, onun Bakı şəhərində bir neçə baytarlıq apteki fəaliyyət göstərir və xidmətə alınan dərman preparatlarının bir hissəsi orda satışa çıxarılır". Mənbəmiz həmçinin vurğulayır ki, DBNX rəisinin işinə biganə yanaşması Respublika Baytarlıq Laboratoriyasının fəaliyyətində müxtəlif fəsadların ortaya çıxması ilə nəticələnib: "Laboratoriyanın rəhbəri Füzuli Quliyev xidmət rəisinə arxalanaraq qeyri-qanuni işlərlə məşğul olur. Burda ciddi maliyyə pozuntularına yol verilməsi barədə kifayət qədər məlumat var. Keçən il cari təmir işlərinə görə "Ultratex-Ə" MMC-nin hesabına köçürülmüş 43999 manat, avadanlıq alınması üçün "Azsantexlab" MMC-nin hesabına köçürülmüş 17000 manat və bir çox digər vəsaitlər təyinatı üzrə xərclənməyib. Respublika Baytarlıq Laboratoriyasının fəaliyyəti daha çox müxtəlif neqativ hallarla diqqəti cəlb edir. Əvvəllər ölkəyə idxal olunan hər hansı ərzaq məhsulunu laborator müayinədən keçirmək üçün məhsulun bütün həcmi təqdim olunmalı idi. Laboratoriyanın əməkdaşları isə öz seçimlərinə əsasən həmin məhsuldan müəyyən olunmuş qədərini analiz üçün götürürdülər. Bu gün isə bu proses Füzuli Quliyev tərəfindən xeyli "sadələşdirilib". Ölkəyə məhsulu idxal edən şəxs həmin məhsuldan müəyyən qədər laboratoriyaya təqdim etməklə idxalın bütün həcminə laboratoriyanın rəyini ala bilər. Təbii ki, bu zaman müdiri görmək lazımdır. Onun qanuna sığmayan hərəkətləri ölkədə istehsal edilən qida məhsullarının keyfiyyətinə nəzarətin aşağı səviyyəyə düşməsinə səbəb olub". Qeyd edək ki, bir müddət əvvəl Kənd Təsərrüfatı Nazirliyi Respublika Baytarlıq Laboratoriyası üçün tələb olunan avadanlıqların alınması və quraşdırılması üçün malların alınması məqsədilə açıq tender elan edib. Tenderə görə Respublika Baytarlıq Laboratoriyasının yarma otağı, nümunə otağı (serologiya, virusologiya, quduzluq, bakterioloji, parazitologiya, kimya toksikologiya, metal analizləri, radiologiya məqsədli cihazlar və avadanlıqlar) üçün lazım olan avadanlıqlar, dopinq analizi, DNT analizi, dioksin analizi üçün tələb olunan cihazlar və avadanlıqların təchizatı və quraşdırılması nəzərdə tutulub. Növbəti saylarımızda tenderdə hansı şirkətlərin qalib gəlməsi, Siyalə Rüstəmovanın biznesi və nazir Heydər Əsədovun postuna olan iddiası haqda ilginc faktları açıqlayacağıq.





Xəbərlər
07-03-2024 12:06
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net