“Erməni terrorçuları təkcə dinc sakinləri yox, kənd təsərrüfatı obyektlərini, heyvanları da hədəfə alır” - Nazirlik
Tarix: 1-10-2020, 09:43 | Çap et
“Erməni terrorçuları təkcə dinc sakinləri yox, kənd təsərrüfatı obyektlərini, heyvanları da hədəfə alır” - Nazirlik
Ermənistan ordusunun bir neçə aydır dinc əhaliyə qarşı həyata keçirdiyi təxribatlara cavab olaraq, Azərbaycan ordusunun cəbhəboyu əks-hücuma keçməsi ilə Dağlıq Qarabağ uğrunda böyük vətən savaşı başlayıb.

Hazırda ölkənin Ermənistanla həmsərhəd rayonlarında kəskin döyüşlər gedir. Tərtər, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl, Goranboy və digər istiqamətlərdə aparılan hərbi əməliyyatlarda ordumuz mühüm uğurlar əldə edib, düşmənin xeyli sayda canlı qüvvəsi və texnikası məhv edilib.

Lakin savaş bölgəsində yaşanan çətinliklərdən biri də payız fəslinin əvvəlində kənd təsərrüfatında aparılan işlərlə bağlı çətinliklərin yaşanmasıdır. Belə ki, dinc sakinləri atəşə tutan Ermənistan hərbi qüvvələri kənd təsərrüfatı əhəmiyyətli obyektləri, əkin sahələrini, mal-qaranı da hədəfə alırlar. Atışmanın getməsi erkən payız dövründə kənd təsərrüfatlarında gedən işlərə də təsir edir.

Qeyd edək ki, təmas xəttindəki bölgələrin hər biri Azərbaycanın aqrar sektorunda mühüm yer tutur. Dövlət Statistika Komitəsinin 2019-cu ilin nəticələrinə əsasən yaydığı statistikada göstərilir ki, buğda, arpa, qarğıdalı kimi dənli bitkilərin əkini üzrə Tərtər rayonunda ötən il 11,2 min ha sahədən 43 min ton məhsul alınıb. Rayonun pambıq istehsal göstəricisi 11,9 min ton, şəkər çuğunduru 20,3 min ton, tərəvəz istehsalı 16 min tona yaxın, meyvə istehsalı isə 10 min tondan artıq olub. Füzuli rayonunda dənli bitkilərin istehsalı ötən il 118 min tona, şəkər çuğunduru 18,7 min ton, tərəvəz istehsalı 4 min ton, bostan bitkiləri 3,2, meyvə istehsalı isə 1,4 min ton olub.

Goranboy rayonunda 23 min ha sahədə 72,4 min ton dənli bitki istehsal edilib ki , bunun da əsasını taxıl, arpa, dən üçün qarğıdalı və günəbaxan təşkil edir. Rayonda ötən il 7.3 min ton pambıq, 10 min tona yaxın tərəvəz, 3 min ton bostan bitkisi və 22 min tona yaxın meyvə istehsal edilib.

Ermənilərin son aylar daimi intensiv atəşi altında olan Tovuz rayonunda da istehsal göstəriciləri yüksəkdir. Belə ki, rayonda ötən il 17 min ha sahədən 45 min tonu buğda olmaqla 86 min ton dənli bitki, 46.3 min ton şəkər çuğunduru, 28.5 min ton tərəvəz, 22 min tona yaxın meyvə istehsal olunub. Bütün bunlar sözügedən rayonların ölkənin aqrar sektorunda nə qədər mühüm yer tutduğunu və kənd təsərrüfatında intensiv işlərin getdiyi erkən payız dövründə müharibənin bu proseslərə təsiri ilə bağlı məsələnin ciddiliyini göstərir.

Hazırda cəbhə bölgəsində, fermerlərin yanında olan Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, müharibənin təmas xəttindəki bölgələrin aqrar sektorua təsirlərinin minimuma endirilməsi üçün fermerlərə lazımi dəstək göstərilir: “Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda böyük vətən müharibəsi gedir və ölkədə hərbi vəziyyət elan olunub. Sentyabrın 27-dən Kənd Təsərrüfatı Nazirliyi aparatının əməkdaşları, o cümlədən də biz cəbhə bölgəsinə səfərbər olmuşuq və orada işlərin gedişatı ilə bağlı monitorinqlər həyata keçiririk, fermerlərimizin yanındayıq. Baş Prokurorluğun yaydığı məlumatda da yaralanan və həlak olan mülki şəxslərlə bağlı məlumatlar var idi. Bu mülki şəxslər təmas xəttində yerləşən kəndlərin sakinləri, o cümlədən fermerlərimizdir. Bu kəndlərdə təsərrüfatlara dəyən zərərin müəyyən olunması, eyni zamanda təmas xəttində təsərrüfat fəaliyyətinin təşkili ilə bağlı biz də 4 gündür ki, həmin ərazidəyik, fermerlərlə söhbət edirik”.

Cəbhə xəttində müşahidə aparan nazirlik sözüsü bildirdi ki, erməni terrorçuları təkcə dinc sakinləri yox, kənd təsərrüfatı obyektlərini, heyvanları da atəşə tutur: “Bu mənada təmas xəttində kənd təsərrüfatı fəaliyyətinin təşkilində müəyyən ləngimələr var. Ən yaxşı cəhət isə ondan ibarətdir ki, insanlarımız yerindədirlər, hər şey qaydasındadır, imkan dərəcədə fəaliyyətlərini davam etdirirlər. Ön cəbhə qədər arxa cəbhənin də hərbi vəziyyət dövründə çox böyük əhəmiyyəti var. Fermerlər tərəfindən çağrı mərkəzimizə çoxsaylı zənglər daxil olur. Bizim də tövsiyəmiz o olur ki, hər kəs qələbədə payının olmasını istəyirsə, öz fəaliyyəti ilə ciddi məşğul olsun. Ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında ən əsas aparıcı qüvvə təbii ki, fermerlərdir. Hazırda təmas xəttində fermerlər canla-başla çalışırlar. Hərbi əməliyyatlar hazırda kənd təsərrüfatının ən aktiv dövrünə təsadüf edir. Bu baxımdan pambıq yığımı artıq başlayıb, meyvəçilik rayonlarında yığımın ən aktiv dövrüdür. Taxıl isə ölkənin ərzaq təhlükəsizliyi üçün ən vacib sahələrdən biridir və taxıl sahələrində payızlıq şum başlayıb. Payızlıq şumun qaydasında aparılması bizim may-iyun aylarında taxılı yığmağımız üçün ilkin mərhələdir. Təmas xəttindəki kəndlərdə payızlıq şumun aparılması, aqrotexniki qulluq işlərinin görülməsi ilə bağlı proses tam nəzarətimizdədir”.

Vüqar Hüseynov onu da diqqətə çatdırdı ki, yaşayış evlərinə, fermer təsərrüfatlarına, mal-qaraya dəyən ziyan dövlət tərəfindən bu günə qədər tam şəkildə ödənilib, kompensasiya edilib və bundan sonra da belə olacaq: “Buna heç kimin şübhəsi yoxdur. Dövlət vətəndaşının, fermerinin arxasındadır. Biz cəbhə xəttinə sıfır məsafədəyik və bəzən insanlar heyvanları otlaq sahələrinə çıxara bilmirlər, bəzən örüş yerlərini dəyişirlər. Ancaq insanların əzmi torpaqlarımızın alınması ilə bağlıdır, təsərrüfata dəyən ziyan onları heç narahat da etmir. Bir nəfər belə evini tərk etmir, təmas xəttində yaşayan insanlarda böyük əzm və ruh yüksəkliyi var. Əsas düşüncələri odur ki, Allah ordumuzu və əsgərlərimizi qorusun, onlar qələbə çalsınlar”.

Hazırda aqrar sektorda gedən payızlıq işlərdən danışan V.Hüseynov əlavə etdi ki, təmas xəttindəki bölgələrdə əsasən taxıl əkini üçün şum getməlidir, toxum səpilməlidir: “Tərtərdə pambıq yığımları gedir. Bu rayon pambıqçılıq üzrə ən yüksək göstəricilərə malik bölgələrimizdən biridir. Bizim ötən gün apardığımız müşahidələr də göstərdi ki, bu il çox yüksək məhsuldarlıq var. Fermerlərlə də, nazirlik nümayəndələri ilə də, rayon rəhbərliyi ilə də söhbətimizin nəticəsi bu oldu ki, ötənilki məhsuldarlığın üzərində olacaq. Tovuz rayonunun həmsərhəd kəndlərində kartof artıq yığılıb, artıq taxıl əkini üçün şum aparılır. Ağdam bölgəsində payızlıq şum gedir. Orada təmas xəttində əkin sahələrində insanların sərbəst şəkildə sahələrə çıxdığını gördük. Dədə Qorqud filmində deyildiyi kimi, torpağı əkib-becərməsən qorumağa dəyməz, qorumasan əkib-becərməyə dəyməz. Goranboy rayonunda əsasən heyvandarlıqla məşğul olurlar. Atışma olduğuna görə heyvanların örüş yerlərini dəyişirlər, ancaq insanlar yenə öz evlərində və öz işlərindədirlər. Prosesdə qəti şəkildə ləngimə yoxdur”.

KTN sözçüsü həmçinin müharibə dövründə ölkənin ərzaq təhlükəsizliyi ilə bağlı hər hansı risklərin müzakirə mövzusu olmadığını bildirdi: “Ermənistan KİV-ləri məlumat yayır ki, onların ölkəsində ciddi ərzaq təhlükəsizliyi məsələsi var. Ancaq mən Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi olaraq bildirirəm ki, Azərbaycanda ərzaq təhlükəsizliyi ilə bağlı heç bir risk yoxdur, olmayacaq. Bunu tam əminliklə deyirəm. Ona görə əminəm ki, arxa cəbhədə insanlar ikiqat məsuliyyətlə çalışırlar. Qəti şəkildə problem ola bilməz”.
“Yeni Müsavat”




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net