Qərib Məmmədov Azərbaycana nə qədər ziyan vurub...
Tarix: 1-05-2015, 12:59 | Çap et
Qərib Məmmədov Azərbaycana nə qədər ziyan vurub...
Məlum olduğu kimi, prezident İlham Əliyevin bu il fevralın 5-də imzaladığı Fərmanla ölkədə mülkiyyət hüquqlarının tənzimlənməsində vahid idarəçiliyi təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilib. Komitənin səlahiyyətləri müvafiq olaraq Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Dövlət Sərhəd Xidmətinə verilib.

Dövlət başçısı həmçinin bu Fərmandan irəli gələn hüquqi, təşkilati və sair məsələlərin həlli ilə bağlı Nazirlər Kabinetinə tapşırıqlar verib. Bu tapşırıqların sırasında diqqəti cəlb edənlər daşınmaz əmlak növündən asılı olmayaraq mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi zamanı verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın vahid formasına, torpaq sahəsinin plan və ölçüsünün vahid nümunəsinə və təsvirinə dair təkliflərin iki ay müddətində hazırlanıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsidir. Beləliklə, bu sənədlə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri akademik Qərib Məmmədovun 18 illik fəaliyyətinə son qoyuldu. Əldə etdiyimiz son məlumata görə, hazırda ləğv edilmiş Komitənin fəaliyyət təftişi başa çatmaqdadır. Təftişin nəticələri barədə hələlik heç bir məlumat verilməsə də, informasiya vasitələrinə bir sıra maraqlı bilgilər sızdırılıb. Bunların arasında Qərib Məmmədovun fəaliyyəti ilə bağlı çox dəhşətli faktların üzə çıxması barədə verilən xəbərlərdir. Bildirilir ki, Komitə rəhbəri uzun illər ərzində Azərbaycan dövlətinə çox ciddi maddi ziyan vurub. Hətta bu ziyanın miqyası faşist Almaniyasının başlatdığı 2-ci dünya müharibəsi dövründə ölkəmizin iqtisadiyyatına dəyən zərərlə müqayisə edilir. Məsələ, əlbəttə ki, bu ilginc müqayisənin nə qədər ədalətli olub-olmamasında deyil. Lakin birmənalı şəkildə qeyd etmək olar ki, burda Qərib Məmmədovun həqiqətən də ölkə iqtisadiyyatını çökdürən əməllərindən söhbət gedir. Bildiyimiz kimi, Qərib Məmmədov 1997-ci il iyunun 25-də Dövlət Torpaq Komitəsinin, 18 aprel 2001-ci il tarixində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, 23 oktyabr 2004-cü il tarixində isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə yenidən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri təyin olunub. Ötən əsrin doxsanıncı illərinin sonları ölkədə torpaq islahatının aparılması ilə əlamətdardır. Həmin ərəfələr dövlət və ictimai mülkiyyətin özəlləşdirilməsi prosesinin qızğın vaxtlarına təsadüf edir. Qərib Məmmədov faktiki olaraq bu sahədə ölkədə əsas söz sahibiydi. Yəni torpaq islahatına aid olan bütün məsələlərin məhz həlli onun əlində cəmləşmişdi. Bu proses özü ilə əlbəttə, çox gərgin illər apardı.Lakin illərin axarında həm də sadə insanlarımızın haqqını da oğurladılar. Bir sıra bölgələrdə ən münbit torpaq sahələri imkanlı şəxslərin və o zamanlar yüksək vəzifələr daşıyan dövlət məmurlarının əlinə keçdi. Ömrünü-gününü torpağın dirçəldilməsinə həsr etmiş insanların qazancı onların pay torpaqlara sahibliyini formal təsdiq edən quru rəsmiyyətçilik oldu. O zamanlar Dövlət Torpaq Komitəsi adlanan qurumun başında duran Qərib Məmmədov isə Azərbaycanın qeyri-rəsmi ən iri torpaq sahibi oldu. Təbii ki, bunu rəsmən təsdiq edən sənəd yoxuydu. Sadəcə, hamı bilirdi ki, Qərib Məmmədovun adamlarının adına sənədləşdirilmiş xüsusi torpaq sahələri hər rayonda var. Bəli, bu reallıq idi. Komitə sədri də deyilənə görə, özünü İrlandiya və İngiltərənin nəhəng torpaq sahibləri olan lendlordlar kimi aparmaqdan ləzzət alırdı. Onun Gəncəbasara, Dağlıq Şirvana, Cənub, Şimal və Qərb rayonlarına işgüzar adlandırılan qeyri-rəsmi. bəzən də ölkə rəhbərliyindən gizli səfərləri əslində şəxsi fazendalarının durumu ilə tanışlıq xarakteri daşıyırdı. Bu gün ləğv olunmuş Komitədə aparılan təftişlər həmin illərdə milyardlarla manat büdcə vəsaitlərinin yönəldildiyi sahələri üzə çıxarır. Bununla əlaqədar məlumatlı mənbənin bildirdiyinə görə, Qərib Məmmədov malik olduğu bütün təsərrüfatların idarəçiliyini dövlət hesabına reallaşdırırdı. Təbii ki, bu işdə onun yaxın çevrəsi böyük rol oynayırdı. Suallarımızı cavablandıran mənbəmizin qeydlərində sabiq Komitə sədrinin imicini xərcləməsindən də bəhs edilir. Sonun başlanğıcı da elə burdan start götürüb,- deyə daha sonra mənbəmiz fikrini belə əsaslandırır: Qərib Məmmədov son 5-6 ildə oliqarx çətirindən məhrum edilmiş məmurlardandır. Bir müddət öncə dövlət rəhbərliyi ətrafında öz mövqelərini möhkəmləndirmək üçün Qərib Məmmədovdan heç bir əlavə səy tələb olunmurdu. Rəqibləri isə onunla hesablaşmağa məcbur idilər. Lakin tezliklə Qərib Məmmədovun kurasiyasında olan bölgələr onun nəzarətindən gözlənilmədən çıxarıldı. Rayonlarda Komitə sədrinə məxsus üzümlüklərin və digər əkin sahələrinin də sonrakı taleyi anlaşılmaz olaraq qaldı. Çox çəkmədi ki, Qərib Məmmədovun əleydarları onun digər bölgələrdə olan və yaxın adamlarının adına rəsmiləşdirilmiş bəzi obyektlərini də əlindən almağa nail oldular. Nəticədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri bir növ nüfuzunu itirmiş kimi oldu. Revanş götürməyə çatası gücünün olmaması səbəbindən Komitə sədri sakitcə öz səlahiyyətlərinin icrasını davam etdirməklə günlərini saymaq məcburiyyətində qaldı. Bu gün sədrin 18 illik fəaliyyətinin təftişi çox sirlərin üstünü açıb. Mənbəmiz Qərib Məmmədovun fəaliyyəti dövründə yol verdiyi daha ciddi xətaların ölkəmizin maraqlarını da zərbə altına qoyduğunu iddia edir. Məlumat üçün bildirək ki, Dövlət Torpaq xə Xəritəçəkmə Komitəsi ləğv edilənədək ölkənin ən mühüm dövlət qurumların sırasında yer alırdı. Komitənin səlahiyyət sahələrinə torpaqların monitorinqi, onların münbitliyinin bərpası və artırılması, geodeziya, topoqrafiya, xəritəçəkmə, qravimetriya, ərazi vahidlərinin sərhədlərinin müəyyən edilməsi, dövlət əhəmiyyətli coğrafi məlumat sistemlərinin yaradılması, ümumcoğrafi, torpaq, geobotaniki, siyasi-inzibati, elmi məlumat və digər sahələrarası mövzu xəritələrinin, atlaslarının, kartoqrafik tədris vasitələrinin layihələşdirilməsini, tətbiqini və nəşrini təmin etmək, dəqiqliyinə və məzmununa görə ümumdövlət, müdafiə, elmi-tədqiqat və digər məsələlərin həllini təmin edən dövlət topoqrafik xəritələrin, habelə qrafiki, rəqəmi, fotoqrafik və başqa formalı planların yaradılması, yeniləşdirilməsi, nəşri və geodeziya, qravimetriya, topoqrafiya və kartoqrafiya işlərinin həyata keçirilməsində, materialların istifadəsində dövlətin müdafiəsini və təhlükəsizliyini təmin etmək, vahid dövlət koordinat, yüksəklik, qravimetrik ölçmə sistemlərinin, topoqrafik xəritə və planların miqyas sıralarını təyin etmək və geodeziya, topoqrafiya və kartoqrafiya materiallarının və məlumatlarının metroloji təminatını həyata keçirmək kimi bir-birindən vacib və mühüm məsələlər aid idi. Lakin çoxları yaxşı xatırlayır ki, Qərib Məmmədov rəhbərlik etdiyi Komitənin strukturuna aid bir sıra xidmət idarələrinin rəhbərləri ilə də yola getmirdi. Bəzi xidmət idarələrində isə azərbaycanlı mütəxəssislərin olmaması vəziyyətin nəzarətdən çıxmasına səbəb olurdu. Başqa sözlə desək, ölkəmizin milli maraqlarını gözləyən yoxuydu. Bu amilləri əsas gətirən mənbəmiz qeyd edir ki, bu vəziyyət nəticədə bir sıra mühüm məlumatların xaricə sızmasına yol açırdı. Komitə sədrinin başı oturduğu kabinetlə üzbəüz saunada vaxtını qızıl kimi xərcləməyə qarışmışdı. Maraqlıdır ki, bu rəzalət Qərib Məmmədovun Komitəsi ləğv edilənədək davam etdi. Lakin ən böyük rəzalət torpaq sahələrinin özəlləşdirilməsində üzə çıxırdı. Vay o gündən ki, hansısa bir vətəndaşın torpaq sahəsini sənədləşdirmək üçün işi Qərib Məmmədovun Komitəsinə düşəydi. İşin aşırılmasının hesabı elə sənədlərə ilkin baxışdan sonra ortaya qoyulurdu. Hər sot torpağın qeyri-rəsmi "qiymətini" müəyyən etmişdilər. Necə deyərlər, burda "pulun varsa, giriş-yoxdursa, sürüş" prinsipi ilə işləyirdilər. Komitədə hökm sürən mərtəbəli rüşvət mexanizmi torpağın özəlləşdirilməsində əsas rol oynayan cürbəcür bürokratik əngəllərlə müşayiət olunurdu. Dövlət başçısının bütöv bir dövlət Komitəsini az qala özününküləşdirmiş Qərib Məmmədovun əməllərinə sədd çəkən Fərman imzalaması belə bürokratiya və süründürməçiliyin üzərindən də qırmızı xətt çəkdi. Cənab prezident müvafiq strukturların rəhbərlərinin qarşısına mülkiyyət hüquqlarının tənzimlənməsində vahid idarəçiliyi təmin etmək kimi mühüm bir vəzifə qoyub. Bu vəzifənin layiqincə yerinə yetirilməsi həm də dövlətimizin nüfuz məsələsidir. Baxın, ölkədə yüz minlərlə vətəndaşın sahib olduğu torpağa mülkiyyət hüququ hələ də tanınmayıb. Bu işə neqativ təsir edən əsas süni maneələrin aradan götürülməsi olduqca vacibdir. İnanırıq ki, ölkə başçısının növbəti addımları neçə-neçə vətəndaşımızı sevindirəcək, xalqın hakimiyyətə olan inamını daha da möhkəmləndirəcəkdir. Özgəsinin hüququnu mənimsəmiş Qərib Məmmədov isə hələ ki, Qanun qarşısında cavab verməlidir. Düşünürük ki, onun qanusuz topladığı sərvətin hesabı aparılacaq və araşdırılıb dövlətə qaytarılacaq. Qoy, başqalarının çəkdiyi cəhənnəm əzabı üzərində özünə cənnət qurmuş bütün məmurlara görk olsun.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net